İğtişaşlar, qarşıdurmalar yaratmaq kimi qeyri-sivil və antikonstitusion əməlləri hər zaman özünə əsas mübarizə vasitəsi seçən dağıdıcı müxalifət bütün dövrlərdə utopik arzularına çatmaq üçün bu metodlardan yararlanmağa cəhd göstərib. Ötən illərdə keçirilmiş əksər seçkilər ərəfəsində radikal müxalifət partiyalarının ölkədə süni gərginlik yaratmağa çalışması barədə kifayət qədər faktlar qeyd etmək olar. İndiki radikal düşərgə 1992-ci ildə, məhz qeyri-sivil metodlardan yararlanaraq, zorla iqtidara yiyələnmişdi. Ona görə də iqtidarda çox qala bilmədi. Hakimiyyətdə olduğu məlum keçmişi ilə xalqın etimadından birdəfəlik məhrum olan, əsl müxalifət imicini itirən bu düşərgənin üz qarasına çevrilmiş AXCP sədri Ə.Kərimli və onun yedək qurumu hesab olunan "Milli Şura" bu dəfə Referendum Aktı layihəsin qara yaxmağa çalışırlar. Əbəs yerə deyil ki, bu prosesə Müsavat da qoşulub. Lakin bu qurumlar ayrı-ayrılıqda Azərbaycanın inkişaf və tərəqqisini sürətləndirmək məqsədi ilə həyata keçiriləcək referenduma qarşı çıxmağa çalışırlar. Bu isə düşərgənin pərakəndəliyinin bariz göstəricisidir. Beləliklə, ölkənin yüksələn imicinə Qərb səfirliklərinin, xüsusilə ABŞ, Böyük Brtitaniya və Fransa səfirliklərinin dəstəyi və təlimatları ilə zərbə vurmağa çalışan xəyanətkarlar toplumu, hələ də ümid edirlər ki, siyasi uğur qazanacaqlar. Amma bunun belə olmayacağını daha öncələr çıxa bilmədikləri sınaqlardan da yaxşı bilirlər. Fəqət, bütün bunlara baxmayaraq, dağıdıcı zümrə özünün "nicat yolunu" yalnız qarşıdurmalarda iğtişaşlar törətməkdə görür və bunun üçün, hətta anti-Azərbaycan mövqedə dayanan xarici dairələrlə əməkdaşlıq edir. Sirr deyil ki, Azərbaycanın son bir neçə ildə keçdiyi dinamik inkişaf yolu, regionun lider dövlətinə çevrilməsi, insanların sosial rifahının yaxşılaşması, müstəqil siyasət yürütməsi bir sıra xarici siyasi dairələrdə olduqca narahatçılıq doğurur. Xüsusən, ermənipərəst mövqedə dayanan, o cümlədən, müsəlman dünyasının tərəqqisində maraqlı olmayan dairələr zaman-zaman Azərbaycanda qarışıqlıq yaratmaq üçün müxtəlif üsullara əl atıblar.
Vaxtilə Qərbi tənqid atəşinə tutanlar indi ona mədhiyyətlər qoşurlar
Dağıdıcı müxalifətin xarici dairələrlə yenidən bazarlığa getməsi arxasında onlara verilən vədlər dayanır. Halbuki bir müddət bundan öncəyə qədər, xüsusilə, 2013-cü ilin prezident seçkilərindən sonra AXCP-"Milli Şura" cütlüyü, o cümlədən Müsavat rəhbərliyi öz mətbuatında, xüsusilə, Qərbi tənqid atəşinə tutmaqla məşğul idi. Bu gün isə həmin Qərbə mədhiyyələr qoşurlar. Bu gün radikal müxalifət qaranlıq dairələrin, o cümlədən, antiazərbaycançı şəbəkənin tapşırığını yerinə yetirməyə cəhdlər göstərir. Lakin onlar yenə də unudurlar ki, Azərbaycanda ictimai-siyasi vəziyyət tamamilə fərqlidir. Respublikamız demokratik yolla inkişaf edir, vətəndaşların hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub. Azərbaycanda demokratiyanın əsas göstəricilərindən sayılan söz azadlığı təsbit edilib. Elə bu azadlığın nəticəsidir ki, radikal müxalifət mətbuatı istədiyini yazır. Digər tərəfdən, Azərbaycanda vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb və bu, davam etdirilməkdədir.
Biz bu faktoru sentyabrın 26-da bir daha görəcəyik
Əslində, bu gün dağıdıcı müxalifət dediyimiz partiyaların sıralarında kiçik bir qrupdan başqa kimsə qalmayıb. Çünki radikal düşərgəyə cəmiyyətdə inam yoxdur. Bu partiyalar qeyri-sivil mübarizə metodları seçdiklərindən, ortaya aydın fəaliyyət proqramı qoya bilmirlər. Məram və məqsədi ölkədə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlar atmaqdan başqa bir şey deyil. Ona görə bu düşərgə özünü cəmiyyətdən tamam təcrid edib. Digər tərəfdən, ölkə vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevin siyasi xəttini, Onun təşəbbüslərini, birmənalı olaraq, dəstəkləyir. Məhz bu amil dağıdıcı müxalifətin sosial bazasının tükənməsinin əsas səbəblərindəndir. Biz bu faktoru sentyabrın 26-da bir daha görəcəyik.
Rövşən NURƏDDİNOĞLU