Müstəqillik tariximizdə ölkənin gələcəyinə yönəlmiş inkişaf strategiyası Azərbaycanın dünya miqyasında tanınmasına, onun nüfuzunun artmasına gətirib çıxardı. Ölkəmizin siyasi, iqtisadi, mədəni və s. sahələrində olduğu kimi, idmanın inkişafı ilə də bağlı ardıcıl, məntiqli, qərar və tədbirlər həyata keçirildi. Son illərdə ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarına, birinci Avropa Oyunlarına, "Formula - 1" və digər yarışlara ev sahibliyi etməsi müstəqil Azərbaycanın idman tarixinə qələbə kimi daxil oldu. Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı. Azərbaycan tarixi qələbə qazandı və idmançılarımız 21-i qızıl olmaqla 56 medala sahib oldu, ölkəmizin gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələn qonaqlar, iştirakçı dövlətlər gözləri ilə gördülər ki, Azərbaycan müasir və dinamik inkişaf edən demokratik ölkədir: "Azərbaycan multikulturalizmin mərkəzidir. Son illər ərzində Azərbaycanda quruculuq-abadlıq işləri o qədər sürətlə gedir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Gördülər ki, Azərbaycan gəncləri və bu oyunlarda fəal iştirak etmiş könüllülər öz Vətənini sevirlər, öz Vətəni ilə fəxr edirlər".
Təhlükəsizlik tədbirlərin görülməsi, qonaqların yüksək səviyyədə rahatlığının təmini, viza rejimi və s. məsələlərə xüsusi diqqət ayrıldığından qonaqların təəssüratları da yaddaqalan oldu. Sabitlik, əmin-amianlıq, dostluq və qardaşlıq şəraitində baş tutdu bu oyunlar. "Mən son illər ərzində bir çox Yay Olimpiya Oyunlarının açılışlarında iştirak etmişəm və özüm görmüşəm ki, bəzi hallarda küçələrdə əlisilahlı insanlar, hətta müasir xüsusi qurğular yerləşdirilir" -deyən Azərbaycan Prezidenti çıxışlarının birində belə vurğulamışdır: "Bəzi hallarda binaların damında hava hücumuna qarşı qurğular yerləşdirilir. Bakıda isə bir dənə də olsun əlisilahlı insana rast gəlmək mümkün deyildi. Yəni budur bizim yanaşmamız".
"ŞAHMAT ÜZRƏ DÜNYA VƏ AVROPA MİQYASLI YÜKSƏK STATUSA MALİK YARIŞLARIN ÖLKƏMİZİN PAYTAXTI İLƏ YANAŞI BÖLGƏLƏRİNDƏ DƏ BAŞ TUTMASI AZƏRBAYCANIN DÜNYANIN ŞAHMAT MƏRKƏZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLMƏSİ YOLUNDA ATILMIŞ MÜHÜM ADDIMDIR"
Belə bir imici ilə dünyaya qapı açan ölkəmizdə dünən isə yeni bir yarışa - 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verildi. Azərbaycan bu mötəbər şahmat yarışlarına böyük ruh yüksəkliyi ilə ev sahibliyi edir. Belə yarışın ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan Prezidenti İlham Əliyevi vurğuladığı kimi, şahmat üzrə dünya və Avropa miqyaslı yüksək statusa malik yarışların ölkəmizin paytaxtı ilə yanaşı, bölgələrində də baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılmış mühüm addımdır: "Azərbaycanın bütün bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması ölkəmizdə şahmata göstərilən xüsusi diqqətin təzahürüdür. Həmin amillər dövlət müstəqilliyinin bərpasından sonra bizim şahmat məktəbimizin inkişafına xidmət edərək, bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmişdir... Şahmat Olimpiadası da ölkəmizdə bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcəkdir".
176 ölkənin iştirak etdiyi Olimpiyada da 181 kişi və 142 qadın komandası mübarizə aparacaq ki, bu da iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Heç şübhəsiz ki, on üç gün davam edəcək, Olimpiada bir çox beynəlxalq yarışlar kimi, Azərbaycanda keçirilən ən kütləvi yarış olaraq tarixə düşəcək.
İSLAM HƏMRƏYLİYİ OYUNLARI ÖNƏMLİ BEYNƏLXALQ YARIŞLARDAN BİRİ KİMİ TARİXƏ DÜŞƏCƏK
Zamanın axarında Azərbaycan daha bir beynəlxalq tədbirə 12 may 2017-ci il tarixində elit bir idman yarışına ev sahibliyi edəcək. Bu, IV İslam Həmrəyliyi Oyunlarıdır. 21 idman növü üzrə 57 ölkənin 6000-ə yaxın idmançısının mübarizə aparacağı oyunların başlanmasına artıq on ay qalır. Məlumdur ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilmişdir. Səsvermədə 57 üzv ölkənin nümayəndələri iştirak etmiş və qərar yekdilliklə qəbul edilmişdir. IV İslam Həmrəyliyi Oyunlarının proqramına 20 idman növü, o cümlədən, Azərbaycanın milli idman növü olan zorxana əlavə olunub. Bakıda keçiriləcək İslam Oyunları bütün dünyada müsəlmanlar arasında birlik və həmrəyliyin möhkənlənməsinə kömək edəcək. Azərbaycan bu oyunların keçirilməsinə tam hazırdır və oyunların yüksək səviyyədə keçirilməsinə heç bir şübhə yoxdur. Bunun bir sıra səbəbləri var. İlk olaraq, vurğulayaq ki, bu gün ölkəmizdə yarışların keçirilməsi üçün müasir dünya standartlarına cavab verən idman obyektləri mövcuddur. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi kimi idman obyektlərindən istifadə olunacaq. IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri Olimpiya Stadionunda keçiriləcəkdir.
Azərbaycanın İlk Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə əldə etməsi bu oyunlarında böyük əks-səda doğuracağına inam yaradıb. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təyin edilməsi bu qardaşlıq və birlik dəyərlərinə xidmət edəcək oyunların Azərbaycan idman tarixində xüsusi yer alacağına inamı daha da artırır. Həm "Eurovision" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinə, həm də birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyevanın rəhbərlik etməsi bunu söyləməyə əsas verir. Həm dünya, həm islam aləmi üçün çox önəmli idman yarışması olan IV İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçiriməsinin islam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirən ölkə başçısı bu oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün qüvvələrin səfərbər olunacağını bildirib: "Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır və biz bütün qonaqları qəbul etməyə hazırıq, buna qadirik".
İslam Həmrəyliyi Oyunları önəmli beynəlxalq yarışlardan biri kimi tarixə düşəcək. Bütün dünyanın gözü yenidən Azərbaycanda olacaq. Böyük mədəniyyət bayramına çevriləcək idman yarışı ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Hazırlıq mərhələsindəki təqdimatlar və oyunların yayımı ölkəmizin dünyaya tanıtdırılması, Bakının gözəlliyinin nümayişi, tarixi və mədəni irsimizin təbliği üçün geniş imkanlar yaradır.
Nəzakət ƏLƏDDİNQIZI