PDF Oxu

Sosial

  • 102

Seçicilərlə növbəti görüş keçirilib

Seçicilərlə növbəti görüş keçirilib

Binəqədi

Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupu sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar Binəqədi rayon 2 saylı sahə-inzibati ərazi dairəsi üzrə qeydiyyatda olan seçicilərlə görüş keçirib.

Görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" Təşviqat Qrupunun və YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bu ilin 26 sentyabrında ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendum haqqında geniş məlumat verib: "Ölkənin bütün qanunvericilik bazasının konstitusiyaya əsaslandığını konstitusiyamıza əlavə və dəyişikliklər edilməsinin tarixi zərurətdən yaranıb. Bu zərurət xalqın istək və arzusudur, sosial sifarişdir." Ramiz Göyüşov çıxışının sonunda bütün seçiciləri referendumda aktiv iştirak etməyə, əlavə və dəyişikliklərə səs verməyə çağırıb.

Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin xalqımızın rifahı, mənafeyi, hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət etdiyini söylədi. Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması təklifinin vaxta və dövlət büdcəsinə qənaət edilməsinə, prezidentin öz üsul-idarəsinin daha da möhkəmləndirilməsinə, milli təhlükəsizliyimizin təminatına səbəb olacağını qeyd edib. Millət vəkili vitse-prezidentlik institunun yaradılması məsələsinə də toxunaraq, dünya təcrübəsində bunun mövcudluğundan danışıb. Dünyada demokratik ölkələrdən sayılan ABŞ-da vitse-prezidentin olduğunu bildirib. Həmçinin, seçilmək üçün yaş məhdudiyyətinin aradan götürülməsi, xüsusi mülkiyyət və s. maddələr ətrafında fikirlərini bölüşüb. Millət vəkili çıxışının sonunda seçicilərin referenduma çıxarılan əlavə və dəyişikliklərə səs verəcəklərinə ümidvar olduğunu vurğulayıb.

Görüşdə çıxış edən Rəsulzadə qəsəbəsinin bələdiyyə sədri Hümbət Hüseynov çıxış edərək, Konstitusiya İslahatlarının cəmiyyətin istək və arzusundan irəli gələrək, vətəndaşlarımızın suveren hüququ olduğunu bildirib. Bələdiyyə qulluqçularının vəzifə məsuliyyətlərinin artırılması ilə bağlı təklif edilən əlavəni mühüm addım adlandıraraq, bu islahatın vətəndaşlarımızın daim dövlətin qayğısı ilə əhatə olunmasının bariz nümunəsi olduğunu söyləyib.

Ağcabədi

Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu üzvlərinin Qarabağ Muğam Mərkəzində Ağcabədi şəhər seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq bildirib ki, konstitusiya hər bir sivil dövlətin əsas qanunudur.

Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial, iqtisadi və siyasi sahədə əldə etdiyi nailiyyətlərdən və ölkəmizin beynəlxalq aləmdə gedən proseslərdən irəli gəlir".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tahir Rzayev konstitusiyamıza təklif olunan əlavə və dəyişiklikləri maddələr üzrə təhlil edərək, tədbir iştirakçılarına geniş məlumat verib. O, qeyd edib ki, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlətin idarə olunmasını yaxşılaşdıracaq, ölkəmizin təhlükəsizliyinin təminatında və insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayacaqdır.

Görüşdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov qeyd edib ki, konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər yeni inkişafa və uğurlara səbəb olacaq, xalqımızın daha firavan yaşamasına zəmin yaradacaq, Beynəlxalq aləmdə Azərbaycanımızın nüfuzunun artmasına, yeni iqtisadi layihələrin inamla həyata keçirilməsinə xidmət edəcəkdir.

Görüşdə "Yeni Azərbaycan" Təşviqat Qrupu Ağcabədi rayon şöbəsinin üzvləri Radə Qafarova, İbrahim Həsənov, Həcər Əliyeva çıxış edərək bildiriblər ki, konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər Ağcabədi rayon seçiciləri tərəfindən bəyənilir və dəstəklənir. Çıxış edənlər əmin olduqlarını bildiriblər ki, "Yeni Azərbaycan" Təşviqat Qrupu Ağcabədi rayon şöbəsinin gördüyü işlər, düzgün qurulmuş təbliğat və təşviqat işləri sayəsində seçicilər sentyabrın 26-da seçki məntəqələrinə gələrək, Konstitusiya İslahatlarına yekdilliklə səs verəcəklər.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər