Ölkə başçısının Sərəncamı ilə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümü qeyd olunacaq
Azərbaycanın beynəlxalq təşkilatlarla iqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlıq əlaqələri və dostluq münasibətlərinin inkişafı ölkəmiz haqqında təsəvvürləri daha da genişləndirib. Bu əlaqələrin nəticəsidir ki, bu gün ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi edir və dünyanın Azərbaycana olan maraq dairəsi daha da artır. Ölkəmizə əməkdaşlıq əlaqələri qurmaq, yaxud da müxtəlif məqsədlərlə sərəf edənlər Azərbaycanın bugünkü inkişafı ilə tanış olur, mövcud olan multikulturalizm, tolerantlıq kimi dəyərlər bütün dünyaya təqdim olunur. Bu gün Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması ölkənin multikultural dəyərlərə verdiyi önəmin daha bir təzahürüdür. Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan həm ölkədə, həm də bütün dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq yaratmağı davam etdirməyi qarşıya məqsəd qoyub. Ölkəmizdəki multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Müxtəlif dinləri və mədəniyyətləri təmsil edən bir çox xalqların dostluq və qardaşlıq şəraitində Azərbaycanda yanaşı yaşaması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Tolerantlığı və multikulturalizmi ilə dünya üçün ən gözəl nümunəyə çevrilən Azərbaycanda müxtəlif dini qurum, birlik və icmaların fəaliyyətdə olması tarixən mövcud olan dini və milli tolerantlığın nümunəsi kimi təqdim olunan qədim ibadət ocaqlarının qorunub- saxlanması ölkəmizdə hökm sürən bu mühiti əsaslandıran amillərdəndir. Bu ölkədə hər kəs mənsubiyyətindən, irqindən asılı olmayaraq azad nəfəs alır, sərbət fəaliyyət göstərir. Azərbaycan ərazisində məscidlərin, pravoslav, katolik, gürcü-pravoslav kilsəsi, sinaqoq və digər ibadət yerləri fəaliyyətdədirsə, demək bu, artıq mühitin mövcudluğuna tam əsaslanır.
Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində ölkəmizə köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratması da fikirlərimizə sübutdur. Almanların Azərbaycana ilk kütləvi köçü isə 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında iki koloniya saldılar. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evlər tikilirdi. Tarixi mənbələrdə göstərilir ki, sonralar Gəncə və Qazax qəzalarında almanların yeni koloniyaları- Georqsfeld (indi Şəmkirin Çinarlı qəsəbəsidi), Alekseyevka, Qrünfeld (indi Ağstafanın Həsənsu kəndidi), Ayxenfeld (indi Şəmkirin İrmaşlı kəndidi), Traubenfeld (indi Tovuz şəhəri), Yelizavetinka ( indi Agstafa şəhəri) və Marksovka yarandı.
XIX əsrin sonu-XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanların əksəriyyəti protestantlığa etiqad edirdilər. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə, məhz Helenendorfda (Xanlar ərazisində) tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi. Almanların Azərbaycana yerləşdirilməsindən sonra-əlli il ərzində Gəncə ətrafında iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salındı və alman ailələrinin sayı 3400-ü ötdü. Hazırda Şəmkir, Ağstafa, Xaçmaz, Göygöl və digər bölgələrdə çoxlu sayda alman abidələri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydiyyata alınıb və dövlət tərəfindən qorunur.
Azərbaycanda almanların inşa etdikləri məşhur tiklilərin bəziləri Bakıda da yerləşir. Bakıda-28 May küçəsində yerləşən alman kilsəsi-kirxa onlardan biridir. Azərbaycanda yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət aparırlar. O dövrdə Bakıda məskunlaşan alman və İsveç əsilli insanlar burada dini ibadət üçün bu kilsəni tikmək qərarına gəlirlər. Tarix boyu tolerantlığı ilə dünyaya nümunə olan xalqımız bu ideyanın həyata keçirilməsində onlara dəstək verir. Beləliklə, 1896-cı ilin martında Bakıda yevangelik-lüteran kilsəsinin təməli qoyulmuş və 1899-cu ildə istifadəyə verilmişdir. 24 yaşlı alman Adolf Eyxlerin memarı olduğu bina o dövrdə Bakının ən nadir arxitektura inciləri sırasına daxil olur. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə bu binada əsaslı təmir və bərpa işləri aparılıb. Azərbaycan mütəxəssisləri əsaslı təmir və bərpa işlərini binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirilib. Kirxanın yanında daha bir bina var. Kapelhauz adlanan bu bina Alman mədəniyyət mərkəzidir.
Almanlar məskunlaşdıqları və qaynayıb-qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irsi Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək, lazımınca qoruyub-saxlayıb. Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin UNESCO-nun "2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilməsi təqdirəlayiqdir.
Bildiyimiz kimi, 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olur. Bununla bağlı bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Alman şərqşünasları Azərbaycan xalqının möhtəşəm söz sənəti yadigarlarının dünya elm aləminə tanıdılmasında mühüm xidmətlər göstərmiş, alman memarları isə Azərbaycanda şəhərsalma mədəniyyətinə dəyərli töhfələr vermişlər.
Sərəncamda qeyd edilir ki, Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alaraq, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə qarşılanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirilsin.
Azərbaycan xalqı digər xalqlara qarşı həmişə tolerantlıq göstərib və bu gün də bu ənənə qorunub-saxlanılır. Dünyada terror, ksenofobiya, irqçiliklə bağlı münaqişələr baş verdiyi halda, birgə yanaşı yaşamaq haqqında təsəvvürlər, məhz Odlar Diyarında genişlənir. Bir daha aydın olur ki, Azərbaycan əsrlərdir fərqli din və mədəniyyətlərin qovuşuğunda yerləşir, ölkədə tarix boyu tolerantlıq və multikulturalizm mövcud olub, müxtəlif etnik qrupların və dinlərin nümayəndələri burada sülh şəraitində birgə yaşayıblar.
NƏZAKƏT