LERİK
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı Lerikdə görüş keçirib.Görüşü giriş sözü ilə açan Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunu Lerik rayon şöbəsinin sədri Elxan Qənbərov bildirib ki, hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir: "Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq".Tədbirdə "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək, konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışıb. O bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: "Hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi - referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Bu yeni qurum özü-özlüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək. Onu da qeyd edim ki, prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə prezident 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır".Görüşdə çıxış edən millət vəkili İqbal Məmmədov bildirib ki, Referendum Aktı layihəsi xalqın müzakirəsinə verilib: "26 sentyabrda isə həmin layihə üzrə ümumxalq səsverməsi keçiriləcək. Hazırda, ölkəmizin hər yerində olduğu kimi, Lerik rayonunda da Referendum Aktı layihəsi müzakirə olunur, və bu mühüm prosesə ciddi hazırlıq işləri görülür. Hər şeydən əvvəl, qeyd edim ki, konstitusiyanın və ona edilən dəyişiliklərin başlıca məqsədi ölkədə demokratik - dünyəvi dövlət quruculuğunun, bazar iqtisadiyyatı prinsiplərinin hüquqi bazasının möhkəmləndirilməsindən, qanunlarımızın beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasından, insanların sosial müdafiəsinin gücləndirilməsindən, insanın hüquq və azadlıqlarının hüquqi təminatının təkmilləşməsindən ibarətdir".Tədbirdə çıxış edən seçicilər də referenduma ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və ona səs verəcəklərini bildiriblər.
AĞDAŞ
Ağdaşda Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun təbliğat və təşviqat kampaniyası uğurla davam edir. Rayonun Türyançay qəsəbəsinin Mədəniyyət Evində qadın seçicilərilə keçirilən görüşü Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının qadınlar şurasının sədri Tənzilə Şıxıyeva açaraq görüş iştirakçılarına sentyabr ayının 26-na təyin olunmuş ümumxalq səsverməsi və bu səsverməni zəruri edən səbəblər haqqında ətraflı məlumat verdi.Görüşdə millət vəkili, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov çıxış edərək, saylı günlər sonra keçiriləcək referendumda 23 maddəyə dəyişiklik və 6 maddənin əlavə edilməsi, təklif olunan əlavə və dəyişikliklərin üçdə ikisinin insan hüquq və azadlıqları ilə əlaqədar olduğunu görüş iştirakçlarının diqqətinə çatdırıb. C.Osmanov, hər zaman olduğu kimi, 26 sentyabrda keçiriləcək referendumda ağdaşlı qadınların yaxından iştirak edəcəyini əminliklə qeyd edib.Seçicilərdən Şəhla Hacıbalayeva, Sədaqət Mustafayeva, Gülnarə Dadaşova, Vüsalə İsayeva və Dilarə Manafova Referendum Aktı layihəsi ilə yaxından tanış olduqlarını, 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində ağdaşlı qadınların yaxından iştirak edərək, həmrəylik nümayiş etdirəcəklərini və təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərini söyləyiblər.Sonda YAP Ağdaş rayon təşkilatının qadınlar şurasının sədri T.Şıxıyeva bir daha qadınları 26 sentyabrda referendumda fəal iştirak etməyə çağırdı.
NİZAMİ
Sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar Azərbaycanda təbliğat-təşviqat kampaniyası çərçivəsində Nizami rayon şöbəsi seçicilərlə növbəti görüşünü keçirib. Tədbirdə çıxış edən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Nizami rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə, idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir. Bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə - 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə müəyyən əlavə və dəyişikliklər edilib: "Ölkənin Əsas Qanununda müvafiq dəyişikliklərin edilməsi obyektiv zərurətdən irəli gəlir və Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial-siyasi, iqtisadi-hüquqi sahələrdə, o cümlədən, idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Əminliklə söyləmək olar ki, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək".YAP Siyasi Şurasının üzvü, Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Qaradağ rayon şöbəsinin sədri, millət vəkili Aydın Hüseynov konstitusiyaya əlavə və dəyişikliklərdən danışaraq bildirib ki, bu dəyişikliklər zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq.Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev, Respublika Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, həmiçinin, rayon sakinləri adından Heyranxanım İdriszadə və başqaları çıxış edərək qeyd ediblər ki, onlar dövlətimizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin referendum təşəbbüsünü alqışlayır və dəstəyini ifadə edir. Çıxış edənlər əminliklə bildiriblər ki, 26 sentyabr tarixində seçki məntəqələrinə gedərək, konstitusiyaya təklif olunan dəyişikliklərə "HƏ" deyəcəklər.
