Dünən Qazax rayon Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə dəyirmi masa keçirilib. Giriş sözü ilə çıxış edən Qazax rayon gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev konfransın əhəmiyyətindən və məqsədindən danışaraq bildirib ki, milli-mənəvi dəyərlərin təbliğ edilməsi, eyni zamanda, dini-maarifçilik işinin aparılması məqsədilə bu cür tədbirlərin keçirilməsi vacibdir. O, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində rayon ərazisində həyata keçirilən silsilə tədbirlərdən danışıb.
Qazax rayon icra hakimiyyətinin nümayəndəsi Kəmalə Cəfərova dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. O, qeyd edib ki, adıçəkilən tədbirlərdə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş dini radikalizmin və ekstremizmin fəsadlarından bəhs edən "Fitnə" sənədli filmi Qazax rayon ictimaiyyəti, o cümlədən gənclər arasında, təhsil müəssisələrində, rayonda fəaliyyət göstərən kollec və liseylərdə, səhiyyə ocaqlarında nümayiş etdirilib və bu film rayonda geniş əks-səda doğurub.
Dövlət-din münasibətlərindən, bu sahəni tənzimləyən qanunvericilik bazasından danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Dövlət Komitəsinin dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edib. O, vurğulayıb ki, dini radikalizmlə mübarizə, əsasən, 3 istiqamətdə aparılır. Bu istiqamətlər dini-maarifçilik işi, iqtisadi müstəvidə radikal dini cərəyanların maliyyə qaynaqlarının ləğv edilməsi, eyni zamanda, inzibati tədbirlərdir. DQİDK sədrinin müavini onu da qeyd edib ki, Dövlət Komitəsi dini- maarifçilik istiqamətində bütün qurumlarla, o cümlədən, gənclər təşkilatları ilə yaxından əməkdaşlıq edir. Dini-maarifçilik işinin həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği sahəsində aidiyyəti qurumlarla, həmçinin, Gənclər və İdman Nazirliyi ilə birgə Tədbirlər Planının imzalandığını deyən Gündüz İsmayılov adıçəkilən plan çərçivəsində, mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Ü.ƏSGƏROV