PDF Oxu

Sosial

  • 56

Həmrəy olaq, HƏ deyək

Həmrəy olaq, HƏ deyək

NƏSİMİ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Nəsimi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində 22 saylı Nəsimi ikinci seçki dairəsinin ərazisində yaşayan seçicilərlə görüş keçirib. Tədbirdə 500 nəfərdən çox seçici iştirak edib.

Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müasir dövrdə hüquqi dövlətin inkişafının konstitusion islahat modeli uğurla həyata keçirilərək səmərəli islahatların nəticəsi kimi müasir hüquqi dövlətin hərtərəfli inkişafının və dövlət hakimiyyətinin xalqa mənsubluğunun Azərbaycan modeli formalaşmışdır: "Beynəlxalq təcrübəyə əsasən, demək olar ki, dövrün tələblərinə uyğun şəkildə dünyanın ən güclü dövlətlərində, artıq çoxdan mövcud olan 1-ci vitse-prezident və vitse-prezident institutunun təsis edilməsi təklifi dövlətimizin və dövlətçiliyimizin daha da güclənməsinə və təkmilləşdirilməsinə xidmət edir".

Rayon təşkilatı sədri ölkə üçün bu mühüm tədbirin keçirilməsində hər bir vətəndaşın yaxından iştirak etməsinin, vətəndaş mövqeyi nümayiş etdirməyin zəruriliyini vurğulayaraq, seçicilərin növbəti referendumda da fəal iştirak etmələrinin vacibliyini diqqətə çatdırdı.

Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının şura üzvü, millət vəkili Şahin İsmayılov bildirdi ki, bu gün Azərbaycan yüksək inkişaf dinamikasına malik güclü dövlətdir. Həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatı, dünyada gedən proseslərdən asılı olmayaraq, müstəqil şəkildə inkişaf edir: "İqtisadiyyatda əldə olunan nailiyyətlər isə, təbii olaraq əhalinin gəlirlərinin artması, sosial, mədəni, idman və digər sferalarda yüksək tərəqqi formasında özünü büruzə verir. Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə irəliləyişə nail olub. Azərbaycanın uğurlu inkişafı ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərlə müşayiət olunur".

Tədbirdə iştirak edən 22 saylı Nəsimi ikinci seçki dairəsinin ərazisində yaşayan seçicilər çıxış edərək, daim ölkə Prezidentinin siyasətini dəstəklədiklərini bildirərək, 26 sentyabrda ümumxalq səsverməsində iştirak edərək Referendum Aktı lahiyəsini yekdilliklə dəstəkləyəcəklərini bildirdilər.

QUBA

Dünən 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendum üzrə "Yeni Azərbaycan" və "Bələdiyyə" Təşviqat Qruplarının üzvləri Quba şəhərində "Nizami" adına klubda seçicilərlə görüş keçirdilər. Görüşdə Quba şəhəri üzrə 500 nəfər seçici iştirak edirdi.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək, sentyabrın 26-da ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendum keçiriləcəyini bildirərək, ölkə Prezidenti İlham Əliyev tərəfindən təklif olunan əlavə və dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, xüsusi mülkiyyətlə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, dövlət strukturlarının təkmilləşdirilməsi kimi vacib məsələlərin yer aldığına diqqət çəkdi. Bunun zamanın tələbi olduğunu vurğulayan rayon təşkilatı sədri bu gün Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi milli inkişaf strategiyasını Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycanın hərtərəfli tərəqqi və inkişaf yolunda olduğunu bildirdi.

Görüşdə çıxış edən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirdi ki, ölkəmizin inkişafı, dövlət strukturlarında islahatların həyata keçirilməsi, ölkəmizin beynəlxalq konvensiyalara qoşulması və bu kimi amillər Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsinə zərurət yaradıb. O, qeyd etdi ki, sentyabrın 26-da keçiriləcək Referenduma Konstitusiyanın 23 maddəsində dəyişiklik edilməsi və 6 yeni maddənin əlavə edilməsi təklif edilib. B.Quliyev seçicilərə konstitusiyada nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı, vitse-prezidentlik institutunun yaradılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, bir neçə maddədə yaş məhdudiyyətinin aradan götürülməsi, mülkiyyət hüququ və s. maddələr haqqında geniş məlumat verdi. Görülən bütün işlərin, həyata keçirilən islahatların ölkə vətəndaşlarının maraqlarına xidmət etdiyini bildirən səlahiyyətli nümayəndə Quba rayon seçicilərinin dəyişikliyə, yeniliyə "HƏ" deyəcəklərinə əminliyini bildirdi.