LAÇIN
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Laçın rayon şöbəsi qadın seçicilərlə görüş keçirib. Tədbiri millət vəkili Mahir Abbaszadə açaraq seçicilərə Konstitusiyada əlavə və dəyişikliklər edilməsinin ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ölkəmizin inkişafı, dövlət strukturlarında islahatların həyata keçirilməsi, ölkəmizin beynəlxalq konvensiyalara qoşulması və bu kimi amillərin Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsinə zərurət yaratdığını bildirib: "Bu gün hansı sahəyə baxsaq, Azərbaycanın və onun regionlarının sürətli tərəqqisi diqqət çəkir. Ölkəmizdə qazanılan nailiyyətlər, demokratik və hüquqi islahatlar sahəsində əldə edilən uğurlar, beynəlxalq aləmdəki nüfuz və digər sahələrdəki yüksəlişlər hər zaman yeniləşməni, təkmilləşməni bir tələb kimi qarşıya qoyur".YAP Laçın rayon təşkilatının qadınlar şurasının sədri Solmaz Məhərrəmova çıxış edərək bildirib ki, Referendum Aktı ölkədə Azərbaycan Konstitusiyası tərəfindən təminat verilmiş demokratizmin inkişafını nəzərdə tutur: "Konstitusiyaya təklif olunan dəyişikliklər dövlətimizin daha da güclü olması, xalqımız üçün daha geniş imkanların yaradılması baxımından çox önəmlidir".Daha sonra Nəcibə Hətəmova, Reyhan Hümbətova, Tamella Məmmədova, Lütfiyyə Cabbarova çıxş edərək, bütün qadınları sentyabrın 26-da seçki məntəqəsinə səsləyərək, müstəqilliyimizin əbədiliyinə, sarsılmazlığına, Vətənimizin daha da güclü və qüdrətli olmasına səs verməyə çağırıb.
MASALLI
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Azərbaycan Respublikasının konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təbliğat-təşviqat tədbirləri çərçivəsində Masallı rayonunun Həsənli kəndində seçicilərlə görüş keçirib."Yeni Azərbaycan" Təşviqat Qrupunun Masallı rayon şöbəsinin və YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev rayonda 26 sentyabr referendumu ilə bağlı fəal təbliğat işlərinin aparıldığını bildirib. "Yeni Azərbaycan" Təşviqat Qrupunun "Həmrəy olaq, "HƏ" deyək!" şüarı altında təşviqat apardığını qeyd edən sədr təklif olunan əlavə və dəyişikliklərin böyük qisminin hüquq və azadlıqların miqyasını genişləndirməyə xidmət edəcəyini diqqətə çatdırıb.Görüşdə YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə seçicilərə məlumat verib: "Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib. Hər bir dəyişikliyin zamanı, vaxtı olduğu kimi, artıq konstitusiyaya da əlavə və dəyişikliklər edilməsinin vaxtı çatıb. Bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern, inkişaf etmiş ölkəyə çevirəcək".Prezidentliyə namizədlərin yaş həddi məsələsinə də aydınlıq gətirən V.Rəhimzadə bildirib ki, konstitusiyanın 100-cü maddəsinə təklif edilən dəyişiklik prezidentliyə namizədlər üçün 35 yaş həddini aradan qaldırır: "Bu düzəlişə əsasən, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Bu, o deməkdir ki, 18 yaşı tamam olan və sadalanan kriteriyalara uyğun istənilən şəxs dövlət başçısı seçilə bilər".Görüşün sonunda seçiciləri maraqlandıran suallar cavablandırılıb.
YEVLAX
Referendum üzrə "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupu Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlax rayonunda seçicilərlə körüş keçirib.Görüşdə çıxış edən "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Səttar Mehbalıyev çıxış edərək bildirib ki, konstitusiyaya təklif edilən dəyişikliklər müasir dövrün çağırışlarının ortaya çıxardığı bir tələbdir. O, qeyd edib ki, dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm sahələri əhatə etməklə, olduqca mütərəqqi bir addımdır: "Bu dəyişikliklər Azərbaycanda siyasi və iqtisadi stabilliyin davamlılığını təmin etmək, dünyada cərəyan edən olduqca mürəkkəb proseslərin fonunda dövlətimizin təhlükəsizliyini qorumaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır".Görüşdə "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid çıxış edərək, vurğulayıb ki, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər Azərbaycan dövlətinin və vətəndaşlarının maraqlarına xidmət edir. Bu dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Yığıncaqda çıxış edən seçicilər də referendumda aktiv iştirak edəcəklərini, konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəkləyəcəklərini bəyan ediblər.
