Dünən Referendum üzrə "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupu Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qaraçuxur qəsəbəsində seçicilərlə körüş keçirib.
Tədbiri giriş sözü ilə açan "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupunun üzvü Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Suraxanı rayon Komitəsinin sədri Adil Quliyev Konstitusiya Aktına əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar geniş məlumat verib. A.Quliyev təklif olunan dəyişikliklərin Azərbaycanın - doğma Vətənimizin daha da qüdrətli dövlətə çevrilməsinə və dünya dövlətləri sırasında daha da irəliləməsinə, xalqımızın firavan yaşamasına xidmət edəcəyini bildirib.
Görüşdə çıxış edən Bakı Dövlət Universitetinin müəllimi, hüquqşünas Elşad Nəsirov bildirib ki, dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, dövlət orqanlarının fəaliyyət və prinsiplərinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının daha da yüksək səviyyədə təmin olunması üçün, dövri olaraq, dövlətlərin hüquqi bazasında, Əsas Qanunu olan konstitusiyada dəyişiklik edilməsinin vacibliyini yaradır.
Tədbirdə çıxış edən "Qarabağ Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri Elçin Əhmədov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Eyvazova, Suraxanı rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Mirzəağa Quliyev bildirdilər ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində yaranmış iqtisadi islahatların və inkişafın Azərbaycan modeli uğurla həyata keçirilir. Bu da Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə səbəb olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil, uzaqgörən xarici siyasətinin nəticəsində Azərbaycan dünya dövlətləri sırasında layiqli yer tutur.
Rayon gəncləri adından çıxış edən Arzu Həsənzadə qeyd etdi ki, bu dəyişikliklər Azərbaycan gəncliyinə də daha geniş imkanlar yaradacaq və onların inkişafı üçün böyük stimul olacaq.
Çıxış edənlər ümumxalq səsverməsində fəal iştirak edəcəklərini bəyan etməklə yanaşı, seçiciləri səsvermədə fəal olmağa, təklif olunan dəyişikliklərə "HƏ" deməyə çağırdılar.
ZÜMRÜD