TEZİS ƏSAINDA
Beynəlxalq müşahidəçilər referendum prosesinin beynəlxalq standartlara uyğun keçdiyini qətiyyətlə vurğuladılar
Sentyabrın 26-da Azərbaycan xalqı ölkə konstitusiyasında dəyişikliklərə dair referendum səsverməsinə böyük fəallıqla qatıldı və bu mühüm addımla, bir daha sübuta yetirildi ki, dövlətimiz demokratiya yolunda daha nəhəng addımlar atmağa qadirdir. Əbəs yerə deyil ki, baş tutmuş referendumla bağlı dünyanın bir çox aparıcı media qurumları, səsverməni izləyən nüfuzlu təşkilatların diqqəti, məhz Azərbaycanda oldu.
Diqqətçəkici məqam isə Azərbaycanı gözü götürməyən bəzi xarici qüvvələrin, qeyri-hökumət təşkilatlarının hələ referendumun keçirilməsi ilə bağlı təkliflər səslənərkən, bu məsələ ətrafında siyasi manipulyasiyalara, simulyasiyalara yol vermələri, qərəzli bəyanatlar səsləndirib istər ölkədaxili auditoriyada, istərsə də beynəlxalq gündəmdə ictimai rəyi çaşdırmağa cəhd etmələri oldu. Lakin onların bu cəhdləri, sentyabrın 26-da puç oldu və bunu biz deyil, Azərbaycanda referendumla bağlı səsverməni izləyən xarici müşahidəçilər öz hesabatlarında vurğulayırlar.
Avropa İttifaqi Regional Komitə üzvlərindən ibarət müşahidə qrupu: "Seçicilər müstəqil və kənar müdaxilə olmadan səsvermədə iştirak edərək öz iradələrini ifadə etdilər"
Avropa İttifaqı Regional Komitəsinin 4 üzvündən ibarət müşahidə qrupu konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumunu müşahidə etmək üçün Azərbaycana səfər etdi və səsvermə günü prosesləri yaxında izlədi.
Qurumun hesabatında bildirilir ki, müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan konstitusion dəyişikliklərin məzmununu və legitimliyini araşdırdı, ümumxalq səsverməsi günü, 26 sentyabrda, 10 dairənin 2 məntəqəsində səsvermə prosesini izlədi, araşdırmalar və müşahidələr əsasında aşağıdakı nəticələrə gəldi:
- Referendumun keçirilməsi suveren Azərbaycan dövlətinin səlahiyyətinə aiddir və bu barədə qərar milli qanunvericiliyə uyğun qəbul edilib.
- Referenduma çıxarılan dəyişikliklər, əsasən, ölkədə idarəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə xidmət edir.
- Müşahidə qrupunun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermənin gedişatını müşahidə etmələrinin şahidi oldular.
- Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilmişdi.
- Məntəqələrdə seçici aktivliyi yüksək idi, səsvermə prosesi dinc şəraitdə həyata keçdi.
- Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarının və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Seçicilər müstəqil və kənar müdaxilə olmadan səsvermədə iştirak edərək, öz iradələrini ifadə etdilər.
- Səsvermə başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılmasını izlədilər və digər müşahidəçilərə bülletenlərin sayılması prosesini də izləməyə maneçilik törədilmədiyinin şahidi oldular.
Hesabatın sonunda komitə üzvləri - Finlyandiyadan olan Paulina Haijanen, Estoniya təmsilçiləri Müürsepp Kurmet və Sukles Urmas, Latviyadan olan nümayəndə Dainis Turlais imza ataraq vurğulayıblar. SİTAT: "Beləliklə, belə bir nəticəyə gəlirik ki, konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumu legitimdir və onun nəticələri Azərbaycan xalqının iradəsinin müstəqil və azad şəkildə ifadəsini əks etdirir".
Avropa Xalq Partiyasının Müşahidə Nümayəndə heyəti: "Vətəndaşlar hər düzəliş üzrə öz səsini verə bildi, bu isə hər seçicinin səsvermə kabinəsində həmişəkindən daha çox qalmasına səbəb oldu"
Digər nüfuzlu Avropa təşkilatı - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəvəti əsasında Avropanın aparıcı siyasi ailəsi olan EPP-nin - Avropa Xalq Partiyasının nümayəndə heyəti də referendumla bağlı ölkəmizdə səfərdə olub və səsverməni izləyib. Belə ki, nümayəndə heyəti 7 dövləti təmsil edən və digər seçki müşahidələrində təcrübəyə malik 11 üzvdən, o cümlədən, Avropa Parlamenti və milli parlamentlərin hazırkı və keçmiş üzvləri, Avropa İttifaqı hökumətlərinin keçmiş üzvlərindən ibarət olub.