OĞUZ
Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində Oğuz rayonunda Filfilli kənd seçiciləri ilə görüş keçirib.Tədbiri giriş sözü ilə açan "Bələdiyyə" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Arif Cavadov 26 sentyabr 2016-cı il tarixdə ölkəmizdə keçiriləcək referendumda konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zərurətdən meydana gəldiyini vurğulayıb. A.Cavadov bildirib ki, bu gün Azərbaycan dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur: "Referendum Aktı layihəsində öz əksini tapan əlavə və dəyişikliklərin Azərbaycan dövlətinin inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edəcəyi labüddür. Prezidentimiz İlham Əliyev gənclərə daim diqqət və qayğı ilə yanaşmışdır. Əminəm ki, rayonumuzun ilk dəfə səs verəcək gəncləri də ölkəmizdə gedən inkişafı, tərəqqini və demokratik mühiti düzgün dəyərləndirəcək, referendumda aktivlik nümayiş etdirərək, təklif olunan layihənin lehinə səs verəcəklər".Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək, diqqətə çatdırıb ki, konstitusiyaya təklif olunana əlavə və dəyişikliklər ümumi inkişaf proqramlarının daha çevik, daha effektli şəkildə həyata keçirilməsinə imkan verəcək: "Konstitusiyaya əlavə və dəyişikliklərələ əlaqədar ümumxalq səsverməsinin keçirilməsi, məhz ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatların məntiqi davamıdır. Həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir". S.Məhərrəmov çıxışının sonunda bütün seçiciləri referendumda fəal iştirak etməyə, dövlətçiliyimizə və gələcək inkişafımıza "HƏ" deməyə çağırıb.Görüşdə çıxış edən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvü, rayon ağsaqqalı Emin Əzimli qeyd edib ki, bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern və inkişaf etmiş ölkəyə çevirəcək və gələcəyə yeni imkanlar açacaqdır.Görüşdə Filfilli kənd sakinləri Məmmədov Şakir və Mikayılov Mürvət ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və bu dəyişikliklərə, birmənalı olaraq, "HƏ" deyəcəklərini söyləyiblər.
BALAKƏN
Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupu Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında rayonun qadın fəalları ilə görüş keçirib.Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev konstitusiyaya edilən təklif və əlavələrin sosial sifariş olduğunu və mövcud uğurların bariz nəticəsi kimi qiymətləndirərək, bütün qadınları səsvermə günü həmrəy olub, dövlətçiliyimizin inkişafına naminə səsverməyə dəvət edib.Görüşdə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Nəsib Məhəməliyev ölkə konstitusiyasının yaranma tarixindən, o vaxtdan ötən müddət ərzində aparılan islahatlarından bəhs etdi. Millət vəkili, ölkəmizin sürətlə inkişaf etdiyini və qanunvericilik bazasına əlavə və dəyişikliklərin də bu inkişafın tərkib hissəsi olduğunu qeyd edib: "Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin 15 maddəsinin - təqribən 60 faizi insan hüquq və azadlıqlarının təminatına həsr edilib. Bu baxımdan, bütün seçiciləri, xüsusilə də, fəal qadınları 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi-referendumda fəal olmağa və Referendum Aktı layihəsinə səs verməyə çağırıram".Görüşdə çıxş edən Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun direktoru Yaqub Mahmudov Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. O bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Hazırda konstitusiyaya təklif edilən dəyişikliklər Azərbaycan cəmiyyətini indiki reallıqlara uyğunlaşdıraraq, ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyır.Görüşdə çıxış edən rayonun fəal qadınları sentyabrın 26-da seçkilərdə, öz gələcəyinin inkişafına dəstək olaraq, ümumxalq səsverməsində hamılıqla "Həmrəy olaq, HƏ deyək!" devizini dəstəkləyəcəklərini qeyd ediblər.
RƏFİQƏ KAMALQIZI,
RÖVŞƏN NURƏDDİNOĞLU,
İSMAYIL QULİYEV