Dünən 26 sentyabr 2016-cı il tarixində keçiriləcək Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Quba rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun II Nügədi kəndi Zeynalabidin Tağıyev küçəsindəki ərazidə seçicilərlə görüş keçirdi. Görüşdə Nügədi yaşayış məntəqəsi üzrə 650 nəfər seçici iştirak edirdi.
Görüşü giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Yusif Abidov referenduma çıxarılan dəyişikliklərlə bağlı seçicilərə ətraflı məlumat verdi. Rayon təşkilatı sədri Referendum Aktının ayrı-ayrı maddələrinin qəbul olunması zərurətindən, yeni maddələrin ölkənin idarəçiliyində vacibliyindən söz açdı. Y.Abidov ölkə üçün bu mühüm tədbirin keçirilməsində hər bir vətəndaşın yaxından iştirak etməsinin, vətəndaş mövqeyi nümayiş etdirməyin zəruriliyini vurğulayaraq, seçicilərin növbəti referendumda da fəal iştirak etmələrinin vacibliyini diqqətə çatdırdı.
Görüşdə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək, bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına olunacaq əlavə və dəyişikliklərin əks olunduğu Referendum Aktı hazırkı dünya siyasətində baş verən hadisələr fonunda ölkəmizin əmin-amanlığını və sabitliyinin daha da möhkəmlənməsinə Azərbaycanın bir dövlət kimi iqtisadi cəhətdən daha da qüdrətlənməsinə təkan verəcək: "Təklif edilən əlavə və dəyişikliklər öz məzmununa və mahiyyətinə görə dövlətin əsaslarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsi və onların hüquqi çərçivəsinin, başqa sözlə desək, əhatə dairəsinin və hüdudlarının müəyyən edilməsi, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilməsi və s. ibarətdir. Əvvəlki iki dəyişiklikdə olduğu kimi, hazırkı dəyişikliklər hazırlanan zaman da qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib. Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunub, stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsi və onun qanunsuz müdaxilələrdən qorunması əsas vəzifə kimi qarşıya qoyulub".
Görüşdə çıxış edən millət vəkili Yevda Abramov bildirib ki, ölkəmizin sürətlə inkişaf etməsini nəzərə alsaq, növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsinin zəruriliyinin bir daha şahidi olarıq: "Dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb".
Görüşdə iştirak edən seçicilər referendumda fəallıq göstərəcəklərini bildiriblər. Qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər çox böyük uğurlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Xalqımızın rifah halı yüksəlib, ölkəmizin beynəlxalq səviyyədə nüfüzu durmadan artır. Bütün bu nailiyyətlər hər bir azərbaycanlıda qürur hissi doğurur.
Nəzakət ƏLƏDDİNQIZI