Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq Azərbaycanda ilk dəfə olaraq turizm işçilərinin peşə bayramı qeyd edilib
Dünən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Holiday İnn" hotelində 27 sentyabr ölkəmizdə turizm işçilərinin peşə bayramı münasibəti ilə mətbuat konfransı keçirildi. Konfransda çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev turizm işçilərinin peşə bayramı münasibətilə təbriklərini çatdırdı: "Bu gün ölkəmizdə ilk dəfə olaraq turizm işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu Prezident İlham Əliyevin turizm sənayesinin inkişafına nə qədər önəm verdiyini bir daha sübut edir. Son bir neçə il ərzində ölkəmizdə qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 30 min insan çalışır".
Əbülfəz Qarayev Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamın icrası ilə əlaqədar həyata keçiriləcək işlərdən danışdı: "Bu Sərəncamda ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra böyük işlər görüləcək. Yaradılması nəzərdə tutulan Turizm Şurası ölkəmizin turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək. Ölkəmizdə turizm xidmətlərinin keyfiyyətinin daha da təkmilləşdirilməsi əsas istiqamətlərdəndir. Şura turizm sahəsinin inkişafı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər dövlət qurumları arasında əlaqələndirmə funksiyasını yerinə yetirəcək."
Azərbaycanın dünya turizm bazarındakı mövqeyindən söz açan nazir qeyd etdi ki, ölkəmizin turizm sənayesinin inkişafı dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir: "Azərbaycan bir sıra beynəlxalq turizm təşkilatlarının üzvüdür. Prezident İlham Əliyevin turizm sahəsinə qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir".
"Shopping festival"larının keçirilməsi ilə bağlı məsələyə toxunan Əbülfəs Qarayev vurğuladı ki, Bakıda bu festivalların təşkil olunması üçün hər cür şərait yaradılıb: "Belə festivallar ölkəmizin daxili maliyyə dövriyyəsinə güclü təkan verəcək. Biz təkliflər hazırlayıb aidiyyəti qurumlara təqdim etmişik. Bu festivalları 10-15 gün müddətində ildə iki dəfə keçirməyi düşünürük".
Ə.Qarayev sonda jurnalistlərin suallarını cavablandırdı.
NƏZAKƏT