PDF Oxu

Sosial

  • 661

Nəsimi rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib

Nəsimi rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib

"Rayon təsərrüfatının, mənzil fondunun, sosial-mədəni obyektlərin, istilik, qaz, elektrik enerjisi, sukanal təchizatı və digər xidmət sahələrinin 2016-2017-ci illər payız-qış mövsümünə hazırlığının vəziyyəti haqqında" Nəsimi rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.

İclasda çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı rayonun təsərrüfat və kommunal xidmətləri, idarə və müəssisələri tərəfindən tərtib olunmuş tədbirlər planlarına əsasən, müvafiq işlər görülüb: "Rayonun orta və ali təhsil müəssisələrində yeni təhsil ili ərəfəsində təmir işləri aparılıb, istilik sistemləri profilaktika edilibdir. Rayon Enerji Satış və İstismar İdarəsi, İstilik İstismar Sahəsi, Sukanal İdarəsi tərəfindən mövsüm ərəfəsində yeni xətlər çəkilib, mövcud şəbəkələrdə və xətlərdə təmir işləri aparılıb, yeni daha tutumlu transformatorlar, su nasosları, qazpaylayıcı şkafları quraşdırılıb və köhnələri təmir olunubdur".

Tədbirdə Nəsimi rayon MKTB-nin rəisi Elman Yahyayev, 1 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi İlham Bəşirov payız- qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bütün işlərin başa çatdırıldığını, istilik xətlərinin su ilə doldurularaq, hidravlik təzyiq altında "Azəristiliktəchizat" ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verildiyini bildiriblər.

Nəsimi rayon Sukanal İdarəsinin rəisi İntiqam Tağıyev yığıncaqda çıxış edərək, bildirib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar, məhəllədaxili nasos stansiyalarını elektrik enerjisi ilə təchiz edən transformator və kabellərin yerində yoxlanılması və üzə çıxan çatışmazlıqların aradan qaldırılması işləri davam etdirilir.

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, Nəsimi rayonunda genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır. Hal-hazırda 1-ci mikrorayon, Moskva prospekti 52-58-62-70-74-82-86, Cavadxan küçəsi 1 ünvanlarında, 2-ci mikrorayon Cavadxan küçəsi 58-60 ünvanlarında, 4-cü mikrorayon H.Seyidzadə küçəsi 16a-18a-20a ünvanlardakı binalarda əsaslı təmir işləri aparılır, binalarda eyvanlar təmir edilir, binaların qapı və pəncərələri yenilənir.

A.Əsgərov sonda Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə ümumxalq səs verməsi-referendum ilə bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında da ətraflı məlumat verərək, müvafiq tapşırıqlar verib.

Ü.ƏSGƏROV

Digər xəbərlər