Sentyabrın 26-da keçiriləcək referenduma hazırlıqla bağlı təbliğat- təşviqat kampaniyasına start verilib. Azərbaycan mətbuatı bu referendumu necə işıqlandırmağı planlaşdırır? Bu sualla qəzet baş redaktorlarına müracət etdikdə, bildirildi ki, media da öz üzərinə düşən vəzifləri müəyyələşdirir və ona uyğun tərzdə də bu kampaniyanın iştirakçısı olacaq.
"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas:
- Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referendumla bağlı təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Biz mətbu orqan olaraq, referendumla bağlı əhali arasında müəyyən sorğular aparırıq və həmin şəxslərin fikirlərini də mətbuatda dərc edirik. Bir sözlə, referendumun mahiyyətini kütlələrə və seçicilərə çatdırmaq istiqamətində işlər görürük. Referendum üzrə təşviqat qruplarının fəaliyyətini işıqlandırmaqla yanaşı, cəmiyyətin və ictimaiyyətin fikirlərini də geniş şəkildə dərc etmək, o cümlədən də seçicilər arasında maarifləndirmə işini gücləndirmək istiqamətində iş planlaşdırmışıq. Bu planlarmızı həyata keçirməklə, referendum mahiyyətinin yüksək səviyyədə insanlara çatdırılması və seçicilərin kütləvi səsverməyə gəlmələrinin təmin edilməsi məsələsi mətbuatın qarşısında duran əsas vəzifələrdəndir.
"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz:
- Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - referendumla bağlı təbliğat-təşviqat kampaniyasına start verilib. Biz də mətbuat nümayəndəsi olaraq, bunu işıqlandırırıq. Yəni Azərbaycanda tanınmış ictimai- siyasi xadimlərin, ictimai fəalların fikirlərinə qəzetmizdə yer veririk və onlar da öz fikirlərini cəmiyyətə çatdırırlar. Referenduma bir gün qalmışa qədər konstutsiyaya əlavə və dəyişikliklərlə bağlı təşviqat quruplarının tədbirlərini və insanların bu istiqamətdə fikirlərini davam etdirəcəyik. Çünki cəmiyyətin bugünkü gündəmi budur. Bir sözlə, Azərbaycan mətbuatı referendumun mahiyyəti, əlavə və dəyişikliklərlə bağlı müddəaları cəmiyyətə təqdim etmək və bununla bağlı təbliğat-təşviqat kampaniyasını aparmaq imkanlarına malikdir.
GÜLYANƏ