Dünən Referendum üzrə "Yeni Azərbaycan" və "Bələdiyyə" Təşviqat Qruplarının Biləcəri qəsəbəsində seçicilərlə görüşü keçirildi. Görüşdə Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Binəqədi rayon şöbəsinin, rayon təşkilatının sədri Ramiz Göyüşov, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti, Biləcəri Ağsaqqallar Şurasının sədri Yaqub Vəliyev, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov, Binəqədi rayon bələdiyyələrinin üzvləri və Biləcəri qəsəbə seçiciləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Müstəqil Azərbaycan Konstitusiyasının 1995-ci ilin 12 noyabr tarixində Dahi Şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə ümumxalq səsverməsinə çıxarılaraq qəbul edildiyini vurğuladı. O vaxtdan ötən müddət ərzində 2002-ci və 2009-cu illəri əhatə etməklə konstitusiyaya 2 dəfə əlavə və dəyişikliklərin edildiyini bildirdi. Ölkəmizdə qüvvədə olan bütün qanunvericilik bazasının ali qanunlar toplusu olan ölkə konstitusiyasına əsaslandığını, bu baxımdan, konstitusiyanın təkmilləşdirilməsinə zərurət yarandığını qeyd etdi. R.Göyüşov Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ilin 26 sentyabr tarixində ölkəmizdə növbəti referendumun keçiriləcəyini bildirərərk, 29 maddəni əhatə edəcək əlavə və dəyişikliklərin zərurət olduğunu vurğuladı.
Görüşdə çıxış edən Binəqədi rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev son illər Biləcəri qəsəbəsinin simasında ölkəmizin bütün regionlarında həyata keçirilən quruculuq-abadlıq işlərindən bəhs etdi. Daha sonra konstutusiyaya təklif edilən bir sıra maddələr haqqında geniş izahat verdi. O, vitse-prezidentlik institunun yaradılmasının dünya təcrübəsində mövcud olduğunu, sərbəst toplaşmaq azadlığı haqqında maddədə əxlaq normalarının müəyyən edilməsini, millət vəkillərinin fəaliyyətinə nəzarəti nəzərdə tutan bir sıra maddələrin önəmini vurğuladı.
Biləcəri Ağsaqqallar Şurasının sədri Yaqub Vəliyev isə çıxışında sahibkarlıq fəaliyətini, bələdiyyə və bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılmasını nəzərdə tutan maddələr haqqında ətraflı izahat verdi.
O, Referendumun mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, bütün seçiciləri seçkidə fəal olmağa çağırdı.
Görüşün sonunda seçiciləri maraqlandıran suallar cavablandırıldı.
ZÜMRÜD