PDF Oxu

Sosial

  • 34

Növbəti uğurlara və qələbələrə doğru!

Növbəti uğurlara və qələbələrə doğru!

Azərbaycan xalqı referendum nəticəsində sübut etdi ki, dövlət başçısı İlham Əliyev Cənablarının ətrafında sıx birləşib

Zaman-zaman ölkələrin konstitusiyalarında əlavələr, düzəliş və dəyişikliklər ümumxalq səsverməsi yolu ilə müəyyənləşdir. Zaman dayanmır və irəliyə doğru gedir, nəticədə dünya da inkişaf edir, tərəqqi yolunu tutur. Bu baxımdan, inkişafla uzlaşmaq üçün bir sıra dəyişikliklərə də ehtiyac duyulur.

Sentyabrın 26-da ölkəmizdə keçirilən referendum səsverməsi də özündə bu məqamları əks etdirdi. Azərbaycan xalqı ölkəmizin Ana Yasasında ediləcək dəyişikliklər üçün seçki məntəqələrinə getdi və tərəqqiyə və inkişafa "HƏ" dedi.

Bununla bağlı "SƏS" qəzetinə açıqlama verən tanınmış ictimai-siyasi xadimlər vurğuladılar ki, Azərbaycanın şanlı, müasir tarixinə yeni və daha demokratik mühit, inkişaf və tərəqqi səhifəsi açıldı.

ŞƏMSƏDDİN HACIYEV, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili:

- "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılması təklifi irəli sürülərkən, məndə belə bir inamlı təəssürat yarandı ki, ölkəmizin bütün sahələrdəki inkişafı üçün qanunların təkmilləşdirilməsi zərurəti, həqiqətən də, zamanın tələbidir. Bəli, bu, bilavasitə zərurətdən yaranan bir tələb idi və sentyabrın 26-da biz zərurətin reallaşmasına səs verdik. Çünki müstəqillik tariximizdə biz bir neçə dəfə bu prosesi keçmişdik, inkişaf zərurətini yaşayaraq onun tədbiqini dəstəkləmişik.

Azərbaycan Respublikasında demokratiya, yalnız dövləti idarə etmək üsulu deyildir. O, həm də hüquqlar sistemidir. Belə ki, hüquqlar demokratik-siyasi institutların ayrılmaz hissəsidir. Hüquq və azadlıqlar demokratik-idarəetmə sisteminin təməlidir. Demokratiyanın tələblərinə cavab vermək üçün ona mənsub hüquqlar vətəndaşlar üçün gerçəkdə mümkün olmalıdır. Səsvermə günü xalqımızın böyük əksəriyyəti seçici hüququndan istifadə edərək, bu yenilikləri dəstəklədi.

Referendum Aktında qeyd edilən əlavə və dəyişikliklərin nəticəsində ölkəmiz iqtisadi sahədə də ən müasir texnologiyalardan istifadə edərək, mütərəqqi inkişafa nail olacaq. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir müddət öncə bölgələrə səfəri zamanı vurğulayıb ki, yalnız neft sektoru üzrə iqtisadiyyatı saxlamaq mümkün deyil. Bunun üçün qeyri-neft sektorunun inkişafı, məsələn, pambıqçılığın inkişafında növbəti tarix yazmaq olar. Çünki bildiyimiz kimi, hələ sovet dönəmində Azərbaycanda pambıqçılığın inkişafına, bu sahənin daha geniş müstəvidə vüsət almasına xüsusi diqqət göstərilirdi. Həmin dövrlərdə - Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi vaxtlarda Onun ağ qızıl adlandırdığı pambıqçılıq sahəsi SSRİ-də öz sözünü demişdi. O cümlədən, xarici ölkələrdə də Azərbaycan pambığının adı dillər əzbəri olmuşdu. Taxçılçılıq, yüngül və ağır sənaye, eləcə də digər sahələrin hər birinin bundan sonra sürətli inkişaf trayektoriyasına daxil olması, məhz baş tutmuş referendum səsverməsindən sonra öz təsdiqini tapacaq.

Növbəti və üzərində çox dayanmaq istəmədiyim məsələlərdən biri də özlərini müxalifət adlandıran dırnaqarası "siyasi güclərin", bəzi ermənipərəst təşkilatların bir araya gələrək, ölkəmizin, dövlətçiliyimizin inkişafına qarşı çıxışlarıdır ki, biz bu dəfə də onların rüsvayçılıqlarını, xəyanət və satqınçılıqlarını müşahidə etdik. Bununla növbəti dəfə təsdiq olundu ki, xalq belə "müxalifətə" "YOX" deməklə, dövlətçiliyin yanında olduğunu sərgilədi. Bundan sonra isə belə dəyərsiz müxalifətin siyasət arenasında qalıb hansısa iddialarla çıxış etmələrinə lüzum qalmır. Çünki onlar tükənmişlərdirlər.

Sizin qəzetiniz - "SƏS" qəzeti vasitəsilə fürsətdən istifadə edərək, tərəqqiyə, inkişafa, mütərəqqi irəliləyişi dəstəkləmiş, buna səs vermiş hər bir azərbaycanlını təbrik edirəm!

ZƏRİFƏ QULİYEVA, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü:

- Qədirbilən, böyük xalıqımız sentyabrın 26-da seçki məntəqələrinə gedərək, Referendum Aktına "HƏ" dedi və sürətli inkişaf sektoru ətrafında öz birliyini növbəti dəfə nümayiş etdirdi. Hər bir vətəndaş, hər bir seçici yaxşı dərk edirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilmiş və böyük səs çoxluğu ilə dəstəkləmniş referendum ölkəmiz üçün özündə çox mühüm, çox lazımlı məsələri ehtiva edir.

Zamanın və reallığın tələbi olan konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum siyasi mənasına və mahiyyətinə görə dövlət həyatının ən mühüm məsələlərinin ümumxalq səsverməsinə qoyulması, xalqın rəyinin sorğusu, ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən siyasi-hüquqi islahatların nəticəsi kimi Azərbaycan demokratik inkişaf baxımından əksər Qərb dövlətlərini üstələyir. Azərbaycan bu gün dünyada insan haqlarının qorunduğu və qanunun aliliyinin təmin edildiyi demokratik ölkələrdən biri kimi qəbul edilir. Prezident İlham Əliyev səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə konsolidasiyalı demokratiyanın oturuşmasını labüdləşdirir.

Referendumu müşahidə etmiş çoxsaylı beynəlxalq müşahidəçilər, AŞPA və ATƏT-dən olan böyük nümayəndə heyətləri, nüfuzlu exit-poll qurumları da bu faktoru kifayət qədər təsdiq etmiş oldu. Artıq bütün dünya gördü və dərk etdi ki, müstəqil Azərbaycan dövləti qarşısına bir məqsədi qoyub və bu məqsədində qətiyyətlidir - xalqın, ölkənin, dövlət maraqlarının inkişafında və tərəqqisində yalnız irəliyə doğru istiqamət almaq.

Əlbəttə ki, biz də dəyişikliklərə və əlavələrə dəstək olaraq, ilk növbədə, Prezident İlham Əliyevin ətrafında sıx birləşib, növbəti uğurlarımıza, növbəti qələbələrimizə doğru birgə addımlayacağıq.

Referendumun uğurlu nəticələrindən bizlər də sevinir və böyük fəxarət hissi keçiririk.

MEHRİBAN ABASQULİYEVA, YAP Sabunçu rayon təşkilatının sədri:

- Azərbaycan Respublikasının ictimai-siyasi həyatında çox mühüm bir hadisə olan referendum uğurla başa çatıb. Xalqımız referendumda yüksək fəallıq nümayiş etdirdi və biz bu fəallığın yerli və xarici müşahidəçilərin fikirlərindən də gördük. Beləliklə, referendumda iştirak edənlərin tam əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə konstitusiyaya təklif edilən dəyişikliklərə "HƏ" dedi.

Azərbaycan xalqı referenduma "HƏ" deməklə, öz Prezidentinin ətrafında daha sıx birləşdiyini, Onun siyasətini dəstəklədiyini növbəti dəfə nümayiş etdirdi. Belə ki, möhtərəm ölkə başçımız, həmişə vurğulayır ki, Azərbaycanda aparılan siyasət sosialyönümlü siyasətdir və bu siyasətin mərkəzində Azərbaycan vətandaşı dayanır. Azərbaycan xalqı bu siyasətə cavab olaraq, həmişə olduğu kimi, bu dəfə də öz Prezidentini dəstəklədi və bir daha sübut olundu ki, xalq Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Konstitusiyaya edilən əlavə və dəyişikliklər, bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir.

Digər tərəfdən, bu əhəmiyyətli dəyişikliklər ölkədə başlamış iqtisadi islahatların sürətləndirilməsinə və genişləndirməsinə, qeyri-neft sektorunun birinci növbədə kənd təsərüfatının ənənəvi sahələrinin inkişafına, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni sosial lahiyələrin yerinə yetirilməsinə təkan verəcək.

Bu baxımdan, mən də referendumun uğurla başa çatması münasibəti ilə dövlətini, vətənini, onun inkişafını istəyən hər bir vətəndaşımızı təbrik edirəm, Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi sahəsində qarşıda duran bütün vəzifələrinin həyata keçirilməsində uğurlar diləyirəm. Biz, bundan sonda daha böyük nailiyyətlərə və uğurlara doğru inamla addımlamağa davam edəcəyik.

R.HÜSEYNOVA

Digər xəbərlər