Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qusar rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun ilk dəfə səs verəcək gəncləri ilə görüş keçirib.
Görüşdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumla bağlı seçicilərə ətraflı məlumat verib. D.İbramxəlilov Azərbaycan dövlətinin sürətlə inkişaf etdiyini, müasir dünyaya inteqrasiya olunduğunu qeyd edərək, tərəqqinin keyfiyyətcə yeni mərhələsinə keçid üçün sözügedən dəyişikliklərə ehtiyac duyulduğunu vurğulayıb.
Rayon təşkilatının sədri Qusar şəhər seçicilərinin bu dəyişikliklərə yekdilliklə səs verəcəklərinə əminliyini bildirib.
Tədbirdə çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupun vəkili, Milli Məclisin deputatı Azər Badamov son illər ərzində ölkəmizin bütün sahələrində əldə edilən uğurlara nəzər salaraq, bu uğurların düşünülmüş siyasi strategiyanın nəticəsi olduğunu bildirib. O, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatların, ölkəmizin dünya miqyasında artan nüfuzunun, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurların davamlı olması üçün ilk dəfə səs verəcək gənc seçiciləri 26 sentyabrda seçki məntəqələrinə gələrək, əlavə və dəyişikliklərə səs verməyə çağırıb.
Görüşdə gənc seçicilər adından çıxış edən Rail Kazımov Qusar rayonunda da ümumxalq səsverməsinin yüksək səviyyədə həyata keçiriləcəyini və dəyişikliklərə "HƏ" deyəcəklərini bildirib.
Görüşdə çıxış edən qusarlı seçicilər bu il 26 sentyabrda keçiriləcək seçkilərdə daha fəal iştirak edəcəklərini və referenduma "HƏ" deyərək, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşəcəklərini bildiriblər.
Görüşdə seçiciləri maraqlandıran suallar cavablandırıldı.
16 sentyabr tarixində günün ikinci yarısında Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qusar rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü rayon qadınları ilə keçirib.
Görüşdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, bu gün dövlətimizin siyasi-hüquqi və sosial-iqtisadi baxımdan inkişafı Azərbaycanın Əsas Qanunu olan konstitusiyada hüquqi dəyişikliklərin həyata keçirilməsinə zəmin yaradıb: "Sosial-iqtisadi sahənin daha da inkişaf etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin, insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, xarici təhdidlərin qarşısının alınması və digər amillər konstitusiyada əlavə və dəyişikliklərin edilməsini zəruri edib".
Tədbirdə iştirak edən "Yeni Azərbaycan" Təşviqat Qrupun vəkili, Milli Məclisin deputatı Azər Badamov çıxış edərək, müstəqillik dövründə ilk dəfə konstitusiyanın 1995-ci il 12 noyabrda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə ümumxalq səsverməsinə çıxarılaraq qəbul etdiyini vurğulayaraq, ötən müddət ərzində ölkə konstitusiyasına dövrün tələblərindən və əldə edilən çoxsaylı uğurlardan irəli gələrək, ümumxalq səsverməsi ilə 2 dəfə əlavə və dəyişikliklər edildiyini söyləyib. Növbəti referendumun zamanın tələbindən irəli gələrək, keçirildiyini bildirərək seçiciləri bir nəfər kimi 26 sentyabr tarixdə ümumxalq referendumda iştirak etməyə çağırdı.
Görüşdə çıxış edən Qusar rayon "Heydər Əliyev Mərkəzi"nin direktoru Neva Abdurahmanova və köhnə Xudat kənd kitabxanasının kitabxanaçısı Samirə Qasımova Azərbaycanda həyata keçirilən dövlət proqramlarından, islahatlardan danışaraq, ölkəmizin sürətlə inkişaf etdiyini, müasir dünyaya inteqrasiya olunduğunu qeyd ediblər. Bildirilib ki, tərəqqinin keyfiyyətcə yeni mərhələsinə keçid üçün Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərə ehtiyac duyulur. Qeyd olunub ki, Quba seçiciləri bu dəyişikliklərə yekdilliklə səs verəcəklər.
QUBADA GƏNCLƏRLƏ GÖRÜŞ
Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Quba rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun ilk dəfə səs verəcək gəncləri ilə görüş keçirib. Görüşdə 120 nəfər gənc seçici iştirak edib.
Görüşdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Dövlət başçısının Sərəncamı ilə həyata keçirilən dövlət proqramları, çoxşaxəli islahatlar respublikamızın yeni sosial-iqtisadi inkişafına səbəb olaraq, böyük uğurlara zəmin yaradıb. Azərbaycanı dünyada sosial-iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər sırasına çıxarıb, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olub".
O, çıxışında Quba gənclərinin fəallıq göstərərək, 26 sentyabrda referendumda fəal iştirak edib, seçimlərində israrlı olaraq öz iradələrini ortaya qoya biləcəklərini bildirdi.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Yevda Abramov ölkənin konstitusiyasına dəyişikliklərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və böyük əhəmiyyət kəsb edən digər reallıqlarını, gələcək inkişafı ilə bağlı amillərin nəzərə alınmaqla, qəbul edildiyini bildirərək ölkəmizdə sonuncu referendumun 2009-cu ildə baş tutduğunu bildirdi: "Ötən 7 ildə Azərbaycan dinamik inkişaf edib, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər baş verib. Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasətin əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. Ona görə də, xalqımızın 26 sentyabrda səs verərək, Referendum Aktı lahiyəsini dəstəkləyəcəyinə heç bir şübhə olmayacaq.
Görüşdə çıxış edən YAP Quba rayon təşkilatı gənclər birliyinin sədri Habil Bayramlı ilk dəfə səs verən gənc seçicilərə referenduma çıxarılan dəyişikliklər və əlavələrlə bağlı ətraflı məlumat verib. O, sentyabrın 26-na təyin edilmiş referenduma konstitusiyanın 23 maddəsində dəyişiklik edilməsi və 6 yeni maddənin əlavə edilməsinin təklif edildiyini bildirib. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin hər birinin mütərəqqi xarakter daşıdığını diqqətə çəkərək, Quba rayon gənclərinin bu islahatlara səs verəcəklərinə əminliyini bildirdi.
Sentyabrın 16-da Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Quba rayon şöbəsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüşü keçirildi. Görüşdə 150 nəfər qadın seçici iştirak edirdi.
Görüşdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov konstitusiyada dəyişikliklər edilməsinin ölkəmiz üçün əhəmiyyətinə nəzər salaraq, növbəti dəfə referenduma çıxarılan bir sıra məsələlərin - silahlı qüvvələrin daha da möhkəmləndirilməsini, vitse-prezidentlik institutunun təsis edilməsini dövlətin idarə üsulunun daha da təhlükəsiz əsaslarla qurulmasına şərait yaradacağını söylədi. Bu əlavə və dəyişikliklərin ölkəmizin gələcək uğurlara, dövlətçiliyimizin daha da möhkəmlənməsinə səbəb olacağını bildirən rayon təşkilatı sədri seçiciləri 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda əlavə və dəyişikliklərə səs verməyə dəvət edib.
Görüşdə Milli Məclisin deputatı Yevda Abramov çıxış edərək, Azərbaycan dövlətinin sürətlə inkişaf etdiyini, müasir dünyaya inteqrasiya olunduğunu bildirib: "Tərəqqinin keyfiyyətcə yeni mərhələsinə keçid üçün Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi zamanın tələbidir.
Naftalan
Dünən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Naftalan şəhər şöbəsi qadın seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Naftalan qadınlar şurasının sədri Afət Cabbarova konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. O, əmin olduğunu söyləyib ki, ölkə vətəndaşları, o cümlədən, qadınlar sentyabrın 26-da Referendum Aktına səs verəcəklər. A. Cabbarova bu prosesdə Naftalan şəhər qadınlarını da fəal olmağa çağırıb. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin ölkəmizin və xalqımızın inkişafına xidmət etdiyini deyən A.Cabbarova Konstitusiya İslahatlarının dövlətçiliyimizin daha da güclənməsinə səbəb olacağını vurğulayıb.
Tədbirdə çıxış edən YAP Naftalan qadınlar şurasının üzvü Cəmilə Məmmədova Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. O bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər: "Konstitusiyaya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir".
Tədbirdə daha sonra çıxış edənlər vurğuladılar ki, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı öz fəallığı ilə fərqlənəcək, Naftalan seçiciləri Referenduma "HƏ" deyəcək.
Zümrüd BAYRAMOVA,
Nəzakət ƏLƏDDİNQIZI