Nardaran Bilik Evində 5-ci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Osvald fon Volkenstayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin və Bakı Slavyan Universitetinin nəzdindəki Germanistika İnstitutunun professoru xanım Ziqlinde Hartman "Azərbaycan multikulturalizminin üfüqləri" mövzusunda mühazirə oxuyub. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilib.
Görüşdə fondun aparat rəhbəri, professor İsaxan Vəliyev Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə keçdiyini, Prezident İlham Əliyevin açılış nitqinin qonaqlarda xoş təəssürat yaratdığını vurğulayıb.
İ.Vəliyev Z.Hartmanın Azərbaycan həqiqətlərinin Avropada yayılmasında, tarix və mədəniyyətimizin təbliğində, xüsusilə, "Kitabi-Dədə Qorqud" dastanının alman oxucularına çatdırılmasında xidmətlərini qeyd edib.
Nardaran Bilik Evinin və 295 nömrəli orta məktəbin direktoru, Milli Məclisin deputatı Dilarə Cəbrayılova Azərbaycan-alman dostluğunun tarixindən danışıb, maraqlı mühazirə və yaddaqalan görüşə görə fonda və alman alimə minnətdarlığını bildirib.
Z.Hartman Bilik Fondu tərəfindən keçirilən, xalqın marağına səbəb olan çoxlu sayda layihələrin əhəmiyyətini vurğulayıb.
Qəsəbə sakinləri, müəllim və şagirdlər alman aliminin fikirlərini maraqla dinləyiblər. Onların sualları cavablandırılıb.
NƏZAKƏT