Dünən İsmayıllı rayonu Qalagah kəndində Referendum üzrə "Yeni Azərbaycan" və "Bələdiyyə" Təşviqat Qruplarının seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə Qalagah kənd bələdiyyəsinin sədri Valeh Məmmədov açaraq, qeyd edib ki, 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasının bəzi maddələrində dəyişikliklərin edilməsi zərurətdən irəli gəlir. Bu dəyişikliklərin çox böyük hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır.
Görüşdə Milli Məclisin deputatı Novruzəli Aslanov çıxış edərək, qeyd edib ki, müstəqillik illərindən başlayaraq, ölkəmizin ötən illər ərzində böyük inkişaf yolu keçməklə yanaşı, prezident, parlament, bələdiyyə seçkiləri, eləcə də, referendumların təşkili və keçirilməsi sahəsində zəngin təcrübə qazanıb. O, bütün demokratik ölkələrdə konstitusiyanın, zamanın tələbinə uyğun dəyişikliklərə məruz qaldığını bildirərək, dövlət başçısının Sərəncamı ilə növbəti dəfə ölkəmizdə 26 sentyabr 2016-cı il tarixində ümumxalq səsverməsi - referendumun təyin edildiyini qeyd edib və təklif edilən dəyişikliklərin məzmununa və mahiyyətinə nəzər salıb.
YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin günün reallığı və tələblərindən, ölkənin inkişafından, respublikanın gücünün, qüdrətinin artmasından, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən əsas amillərdən irəli gəldiyini qeyd edib: "Burada cəmiyyətdən gələn sosial sifarişlər də mühüm rola malikdir. Azərbaycanda 2009-cu ildə keçirilmiş referendumdan sonrakı 7 il ərzində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən əsaslı dəyişikliklər, regionda və dünyada cərəyan edən proseslər, yeni qlobal çağırışlar, dövrün reallıqları konstitusiyamızın bu tələblərə uyğunlaşdırılmasını da zəruri edir. Referendum Aktı çərçivəsində təklif edilən dəyişiklikləri də, ilk növbədə, ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar".
Görüşdə YAP üzvü Ərəstun Cavadov, İsmayıllı şəhər bələdiyyəsinin sədri Pərviz Ağayev, təşviqat qrupunun üzvləri Ziyəddin Qasımov, Sabir Məhərrəmov, Baba Babayev, İldırım Məsimov və başqaları çıxış edərək, bütün seçicilərin yüksək səviyyədə həmrəylik nümayiş etdirərək, 26 sentyabr 2016-cı il tarixində seçki məntəqələrinə gələrək, konstitusiyamızda edilən əlavə və dəyişikliklərə öz müsbət münasibətlərini bildirərək, "HƏ" deyəcəklərini bildiriblər.
Zümrüd BAYRAMOVA