PDF Oxu

Sosial

  • 91

Ermənistan siyasi və iqtisadi uçuruma doğru

Ermənistan siyasi və iqtisadi uçuruma doğru

İşğalçı ölkə cari ili də sosial partlayış və uğursuz dövlət siyasəti ilə başa vuracaq

Müasir dövlətin və cəmiyyətin simasını göstərən ən əsas məsələ ölkəyə rəhbərlik edən şəxsin gördüyü iş və xalqına, vətəninə məhəbbətidir. Eyni zamanda, o ölkə inkişaf yolunda olur ki, onun iqtisadiyyatı güclü olur. Artıq 8 ildir ki, işğalçı ölkəyə rəhbərlik edən qaniçən və cinayətkar Serj Sarkisyandır. Ölkədə hökm sürən ağır iqtisadi durum, nəticədə siyasi durumun da gərginləşməsinə səbə olub. İşğalçı ölkədə aparılan rəy sorğuları deyilənlərin sübutudur. "Aykakan Jamanak" qəzeti yazır ki, Ermənistanda sosial-iqtisadi vəziyyətin durmadan pisləşməsi fonunda ölkə hakimiyyətindən narazılıq daha böyük sürətlə artmaqdadır: "Aparılan son rəy sorğuları bir daha göstərir ki, əhalinin 78 faizi S.Sarkisyan iqtidarının hakimiyyətdən getməsini istəyir. Bunu şərtləndirən əsas səbəblər isə təkcə sosial-iqtisadi amillər yox, eyni zamanda, dekabrın 6-da referendumun keçirilməsi və siyasi repressiya dalğasının genişlənməsidir. Növbəti dəfə xalqın qanı bahasına prezidentlik müddətinin uzadılması ölkənin birdəfəlik yer üzündən seçilməsi deməkdir".

Lilit Qalstyan:" 2016-cı il üçün qəbul edilmiş dövlət büdcəsi dövlətin məhvinə yol açan büdcədir"

Ermənistan parlamentinin deputatu Lilit Qalstyan 2016-cı il üçün qəbul edilmiş dövlət büdcəsinin dövlətin məhvinə yol açan büdcə olduğunu bildrib: "Bütün bu problemlərin baş verməsinin səbəbkarı S.Sarkisyanın konstitusiyaya qarşı çıxmasıdır. Əvvəla, büdcənin doldurulmasının özü ciddi sual altındadır. Digər tərəfdən, büdcədən sosialyönümlü məqsədlər üçün istifadə edilmir. Çünki avtoritar rejim yalnız özünü düşünür. Bu səbəbdən, hesab edirəm ki, bizdə avtoritar rejim mövcud olduğu üçün Sarkisyana məxsus olan konstitusiyaya da ehtiyac yoxdur. Çünki ölkədə konstitusiyaya əməl olunmur, əgər belə olmasaydı, Serj öz hakimiyyətini düşünərək, konstitusiyaya dəyişikliklər etməzdi".

Ermənistan Dövlət Universitetinin İqtisadiyyatın nəzəriyyəsi kafedrasının rəhbəri Mikael Mikaelyana görə isə, Qərb sanksiyalarının Ermənistan iqtisadiyyatının çox asılı olduğu Rusiyaya qarşı sanksiyalarının nə qədər davam edəcəyi məlum deyil: "Bu il Ermənistan ixracatının həcmi kiçilib, vətəndaşların alıcılıq səviyyəsi aşağı düşüb. Rusiyadan köçürmələr əhəmiyytəli dərəcədə azalıb. Dövlət borcu artıb. İqtisadiyyat heç də yaxşı vəziyyətdə deyil".

Ermənistanın "Qraparak" qəzetinin yazdığına görə, "S.Sarkisyanın bandokratiyasının idarə etdiyi bu məmləkətdə yaşayanların səbr kasaları, hələlik, dibsiz təsir bağışlasa da, günlərin birində siyasi kolliziya və sosial partlayış qaçılmazdır. Onda yüz minlərlə erməni həyatlarını dəyişmək istəyərək qiyama, yaxud üsyana əl ataraq, Cənubi Qafqazda böyük təhlükə mənbəyinə çevrilmiş məkan yarada bilərlər yox, artıq bu proses baş verir. Ermənilər, hətta yeni il ərəfəsində belə, ölkəni tərk etmək barədə düşünməkdə davam edir. Artıq erməni diasporu da Ermənistana və Dağlıq Qarabağa yardım etməyi rədd edir. Nəticədə, xalq qaniçən Sarkisyanın idarə etdiyi ölkədə yaşamaqdan imtina edərək, ölkəni tərk etməyi daha düzgün yol seçir. Qarnı tox, gözü dolusu yaşamaq üçün..."

