PDF Oxu

Sosial

  • 264

"Yeni Azərbaycan" Təşviqat Qrupu bölgələrdə görüşlər keçirir

"Yeni Azərbaycan" Təşviqat Qrupu bölgələrdə görüşlər keçirir

Dünən Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş Referendum üzrə "Yeni Azərbaycan" və "Bələdiyyə" Təşviqat Qruplarının Qubanın Rustov kənd Mədəniyyət Evində seçicilərlə görüşü keçirildi. Görüşdə Rustov, Təngəaltı, Çiçi, Səbətlər yaşayış məntəqələri üzrə 450 nəfər seçici iştirak edirdi.

Görüşdə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək, bildirdi ki, hazırkı dünya siyasətində baş verən hadisələr fonunda Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ölkəmizdə əmin-amanlığının və sabitliyinin daha da möhkəmlənməsinə, Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, idarəçilik baxımından daha çevik qərarların qəbul olunmasına təkan verəcək mühüm bir sənəddir: "Bütövlükdə, dəyişikliklər Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkənin sosial-iqtisadi, hüquqi islahatlar nəticəsində nail olduğu uğurların möhkəmləndirilməsi, hüquq normalarının, bilavasitə Əsas Qanunda təsbit edilməklə onlara əməl olunmasının hüquqi əsaslarının gücləndirilməsi məqsədini güdür. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib, Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunub. Stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsi və onun müdaxilələrdən qorunması əsas vəzifə kimi qarşıya qoyulub".

B.Quliyev görüşdə iştirak edən seçiciləri referendumda fəallıq göstərməyə çağırdı.

Görüşdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov Prezident İlham Əliyevin 2016-cı il 26 iyul tarixli 2241 nomrəli Sərəncamı ilə Referendum Aktının lahiyəsinin ümumxalq səsverməsinə (referenduma) çıxarıldığını qeyd etdi: "Bu 1995 -ci il noyabrın 12-də qəbul olunan konstitusiyamıza edilən 3-cü dəyişiklikdir. Konstitusiyamıza əvvəlki dəyişikliklər 2002-ci ilin 24 avqustunda və 2009-cu ilin 18 martında edilib. Ölkənin konstitusiyası və ona dəyişikliklər, adətən, həmin dövrdə ölkənin ictimai-siyasi, sosial, iqtisadi və böyük əhəmiyyət kəsb edən digər reallıqlarını və gələcək inkişafı ilə bağlı amillər nəzərə alınmaqla qəbul edilir. Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanaqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunub, stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsi və onun qanunsuz mudaxilələrdən qorunması əsas vəzifə kimi qarşıya qoyulub".

Rayon təşkilatının sədri seçiçicilərə Referendum Aktı lahiyəsində edilmiş dəyişiklikləri dolğun izah edərək onları haqqa və tərəqqiyə səs verməyə çağırdı.

Görüşdə çıxış edən Azərbaycan Pedaqoji Universitetinin Quba filialının rektoru Əli Allahverdiyev referenduma çıxarılan dəyişikliklərlə bağlı seçicilərə ətraflı məlumat verdi. Qeyd etdi ki, əvvəlki seçkilərdə olduğu kimi, bu ümumxalq səsverməsində (referendumda) də qubalılar fəallıq göstərərək, konstitusiyamıza edilən dəyişikliklərə " HƏ"deyəcəklər.

NƏZAKƏT

Digər xəbərlər