2016-2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək
Bu gün ölkəmizdə təhsil ictimaiyyətinin bayramı - Bilik Günüdür. Yeni dərs ilinin başlanğıc günüdür. Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Orta ixtisas məktəblərində təhsilin idarə edilməsi, eləcə də onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində kifayət qədər irəliləyişlərin əldə olunması təhsilli, bilikli, savadlı mütəxəssislərin yetişməsinə səbəb olub.
Azərbaycan təhsilinə dövlət tərəfindən ayrılan diqqətin bariz nümunədərindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkəmizdə yeni məktəb binaları, əlavə korpuslar tikilib və əsaslı təmir olunub. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə, ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son illərdə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin, eyni zamanda, ikinci növbədə təhsil alan şagirdlərin faizi aşağı düşüb. Bu iş indi də davam edir. Bütün bunlar, bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bu işlər, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Eyni zamanda, müəllim kollektivinin yüksək səviyyədə çalışması üçün geniş imkanlar yaradılıb. Məktəbdə yeni dərs ilində şagirdlərin tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. Beləliklə, dövlət başçısının məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya nəticəsində, ölkəmizdə güclü təhsil infrastrukturu formalaşıb. Milli dəyərlər üzərində qurulan təhsil modeli isə gənc nəslin nümunəvi vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdəndir.
Görülən işlərin məntiqidir ki, təhsilə göstərilən qayğı uğurlarla nəticələnir. 2015-2016-cı tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərini IX sinif üzrə 26614, XI sinif üzrə 20052 şagird bitirdi. 2016-2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. 4 472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415 242 nəfər təşkil edəcək. Yeni dərs ilində Bakı şəhəri üzrə isə 43 397 şagird I sinfə gedəcək. Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq.
Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək. 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir. Yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunub, istifadəyə veriləcək.
Elə ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medallarla təltif olunması da bu qəbildədir. 2015-2016-cı tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 129-u qızıl, 29-u isə gümüş medalla təltif olunub. Qeyd edək ki, bu il qızıl medal alan məktəblilərin 14-ü Naxçıvan Muxtar Respublikasının, 54-ü paytaxt məktəblərinin, 5-i Sumqayıt məktəblərinin, 6-sı Gəncə məktəblərinin, 50- si digər bölgələrin təmsilçiləridir.
Sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir.
Görülən işlər qarşıda duran yeni hədəfləri müəyyənləşdirməyə imkan verəcək, təhsil sisteminin milli ruhda və dünyanın aparıcı ölkələrinin təhsil sistemlərinin ən yaxşı örnəklərindən əxz olunan yeni məzmun və forma istiqamətlərində inkişafını təmin edəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI