PDF Oxu

Sosial

  • 175

Xaricdə yaşayan soydaşlarımız vahid azərbaycançılıq fəlsəfəsi altında birləşiblər

Xaricdə yaşayan soydaşlarımız vahid azərbaycançılıq fəlsəfəsi altında birləşiblər

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlərin əldə edilməsi, ölkənin hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarının möhkəmləndirilməsi, beynəlxalq aləmdə tutduğu mövqeyi, regionun lider dövlətinə çevrilməsi, məhz Böyük Şəxsiyyət Azərbaycan xalqının müstəqillik tarixinə Xilaskar olaraq adı həkk edilən Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin, inkişaf strategiyasının məntiqi nəticəsidir. Həyata keçirilən düşünülmüş müdrik siyasətin nəticəsində, ölkə daxilində milli birlik möhkəmlənib, dünya azərbaycanlıları arasında həmrəylik güclənib, eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız milli maraqları ətrafında sıx birləşərək, Azərbaycanın gələcək rifahı naminə mövqe nümayiş etdirirlər. Azərbaycan mövcud nailiyyətləri bu gün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün qurur mənbəyidir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan güclü, lider dövlətə çevrilməklə yanaşı, xaricdəki soydaşlarımız da azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlandılar. Dahi Öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyini XXI əsrin astanasında daha böyük məna və əhəmiyyət kəsb etdiyini bəyan edirdi: "Müstəqillik qazandıqdan sonra ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın Dünya birliyində layiqli yer tutmasına, eyni zamanda, bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçməsinə geniş imkanlar açır".

ÜMUMMİLLİ LİDER XALQIN BİRLİYİNİN SİYASİ VƏ NƏZƏRİ ƏSASLARINI İRƏLİ SÜRDÜ

Bəllidir ki, 1993-cü ilin iyun ayınadək Azərbaycanda vətəndaş həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki qarşıdurmalar daha da kəskinləşərək, siyasi böhrana gətirib çıxarmışdı. Müstəqilliyimizin ilk illərində dövlətə rəhbərlik edən qüvvələr xarici siyasətin prioritet istiqamətlərindən biri kimi diaspor quruculuğuna diqqət yetirməmiş, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Azərbaycan ilə əlaqələrinin genişləndirilməsi, problemlərin həllində onların geniş potensialından istifadə edilməsinə etinasızlıq göstərmişlər. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhvolma təhlükəsindən xilas etdi. Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər gördü, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürdü. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam" - deyən Ulu Öndər yeritdiyi siyasətlə dünya azərbaycanlılarının Liderinə çevrildi. Dahi Öndər Heydər Əliyev dünya azərbaycanlılarının ilk növbədə, öz milli kimliklərini dərk və hifz etməyi, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmağı, inkişaf etdirməyi qarşısında duran vəzifə kimi dəqiq və aydın müəyyənləşdirdi. Azərbaycanın ən böyük problemi olan Ermənistanın təcavüzü məsələsinin dünyada ədalətli mövqedən, obyektiv təbliği istiqamətində ardıcıl işlər görmələrini diqqətə çəkirdi. Bu və ya digər vəzifələrin uğurla icrasını təmin etmək üçün Ulu Öndər, ilk növbədə, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (sonradan Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması haqqında Fərman verdi, 2001-ci ilin noyabrında isə Dünya Azərbaycanlılarının Birinci Qurultayını keçirildi. Bu tədbir xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, ümummilli ideyalar ətrafında birləşməsi və təcavüzkar düşmənə qarşı mübarizəsinin təşkili baxımından böyük hadisə idi. Məhz bundan sonra dünya ölkələrində saxtakar erməni təbliğatına ilk sarsıdıcı zərbələr endirilməyə başlandı.

Ulu Öndər Heydər Əliyevin xaricə səfərləri zamanı iş cədvəlinin zənginliyinə və gərginliyinə baxmayaraq, həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlər keçirir, onların problem və qayğıları ilə yaxından maraqlanaraq, tövsiyələrini verirdi: "Bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycanı özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin müstəqillik və dövlətçilik amalları, doğma respublikamızın qayğıları, probleməri ilə yaşamalı, vətən qarşısında övladlıq borcunu dərk etməlidir. Bütün azərbaycanlılara, bu və ya digər tellərlə ölkəmizlə bağlı olan hər bir şəxsə azərbaycançılıq, vətənpərvərlik hissləri, tarixi torpağımıza, dilimizə, mədəniyyətimizə, mədəni irsimizə və dövlət rəmzlərimizə məhəbbət aşılamaq hamımızın ümdə vəzifəsidir", - deyirdi Ulu Öndər.

SÜRƏTLƏ İNKİŞAF EDƏN AZƏRBAYCAN BÜTÜN DÜNYA AZƏRBAYCANLILARININ VƏTƏNİDİR

Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bu gün Onun layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi, məhz Ümummilli Lider Heydər Əliyevdir. Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan Prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun və obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir. Onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini verir. Prezident İlham Əliyev hər zaman bildirir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini və tarixini lazımi səviyyədə təbliğ edirlər.

Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn, günümüzün gerçəkliklərini özündə əks etdirən hakim dövlət ideologiyasına çevrilib. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində dünyanın bütün ölkələrindəki Azərbaycan diasporu çox mütəşəkkil birləşib və onların fəaliyyət dairəsi daha da genişlənib. İndiki mərhələdə diasporumuzun qarşısında əsas məqsədlərdən biri də yaşadıqları ölkədə digər xalqların diaspor təşkilatları ilə əməkdaşlıq etmək, zərurət yarandıqda, onlarla bir mövqedən çıxış edə bilmək və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında onların dəstəyini qazanmaqdır.

İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, müxtəlif ölkələrdə Azərbaycan diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da öz dəstəyini göstərə bilirlər: "Azərbaycan dövləti özünü qoruyur və qoruyacaqdır. Ancaq mən çox şadam ki, diaspor təşkilatlarımız, nəinki erməni lobbi təşkilatlarına tutarlı cavab verir, eyni zamanda, onlar özləri orada Ermənistana qarşı çox ciddi və real faktlar əsasında qurulmuş təbliğat işləri aparırlar. Mən xaricdə çalışan səfirlərimizlə görüşlərdə həmişə demişəm və bu gün də demək istəyirəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır. Bizim diplomatiyamız müdafiə, özünümüdafiə xarakteri daşımamalıdır".

Bu gün Azərbaycan daha güclüdür və hazırda diaspor təşkilatlarını sayı 400-dən artıqdır. Bu gücün təməlində təkcə Azərbaycanın iqtisadi və hərbi qüdrəti deyil, həm də sıx milli birlik dayanır. İndi sürətlə inkişaf edən Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər