Sabunçu rayonunda "Dini ekstremizmə qarşı mübarizə" mövzusunda seminar-müşavirə keçirilib
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabunçu rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini ekstremizmə qarşı mübarizə" mövzusunda seminar-müşavirə keçirilib. DQİDK-dən "SƏS"ə verilən xəbərə görə, müşavirə iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər.
Müşavirədən öncə DQİDK-nin sifarişi ilə hazırlanan Fitnə" sənədli filmi nümayiş olunub.
Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəalların iştirak etdikləri tədbiri giriş sözü ilə açan Sabunçu rayon icra hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov dini radikalizm və ekstremizmlə mübarizənin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə həyata keçirilmiş tədbirlərin zəruri olduğundan söz açıb.
Daha sonra çıxış edən DQİDK -nin sədr müavini Səyavuş Heydərov dünyada, xüsusilə, Yaxın Şərqdə dini radikalizm və ekstremizmin silahlı münaqişələrə səbəb olması və meydana gətirdiyi fəsadlar haqqında danışıb. Bildirilib ki, dinin siyasiləşdirildiyi və ya geosiyasi maraqlara alət olduğu ölkələr böyük fəlakətlərlə üzləşməkdədir. S.Heydərov çıxışında Azərbaycandakı multikultural və tolerant dəyərlərin bəşəriyyətə örnək olduğunu qeyd edib və dünyaya ixracının zəruri olduğunu vurğulayıb.
Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev öz çıxışında dini radikalizm və onun fəsadları, eləcə də, hüquqi müstəvidə aparılan mübarizə metodları haqqında geniş məlumat verib. O, cəmiyyətimizin dini radikalizmlə mübarizədə aktiv fəaliyyətinin vacibliyini vurğulayaraq, milli-mənəvi dəyərlərimizə yad olan radikal təsirlərdən qorunmaq üçün hüquqi proseslərlə yanaşı, dini- maarifçilik işinin genişləndirilməsinin də zəruri olduğunu qeyd edib.
Daha sonra çıxış edən DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Əziz Baqişev təmsil etdiyi qurumun dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb.
Çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu və Pirallahı rayonları üzrə qazısı Musa Qasımov dövlət rəhbərliyinə dindarlara göstərdiyi qayğı üçün təşəkkürünü bildirib. O, dindarların dövlət-din münasibətlərinin tənzimlənməsinə töhfə verdiklərini vurğulayaraq, ölkəmizin uğurlu gələcəyinin ancaq birlik və bərabərlik nəticəsində təmin olunacağını söyləyib.
Tədbirin yekununda Musa Qasımova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış Sabunçu rayonu, Nardaran qəsəbəsi, "Rəhimə xanım ziyarətgahı" dini icmasının şəhadətnaməsi təqdim olunub.
Rövşən NURƏDDİNOĞLU