Levon Keşayan: "Ermənistan bu məhvdən xilas olmaq üçün Azərbaycanla münasibətləri qaydaya salmalı, işğal olunmuş torpaqları azad etməlidir"

Məlum olduğu kimi, cari ildə yaranmış problemlərdən olan erməni əhalisinin ölkəni tərk etməsi bu gün daha da artıb. Səbəb də bəllidir: sosial problemlər, daha dəqiq desək, qazın, işığını, suyun qiymətinin artmsa, işsizliyin sayının daha da çoxalması. Mavi yanacağın qiymətinin artırılması ilə bağlı əhali arasında keçirilən sorğuda iştirak edənlərin 68 faizi "Qazın qiyməti qalxarsa, nə edəcəksiniz" sualına "Ermənistandan gedəcəyik" cavabını verib.

Ermənistanın tanınmış yazıçısı Levon Keşayanın ölkədə yaranmış ağır ictimai-siyasi və sosial-iqtisadi vəziyyətə etiraz olaraq ona dövlət tərəfindən verilən mükafatı almaqdan imtina etməsi də bu fonda xüsusi diqqət cəlb edir. Parisdə erməni lobbisinin vəsaiti hesabına nəşr olunan gündəlik "Ermənistan xəbərləri" jurnalında yazıçının vətən qarşısındakı xidmətlərinə görə bir sıra həmkarları ilə yanaşı, ordenə layiq görüldüyü bildirilir. Qeyd olunur ki, L.Keşayan təqdimat mərasiminin keçirildiyi prezident sarayına gəlməməklə, tədbiri boykot edib. Yazıçı jurnalistlərə deyib ki, ölkə rəhbərliyinin apardığı səviyyəsiz siyasət nəticəsində əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşamasına, çoxlu sayda erməninin doğma vətənini tərk edərək, xarici ölkələrə üz tutmasına etiraz əlaməti olaraq, belə bir addım atıb: "Ermənistan bu məhvdən xilas olmaq üçün Azərbaycanla münasibətləri qaydaya salmalı, işğal olunmuş torpaqları tərk etməlidir".

L.Keşayan onu da deyib ki, məhz bunun nəticəsidir ki, Ermənistan dəfələrlə dünyanın ən zəif iqtisdiyyata sahib və korrupsiyalaşmış dövlətləri sırasına daxil edilib.

Cəmiyyətlə hakimiyyət arasında uçurum

Bütün baş verən son aksiyalar və köçetmələrin səbəbi əhalinin sosial və iqtisadi durumunun aşağı səviyyədə olmasıdır ki, bu da cmiyyətlə xalq arasında uçurum yaradır. Bu səbəbdən hakimiyyət rəhbərliyinin göstərişi ilə aksiyaların güc yolu ilə dağıdılması davam edir. Bütün ölkə boyu repressiv tədbirlər həyata keçirilir. Bu arada qeyd olunur ki, Ermənistanın müxalif "İrs" partiyasının sədr müavini, keçmiş deputat Armen Martirosyan kütləvi etirazlara çağırışlara görə həbs olunub. Siyasətçinin qardaşı Arşak Martirosyan bildirib ki, Armen hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma təcridxanasındadır. Erməni mətbuatının məlumatına görə, ölkə üzrə həbs edilənlərin sayı yüzlərlədir. Siyasi ekspertlərin sözlərinə görə, həbslər heç də ölkədə yaşanan vəziyyətin yaxşılığa doğru irəliləməsi deyil, əks-halda yeni yaranacaq xalq hərəkatının qarşısını belə ala bilməyəcək və hakimiyyətə qarşı çıxanların sayı artacaq.

Erməni politoloq Suren Zolyan etiraf edir ki, Ermənistanda situasiya kökündən dəyişib: "Əgər ötən günlərdə xalqla hakimiyyət arasında hansısa dialoq mümkündüsə, indi bu, əsla, baş tutan deyil". Onun sözlərinə görə, ölkədə hakimiyyət artıq dəyişib, çünki hakimiyyət polisə və qoşunlara əmr verməkdən ibarət deyil: "Yəni ölkədə hakimiyyət olması, əmrlərin yerinə yetirilməsi üçün cəmiyyət iqtidara inanmalıdır. İndi bu inam yoxdur. Ermənistan prezidenti S.Sarkisyan legitimliyini itirib. Onsuz da, onun belə legitimliyi də yox idi. İndi o, nə xarici siyasəti, nə daxili siyasəti müəyyənləşdirə bilir".

Beləliklə, proseslərin inkişaf istiqaməti, əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin sonuna kimi Ermənistan üçün kifayət qədər ağır olacağını, bu kontekstdə təkcə sosial-iqtisadi yox, digər mühüm sahələrdə də vəziyyətin daha da pisləşəcəyini göstərir. Sözügedən problemlərin həlli üçün Ermənistan nə maliyyə, nə digər iqtisadi resurslara, nə də xalqın etimadını qazanmış hökumətə malikdir. Əksinə, mövcud durum Ermənistanda xalq və hakimiyyət arasında yaranan uçurumun daha da dərinləşdiyini göstərir və bu da işğalçı ölkənin tənəzzülünü sürətləndirən əsas səbəblərdən biri sayılır.

A.SƏMƏDOVA

Digər xəbərlər