PDF Oxu

Sosial

  • 2 229

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın xatirəsi anılıb

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın xatirəsi anılıb

AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri sentyabrın 19-da II Fəxri Xiyabanda görkəmli şərqşünas-alim, XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyublar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, 24 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıb. Qeyd edib ki, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. A.İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü olub.

Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Aida xanımın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir ana kimi Azərbaycan qadınına örnək olacaq bir ömür yaşadığını qeyd edib.

Aida xanımın müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açdığını söyləyən G.Baxşəliyeva onun yeni bir məktəbin əsasını qoyduğunu bildirib. Böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan G.Baxşəliyeva onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini vurğulayıb.

Qeyd edib ki, üç monoqrafiya ("Mixail Nuaymə" və "Qələmlər birliyi", Moskva, 1975; "Cübran Xəlil Cübran", Bakı, 1975; "Yeni ərəb ədəbiyyatının korifeyləri", Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.

Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin əhatə dairəsi geniş və çoxşaxəli idi. Onun elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunub. Bu da, nəinki ərəb ədəbiyyatının, həmçinin, bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

G.Baxşəliyeva Aida İmanquliyevanın itkisinin, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib.

NƏZAKƏT

Digər xəbərlər