Bəyanatda vurğulanır: "Nümayəndə heyəti səsvermə günündən əvvəl bəzi seçki məntəqələrində hazırlıq işləri ilə tanış olmuş və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşmüşdür. Mərkəzi Seçki Komissiyası vətəndaşların ətraflı məlumatlandırılması, eləcə də səsvermə günü üçün nəzərdə tutulmuş prosedurlarla bağlı bütün hazırlıq işlərindən ibarət geniş təhlil təqdim etmişdir. Bizə məlumat verildi ki, səsə qoyulacaq 29 düzəlişin tam mətni və hazırkı konstitusiya mətni ilə fərq səsvermədən bir ay əvvəl bütün vətəndaşlara çatdırılmışdır. Mərkəzi Seçki Komissiyasının bütün qaydaları müsbət təcrübələrə və beynəlxalq standartlara uyğun idi".
"İlk olaraq onu vurğulamaq lazımdır ki, bu gün biz 1 deyil, 29 referendumun şahidi olduq, çünki Azərbaycan Respublikası vətəndaşları hər düzəliş üzrə öz səsini verə bildi, bu isə hər seçicinin səsvermə kabinəsində həmişəkindən daha çox qalmasına səbəb oldu"-deyə qeyd edilən bəyanatda daha sonra bildirilir ki, EPP nümayəndə heyəti səsvermə məntəqəsində açılış prosedurlarında iştirak etdi və səsvermə müddətində digər məntəqələrə baş çəkdi, eləcə də səsvermə məntəqələrindən birinin bağlanması prosesini müşahidə etdi: "Baş çəkilən bütün məntəqələrdə prosedurlar beynəlxalq normalara uyğun idi, seçicilərə müvafiq kömək göstərilirdi, böyük əksəriyyət prosesin mahiyyəti və səsvermə proseduru barədə yaxşı məlumatlanmışdı, eyni zamanda hərbçilər, yaxud polis işçilərinin olmadığı qeydə alındı".
Qurumun bəyanatında diqqətçəkici məqamlardan biri də MSK-nın iş fəaliyyətinin operativliyi ilə bağlıdır. SİTAT: "Səsvermə bağlandıqdan sonra nümayəndə heyətimizin bəzi üzvləri hazırda səslərin sayılması prosesini izləyir. Prosesin xüsusi şərtləri səbəbindən, səslərin sayılması uzun çəkəcək, lakin Mərkəzi Seçki Komissiyası sürətli iş üslubu seçmişdir.
Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) Missiyası: "Seçicilərə adlarının seçici siyahısında olub-olmamasını MSK-nın veb-saytında yoxlamaq üçün şərait yaradılmışdır"
12 Avropa ölkəsindən olan 35 parlamentari və ekspertləərin cəmləşdiyi Avropa Seçkilərin Müşahidəsi Akademiyası da bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, beynəlxalq QHT-nin üzvü kimi, 26 sentyabr 2016-cı il Konstitusiya İslahatlarına dair referendumunu müşahidə edib. Belə ki, müşahidəçilərin çoxu Avropa Şurası Parlament Assambleyası və ya ATƏT Parlament Assambleyası kimi qurumların indiki və keçmiş üzvü olaraq, seçkilərin və referendumun müşahidəsində böyük təcrübəyə malikdir.
Vurğulanır ki, bu referendum səsvermənin ədalətli və azad keçirilməsini təmin edən cari Azərbaycan Respublikası qanunvericiliyinə, əsasən təşkil edilmişdir: "Mərkəzi Seçki Komissiyası (MSK) əmin etmişdir ki, kampaniyalar üçün kifayət qədər yer, eyni zamanda pulsuz efir vaxtı və qəzetlərlərdə bölmələr ayrılmışdır. Qeyd edilmişdir ki, referendum günündən 1 ay əvvəl 29 düzəlişin hamısı poçt kuryeri vasitəsilə bütün Azərbaycan vətəndaşlarına çatdırılmışdır.
Seçicilərə adlarının seçici siyahısında olub-olmamasını MSK-nın veb-saytında yoxlamaq üçün şərait yaradılmışdır. Bir neçə dəfə səsvermənin qarşısını almaq məqsədilə adları seçici siyahılarında olmayan seçicilər şəxsiyyət vəsiqələrini təqdim etməklə, adlarını siyahıya əlavə etdirmiş və səs vermişlər.
Beynəlxalq müşahidəçilər səsvermə bülletenində təklif edilən 29 düzəlişin hər biri barədə ayrı-ayrılıqda seçicilərin fikrinin soruşulmasını müsbət qarşılayır. Bununla, bütövlükdə təklif edilmiş islahatlar barədə bir qlobal rəyin formalaşmasının qarşısı alınmışdır".
"ASMA müşahidəçiləri referendum günü Bakıda və onun ətrafında təxminən 20 dairə üzrə müşahidə aparmışdır"-deyə qeyd edilən bəyanatda bildirilir. SİTAT: "Referendum günü ölkə boyu dinc keçmiş, səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş olmuşdur. Yerli orqanlar və polisin seçki prosesinə müdaxiləsi müşahidə edilməmişdir. Seçicilərin qeydiyyatı ilə bağlı problemlər olmamışdır. Səsvermə gizli keçirildi və bununla bağlı problem müşahidə edilməmişdir. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada aparılırdı.
Mərkəzi Seçki Komissiyasının səsvermə məntəqələrinin 20%-də quraşdırdığı veb-kameralar səsvermə proseslərini onlayn müşahidəyə imkan yaradırdı.
Daha sonar bildirilir ki, səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını tam izlədi və heç bir mühüm problem qeydə almadı: "Biz nəticələrlə bağlı rəsmi protokolların surətinin müşahidəçilərə paylanması faktını təqdirəlayiq hesab edirik. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi.
Referendum seçicilərin böyük əksəriyyəti tərəfindən dəstəklənmişdir. Venesiya Komissiyası ilkin rəyində insan hüquqları sahəsindəki islahatlar barədə müsbət fikirlər bildirmiş, lakin prezident mandatını gücləndirən təklifləri tənqid etmişdir. Biz, xarici müşahidəçilər kimi, düzəlişlərin mahiyyətinə müdaxilə etmək istəmirik. Lakin qeyd edirik ki, Azərbaycan xalqı güclü icra hakimiyyətinə dəstəyini açıq-aydın ifadə etdi. Bu, referendum günü beynəlxalq müşahidəçilərə müraciət edən bir çox seçicilər tərəfindən ifadə edilmişdir. Seçicilər qeyd etmişlər ki, Ermənistanla davam edən müharibə, geosiyasi qeyri-sabitlik, fundamentalizmin artması, terrorçuluq təhdidi və beynəlxalq iqtisadi və maliyyə böhranı bugünkü çətin dövrdə istənilən təhdid və problemləri həll etməyə qadir olan güclü və möhkəm hökumətə imkan yaradan konstitusiya modelini dəstəkləmək üçün əsas səbəblərdir".
Sonda, beynəlxalq müşahidəçilər ölkəni sabit və demokratik institutlar yaratmağı davam etdirməyə çağırır və Azərbaycan hakimiyyətini Venesiya Komissiyası ilə sıx əməkdaşlığa dəvət edir. Onlar eyni zamanda ölkəni beynəlxalq demokratik standartları və xüsusilə, ATƏT və Avropa Şurasının qətnamə və öhdəliklərinə riayət etməyi davam etdirməyə həvəsləndirir.
Onlar, həmçinin bütün beynəlxalq təşkilatları Mərkəzi Seçki Komissiyası və Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoqu davam etdirməyə çağırır.
Bəyanat 35 beynəlxalq müşahidəçi adından, deputat Anglu Farrugia, Malta Parlamentinin Spikeri, ASMA Müşahidə Missiyasının rəhbəri tərəfindən imzaları ilə təsdiqini tapıb.
Beynəlxalq QHT-lər qrupu: "Konstitusiya referendumu günü ərzində ölkədə mühitin dinc və sakit olduğunu müşahidə etdik"
Sentyabrın 26-da baş tutmuş referendum səsverməsini Beynəlxalq QHT-lər qrupu da izləyib. Seçkilərin nəticəsi barədə qrupun yaydığı press-relizdə bildirilir ki, Azərbaycan Respublikasında keçirilmiş konstitusiya referendumu ölkənin siyasi sabitliyinin yeni zəmanətidir. Belə ki, Azərbaycan vətəndaşlarının səsverməsinə təqdim edilmiş konstitusiyaya düzəlişlər azadlıqları gücləndirəcək və demokratiyanı müdafiə edəcək. SİTAT: "Bu düzəlişlər hər hansı hakimiyyət boşluğunun qarşısını alaraq, ölkə institutlarının sabitliyini təmin edəcək. Türkiyədə baş vermiş son hadisələri nəzərə alsaq, bu, həyati əhəmiyyət kəsb edən məsələdir.
Beləliklə, biz konstitusiya referendumunun nəticələrini olduqca diqqət mərkəzində saxlayırıq. Avropa İttifaqının tərəfdaş dövlətində siyasi sabitlik və vətəndaşların azadlıqlarının qorunması beynəlxalq əlaqələrin inkişafının mühüm zəmanətidir. Komandamız 49 səsvermə məntəqəsində müşahidə apardı və 5 məntəqədə səslərin sayılmasını izlədi. Səsvermənin yüksək səviyyədə keçdiyini müşahidə etdik, səslərin sayılması prosesində qanun pozuntularının şahidi olmadıq, bu isə prosesin Azərbaycan vətəndaşlarının gözləntilərinə cavab verdiyinin aydın göstəricisidir. Biz, eyni zamanda konstitusiya referendumu günü ərzində ölkədə mühitin dinc və sakit olduğunu müşahidə etdik".
Press-relizi imzalayanlar - Belçikanın Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin nümayəndəsi və Belçikanın Polis üzrə Araşdırma Mərkəzinin nümsayəndəsi Bourdoux Gilis təmsil olunduqları Beynəlxalq QHT qrupu adından onlarla əməkdaşlıq edən Belçika İnsanlar Arasında Əməkdaşlığın Yenilənməsi Alyansına da təşəkkür ediblər.
Nəticədə, bir daha təsdiq olunub ki, bəzi qərəzli beynəlxalq qurumların iddialarına baxmayaraq, onların Azərbaycanda baş tutmuş referendumla bağlı çabaları nəticəsiz qalıb. Çünki faktlar tamamilə əksini göstərir.
Rövşən NURƏDDİNOĞLU