Dünən "Yeni Azərbaycan" və "Bələdiyyələr" Təşəbbüs Qruplarının birlikdə Balakən rayonunda təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşü keçirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının və Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Balakən rayon şöbəsinin sədri Azad Balayev keçiriləcək referendumla bağlı rayon fəal təbliğat işlərinin qurulduğunu bildirib. "Yeni Azərbaycan" Təşviqat Qrupunun "HƏMRƏY OLAQ, HƏ DEYƏK!" devizi ilə təbliğat kampaniyasına start verdiyini bildirən A.Balayev referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan müddəaların ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını deyib. Qeyd olunub ki, "hər bir Referendum Aktı cəmiyyətin siyasi-iqtisadi barometridir: "Referendum keçirilirsə, deməli, buna ehtiyac var, ehtiyac varsa, inkişaf var. Biz hüquqi dövlət quruculuğu çərçivəsində bu səsvermədə daha fəal olmalıyıq".
Tədbirdə "Bələdiyyələr" Təşviqat Qrupunun Balakən rayonu üzrə qərargahının sədri Əfqan Səfərov çıxış etmişdir. Qeyd olunmuşdur ki, həyatı ehtiyacdan irəli gələn Refernedum Aktındakı dəyişikliklər bu dəfə bələdiyyə qurumlarına da şamil edilərək, Konstitusiya Aktına yeni maddə əlavə edilmişdir.
Görüşdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Rəşid Musayev yığıncaq iştirakçılarını 26 sentyabrda seçki məntəqələrinə gələrək, Referendum Aktına səs verməyə çağırdı.
Balakən şəhər Texniki Humanitar Təmayüllü Liseyin müəllimi Əyyub Abdullayev çıxış edərək, Konstitusiya Aktına edilən dəyişikliyin yetişməkdə olan gənc nəslin həyatına uğurlar gətirəcəyini, müstəqil Azərbaycanın inkişaf strategiyasında mühüm rol oynayacağını qeyd etdi.
YAP fəalları Mehparə Abdullayeva, Mehriban Kazımova çıxış edərək, Konstitusiya Aktında dəyişikliyin dövlət-idarəetmə orqanlarına müsbət təsirindən və yeni yaradılacaq institutların ölkənin idarə olunmasında önəmli rol oynayacağından danışdılar.
Günün ikinci yarısında "Yeni Azərbaycan" Təşəbbüs Qrupunun Balakən rayon qəraragahında rayon üzrə ilk dəfə səs verəcək 612 gəncin nümayəndələrinin toplantısı keçirildi. Toplantıda çıxış edən YAP Gənclər Birliyinin sədri Sarxan Hacıyev Konstitusiya Aktına ediləcək dəyişikliyin ilk dəfə səs verəcək gənclərin şahidçiliyi ilə həyata keçirəcəyini bildirdi. Gənc nəsil özləri üçün müstəqil Azərbaycanın beynəlxalq aləmdə inkişafına istiqamətləndirici sənədinin qəbulu üçün fəxr duyduqlarını söylədilər.
Hər iki tədbirin sonunda Balakəndən millət vəkili seçilmiş Nəsib Məhəməliyev balakənliləri 26 sentyabrda "Həmrəy olaq, HƏ deyək!" devizinə dəstək olmağa səslədi.
OĞUZ
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Oğuz rayonunda seçicilərlə görüş keçirib
Oğuz rayonunda Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Qumlaq kənd seçiciləri ilə görüş keçirib. "Həmrəy olaq, HƏ deyək!" devizi ilə keçirilən tədbiri açıq elan edən Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında keçiriləcək referendum haqqında məlumat verərək, ümumxalq səsverməsinə çıxarılacaq konstitusiyamıza əlavə və dəyişikliklər barədə fikirlərini bildirib.
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin "Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi"nin sədri Aqiyə Naxçıvanlı çıxış edərək, konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi olduğunu qeyd edib. O, təklif edilən dəyişikliklər haqqında ətraflı məlumat verərək, bu dəyişikliklərin dövlətçiliyimizə böyük töhfələr vərəcəyini bildirib və Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsinin vacib olduğunu vurğulayıb.
"Yeni Azərbacan" Təşviqat Qrupunun Oğuz rayon şöbəsi üzrə qərargah üzvü Seyidməmməd Quliyev çıxış edərək, ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan möhtəşəm uğurlardan, demokratik dövlət quruçuluğu prosesindəki geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı və gündən-günə çiçəklənməsindən bəhs edib və konstitusiyaya əlavə və dəyişikliklərin günün tələbi olduğunu bildirib.
Sonda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə əlaqədar seçkilərdə fəal olmağa və seçki günü hər kəsi öz seçki hüququndan istifadə edərək, Azərbaycanın inkişafı naminə səs verməyə çağırıb.
ŞƏKİ
Dünən "Yeni Azərbaycan" Təşviqat Qrupunun Şəki rayon şöbəsi sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar tədbirlər planı çərçivəsində "Şəki tütün ASC"-yə məxsus inzibati binanın akt zalında görüşü keçirilib.
250 seçicinin iştirak etdiyi yığıncağı giriş sözü ilə YAP Şəki təşkilatının sədri Həsən Həsənov açaraq konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər barədə görüş iştirakçılarına məlumat verib. N.Həsənov bildirib ki, ölkəmizdə keçiriləcək referendum zamanın tələbi olmaqla yanaşı, əhalinin rifah halının yüksəldilməsinə yönəldilmiş mütərəqqi addımdır: "Məhz bu baxımdan da, konstitusiyada müəyyən dəyişikliyin edilməsinə ehtiyac duyulurdu. İnanıram ki, xalqımız bu dəyişikliklərə mütəşəkkilliklə "HƏ" deyəcək".
Təşviqat Qrupu üzvülərindən AMİ-nin Şəki filialının müəllimləri Sədrəddin Babayev, Nuralı Çələbiyev, Şəki şəhər Veteranlar Şurasının sədri Mustafa Əhmədov və digər çıxış edənlər də diqqətə çatdırıblar ki, Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər ölkəmizin inkişafının sürətləndirilməsinə xidmət edir.
NƏRİMANOV
"Yeni Azərbaycan" Təşviqat Qrupunun Nərimanov rayon şöbəsi seçicilərlə görüş keçirib
Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Nərimanov rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Referendum Aktı haqqında məlumat verib. T.Tağıyev bildirib ki, Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Nərimanov rayon şöbəsi ümumxalq səsverməsi ilə əlaqədar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. T.Tağıyev bu məsələ ilə əlaqədar təşkilatın fəallarının əhali ilə aktiv iş apardığını, rayon sakinlərinə təşviqat materallarının paylanıldığını diqqətə çatdırıb. Onun fikrincə, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcək.
Çıxış edən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ilk milli konstitusiyanın qəbul olunduğu 1995-ci ildən 2016-cı ilə qədər keçən dövrdə Azərbaycan bütün sahələrdə- siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə inkişaf edib. İnkişafın özü ilə yeni şərtlər diqtə etdiyini deyən H.Babaoğlunun sözlərinə görə, bu inkişafla ayaqlaşmaq üçün, ölkənin daha optimal və effektli idarəetməsinin təmin olunması üçün, hüquqi sistemin keyfiyyətinin yeni mərhələyə daşınmasını təmin etmək üçün bu dəyişikliklərə ehtiyac yaranır: "Dünyada hər bir ölkənin və beynəlxalq təşkilatların hədəfləri var. Bu baxımdan, Azərbaycan öz milli məqsədlərinə çatmaq üçün fəaliyyət göstərir. Məhz bu milli hədəflərə çatmaq üçün konstitusiyaya bu dəyişikliklər təklif olunur".
Səlahiyyətli nümayəndə qeyd edib ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq.
Millət vəkili H.Babaoğlu diqqətə çatdırıb ki, Azərbaycan prezidentli respublikadır, Prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə ölkə Prezidenti 7 il müddətinə seçilir və ali- icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentləri təyin etmək hüququ var: "Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Ona görə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Beləliklə, Azərbaycanda yeni effektiv, optimal-idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq".
Görüşdə Nərimanov rayonu Ağsaqqallar Şurasının sədri Miri Həsənov çıxış edərək, konstitusiya islahatlarının ölkəmizin milli maraqlarına xidmət etdiyini bildirib. O, Nərimanov seçicilərini fəal olmağa və sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırıb.
YAP fəalı Əli Məmmədov da çıxış edərək bildirib ki, biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır.
Tədbirdə çıxış edən seçicilər Konstitusiya İslahatlarını dəstəklədiklərini və Referendum Aktına səs verəcəklərini vurğulayıblar.
R.HÜSEYNOVA,
R.NURƏDDİNOĞLU