Milli Məclisin deputatı Yevda Abramov seçicilərə konstitusiyada əlavə və dəyişikliklər edilməsinin ölkəmiz üçün əhəmiyyətindən bəhs edərək bildirdi ki, Azərbaycan Respublikasının Konustitusiyasına olunacaq əlavə və dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib. Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçiminin hədəf kimi müəyyən olunduğunu diqqətə çatdıran millət vəkili stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsi və onun qanunsuz müdaxilələrdən qorunmasının əsas vəzifə kimi qarşıya qoyulduğunu bildirdi.

Görüşdə çıxış edən rayon seçicilərindən Elza Orucova, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının tələbəsi İlkin Xanlarzadə referendumda fəallıq göstərəcəklərini və Azərbaycan Konstitusiyasında edilən əlavə və dəyişikliklərə səs verəcəklərini bildirdilər.

BİNƏQƏDİ

Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Binəqədi rayon şöbəsi Binəqədi rayonu, 9 mikrorayon seçiciləri ilə görüş keçirib.

Görüşü giriş sözü ilə açan Ramiz Göyüşov 1991-ci ildə müstəqillik qazanmış ölkəmizin bugünədək uzun və şərəfli yol keçdiyini və ötən müddət ərzində çoxsaylı nailiyyətlər əldə etdiyini bildirdi. Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi xəttinin uğurlu nəticələrindən biri kimi dövlətimizin və cəmiyyətimizin daim inkişaf etdiyini, konstitusiya islahatlarının bu uğurların bariz nümunəsi olduğunu vurğuladı. 2002, 2009-cu illərdə ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edildiyini və bütün islahatların milli maraqların təminatına hesablandığını söylədi. Bu ilin 26 sentyabr tarixində ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi, dövlət və bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması, insanların hüquq və azadlıqlarının, ləyaqətinin qorunması istiqamətində mühüm addım olduğunu qeyd etdi.

Görüşdə çıxış edən Milli Məclisin Aqrar-Siyasət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov 1993-cü ildə siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın tarixindəki əvəzsiz xidmətlərindən danışdı. 1994-cü ildə atəşkəsin, həmin ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalandığını və 1995-ci ilin 12 noyabrında ölkə Konstitusiyasının qəbul ediliyini bildirdi. Dahi Şəxsiyyətin dövlət və millət qarşısındakı xidmətlərinin misilsiz olduğunu söyləyərək, Onun əsasını qoyduğu uğurlu siyasətin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. E.İbrahimov 26 sentyabrda keçiriləcək referendumla bağlı ətraflı məlumat verərək, əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulan maddələr ətrafında fikirlərini bölüşdü. Vitse-prezidentlik institunun yaradılması, prezidentlik müddətinin 7 ilədək qaldırılması, xüsusi mülkiyyətdən səmərəli istifadə, sahibkarların, eləcə də ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha möhkəm qorunması məqsədilə nəzərdə tutulan islahatlardan danışdı. Bütün bunların əsaslandırılmış şəkildə izahını verərək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi.

Görüşdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun şöbə müdiri Yusif Alıyev çıxış edərək, son illər ərzində ölkəmizin bütün sahələr üzrə əldə etdiyi uğurlardan danışdı. Bu uğurları müdrik və düşünülmüş siyasi strategiyanın nəticəsi olduğunu bildirərək referenduma çıxarılan bir sıra məsələlərin - silahlı qüvvələrin daha da möhkəmləndirilməsini, vitse-prezidentlik institutunun təsis edilməsini dövlətin idarə üsulunun daha da təhlükəsiz əsaslarla qurulmasına şərait yaradacağını söylədi.

Görüşdə çıxış edən sahibkar Arzuman Abdulkərimov da dövlət tərəfindən sahibkarlara göstərilən diqqət və qayğıdan bəhs etdi. Sahibkarların daha rahat fəaliyyət göstərmələri üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan çoxsaylı dövlət proqramlardan, fərman və sərəncamlardan danışdı.

Görüşdə seçiciləri maraqlandıran suallar cavablandırıldı.

Zümrüd BAYRAMOVA,

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər