"Bilik Günü" münasibəti ilə Suraxanı rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər təşkil olunub. Tədbirlərdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri və bələdiyyə sədrləri iştirak ediblər.
Əmircan qəsəbəsindəki 114 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, Yeni Günəşli yaşayış massivində yerləşən 275 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə isə rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova iştirak edib.
114 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ceyran Növruzova bildirib ki, məktəbin kollektivi yeni tədris ilinə tam hazırdır:"2015-2016-cı dərs ilində məktəbi 121 şagird bitirmiş, onlardan 118 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Onlardan 64 nəfəri tələbə adını qazanıb. Məzunlardan 5-i qəbul imtahanında 600-dən yuxarı bal toplayıb". Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev 13 ildə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sistemində də çox ciddi irəliləyişlər, uğurlar əldə olunduğunu qeyd edib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fondun həyata keçirtdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilib.
R.Hacıyev əldə olunan uğurlara görə rayonun bütün təhsil işçilərini təbrik edib və qarşıdakı 2016-2017-ci tədris ilində onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirib. Sonra ilk zəng şagirdləri dərsə səsləyib.
ZÜMRÜD BAYRAMOVA