"Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvləri ilk dəfə səs verəcək seçicilərlə görüş keçiriblər
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı ilk dəfə səs verəcək seçici gənclərlə görüşü keçirilib.
"Həmrəy olaq, hƏ deyək!" devizi ilə keçirilən görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlardan, demokratik dövlət quruculuğu prosesində geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, regionların inkişafı fonunda rayonun yeni mərhələdəki intibahından, gündən-günə çiçəklənməsindən və gözəlləşməsindən bəhs edib: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən möhtərəm Prezidentimizin yorulmaz fəaliyyətinin əsas meyarı Azərbaycan vətəndaşlarının maraqları, mənafeyi, ölkəmizin dünya miqyasında qüdrətlənməsi və sürətli tərəqqisidir".
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı seçicilərə geniş məlumat verən S.Əliyev bildirib ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcək. Çünki bu, ölkəmizə yeni inkişaf tendensiyası gətirəcək.
Yığıncaqda çıxış edən Milli Məclisin deputatı Nəriman Əliyev Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışıb: "Hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi-referendum keçiriləcək. İnanıram ki, Masallı gəncləriz gələcəkdə Azərbaycanda daha optimal idarəetmənin, həmçinin, insan hüquq və azadlıqlarının daha effektiv təminatını görmək üçün 26 sentyabrda keçiriləcək səsvermədə daha fəal olacaq, "Həmrəy olaq, HƏ deyək!" devizinə dəstək olacaqlar".
Görüşdə gənc YAP üzvü Sahib Əmirəliyev, ilk dəfə səs verəcək seçicilərdən Rəqsanə Ağayeva və başqaları çıxış edərək, bildirdilər ki, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında Referendum Aktı layihəsinə bir gənc olaraq "HƏ" deyəcəklər.
R.HÜSEYNOVA