Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının qərargahında Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun İsmayıllı rayon şöbəsinin növbəti yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun fəaliyyət proqramında nəzərdə tutulan tədbirlərin icrası və qarşıda duran vəzifələr barədə məlumat verib: "Referendumla bağlı rayon təşkilatı aparatında 15 nəfərdən ibarət qərargah yaradılıb. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb. Seçicilərlə fərdi iş aparan partiya fəalları, seçkiqabağı təşviqat kampaniyasında iştirak edən təbliğatçılarla görüş keçirilib və onların konkret vəzifələri müəyyənləşdirilib. Dairə-Seçki Komissiyasında və məntəqə-seçki komissiyalıarında müşahidəçilik funksiyalarını yerinə yetirən partiya üzvlərinin siyahısı və lazımi sənədlər hazırlanaraq, müvafiq seçki dairəsinə təqdim edilib."
Rayon təşkilatının sədri bildirib ki, təbliğat materiallarının seçki məntəqələrinin ərazisindəki təşviqat lövhələrində yerləşdirilməsi üçün gənclər birliyinin üzvlərindən ibarət mobil qrup yaradılıb.
Əzizə Vahabova yekunda ümumxalq səsverməsində rayon seçicilərinin yüksək əhval -ruhiyyədə və aktiv iştirakı ilə bağlı görüləcək işlərdən danışıb.
Tədbirdə daha sonra çıxış edən rayon qərargah üzvləri Xuraman Qurbanova, Şəhla Qafarova, İsrayıl İsmayılov, Məhəmməd Musayev, Elxan Əliyev, Aydın Əzizov və başqaları görülən işləri qeyd etməklə yanaşı, rayonda referendumun uğurla keçəcəyinə ümidvar olduqlarını bildirdilər.
ZÜMRÜD