Dünən 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Suraxanı rayon şöbəsi Qaraçuxur və Yeni Günəşli seçiciləri ilə Qaraçuxur Mədəniyyət Evində görüş keçirdi. Görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar seçicilərə geniş məlumat verdi. Rayon təşkilat sədri Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərin dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi, dövlət və bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması, insanların hüquq və azadlıqlarının, ləyaqətinin qorunması istiqamətində mühüm addım olduğunu qeyd etdi. O, seçiciləri xalqımız, eləcə də dövlətçiliyimizin inkişafına istiqamətlənən Referendum Aktına səs verməyə çağırdı.
Görüşdə çıxış edən millət vəkili Sevinc Fətəliyeva ölkəmizin inkişafı, dövlət strukturlarında islahatların həyata keçirilməsi, ölkəmizin beynəlxalq konvensiyalara qoşulması və bu kimi amillərin Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsinə zərurət yaratdığını bildirdi. O, qeyd etdi ki, sentyabrın 26-da keçiriləcək referenduma konstitusiyanın 23 maddəsində dəyişiklik edilməsi və 6 yeni maddənin əlavə edilməsi təklif edilib. Görülən bütün işlərin, həyata keçirilən islahatların ölkə vətəndaşlarının maraqlarına xidmət etdiyini bildirən millət vəkili Suraxanı rayon seçicilərinin dəyişikliyə, yeniliyə "HƏ" deyəcəklərinə əminliyini bildirdi.
Milli Məclisin deputatı Ağacan Abıyev seçicilərə konstitusiyada əlavə və dəyişikliklər edilməsinin ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bildirdi ki, konustitusiyaya olunacaq əlavə və dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib. Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçiminin hədəf kimi müəyyən olunduğunu diqqətə çatdıran millət vəkili stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsi və onun qanunsuz müdaxilələrdən qorunmasının əsas vəzifə kimi qarşıya qoyulduğunu bildirdi.
Hüquqşünas Loğman Abdullayev seçicilərə konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin zəruriliyindən danışaraq, seçicilərə Referendum Aktında yer alan maddələrin mahiyyəti haqqında məlumat verdi: "Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlar qazanılır, demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparılır, regionlar sürətlə inkişaf edir, sosial layihələr həyata keçirilir. Milli təhlükəsizliyimizin daha etibarlı təminatı üçün nəzərdə tutulan, əhalinin sosial müdafiəsini, demokratiyanın inkişafını daha da sürətləndirəcək dəyişiklik və əlavələrin tətbiqində məqsəd idarəetmədə daha mükəmməl və səmərəli mexanizmlərin tətbiqinə nail olmaqdır".
Görüşdə çıxış edən rayon seçicilərindən Şövkət Xanməmmədova, Bayram Bəxtiyaroğlu, Müseyib Bağırov referendumda fəallıq göstərəcəklərini və Azərbaycan Konstitusiyasında edilən əlavə və dəyişikliklərə səs verəcəklərini bildirdilər.
ZÜMRÜD BAYRAMOVA