PDF Oxu

Sosial

  • 1 387

Azərbaycan səhiyyəsinin inkişafı ölkəmizin iqtisadi gücünün və siyasi sabitliyin təzahürüdür

Azərbaycan səhiyyəsinin inkişafı ölkəmizin iqtisadi gücünün və siyasi sabitliyin təzahürüdür

Xalqına və millətinə misilsiz xidmətləri ilə yaddaşlara əbədi həkk olan Ulu Öndər Heydər Əliyevin milli maraqlara yönələn siyasəti Azərbaycanı qısa bir zamanda dinamik inkişaf yoluna çıxartdı. Ulu Öndər Heydər Əliyev siyasi dünyagörüşü, zəngin təcrübəsi ilə Azərbaycan dövləti və xalqı üçün böyük işlərə imza atdı. Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin, azərbaycançılıq ideyasının elmi-nəzəri və təcrübi əsaslarını yaradan görkəmli dövlət xadimi kimi, adını tarixə əbədi olaraq həkk edib. Xalqın təkidli tələbi ilə dünya şöhrətli siyasətçi Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə yenidən qayıdışından sonra, Azərbaycan Respublikası tam müstəqil dövlət kimi möhkəmlənmiş, Onun dünya miqyasında layiqli yer tutmasına şərait yaratmışdır.

Müasir və yeniləşmiş dövlətimizin Memarı və Qurucusu Heydər Əliyev Azərbaycanın bütün sahələrinin inkişafı ilə yanaşı, səhiyyənin də sivil ölkələr səviyyəsinə yüksəlməsinə bütün gücünü sərf etmişdir. İnsanların fiziki və ruhi sağlamlığı ölkənin inkişafında həlləedici rol oynayan amillərdən olduğundan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, eləcə də, ondan əvvəl sovet imperiyasının tərkibində olduğumuz zamanda Azərbaycan səhiyyəsinə böyük tələbkarlıqla yanaşı, bu istiqamətdə bir çox layihələrin gerçəkləşməsi əhalinin sağlamlığına xidmətin əsasında dayanırdı.

Ötən əsrin 60-cı illərinin sonu - 70-ci illərin əvvəllərində, Dahi Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf dövrü başladı. Ümummilli Lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlər kompleksinə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, eləcə də, əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Qısa vaxt ərzində, ölkədə Ulu Öndərin, bilavasitə iştirakı ilə bir sıra səhiyyə ocaqları, o cümlədən, Urologiya Xəstəxanası, Diaqnostika Mərkəzi, Neyrocərrahiyyə Mərkəzi, Toksikoloji Mərkəz, Ailə Planlaşdırması Mərkəzi və sair tibb müəssisələri yaradıldı və əhalinin istifadəsinə verildi. Milli Onkologiya Mərkəzinin yeni korpusunun və Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun yeni kompleksinin tikintisinə başlandı.

Dahi Öndər Heydər Əliyevin əsasını qoyduğu işlərin bir hissəsi, müvəqqəti olaraq təxirə salınsa da, O öz ideyalarını 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra yenidən həyata keçirməyə başladı. 1992-1993-cü illərdəki çətin proqnozlaşdırılan, müvafiq surətdə təşkil edən inflyasiya əhalinin sağlamlığının pisləşməsinə şərait yaratmışdır. Demoqrafik göstəricilərin pisləşməsi ilə yanaşı, təhlükəli infeksion xəstəliklərin dinamikası da mənfi istiqamətdə dəyişmişdi. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsi olaraq, bir sıra fərman və sərəncamlar imzalandı. Ulu Öndər Heydər Əliyevin qayıdışından sonra tibb sahəsində həyata keçirdiyi islahatlar səhiyyənin səmərəsinin intensivləşdirilməsinə baza yaratdı. 90-cı illərin əvvəlləri xalqımızın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə səhiyyədə qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra Onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində bəhrəsini verdi. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il tarixli Sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradıldı.

Bütün bunlarla yanaşı, səhiyyə sahəsində beynəlxalq əlaqələrin genişlənməsinə də diqqət ayrıldı. Bu cür əlaqələr inkişaf etmiş ölkələrlə inteqrasiyaya imkan yaratdı. Elə buna görə də ayrı-ayrı qurum və təşkilatlarla beynəlxalq əlaqələrə diqqət verildi. 1994-cü ildən başlayaraq, Respublika Səhiyyə Nazirliyində xarici əlaqələr üzrə xüsusi əlaqələr yaradıldı. Bu şöbə yarandığı vaxtdan öz fəaliyyətini milli səhiyyənin Ümumdünya Səhiyyə Təşkilatı, BMT Uşaq Fondu kimi öncül beynəlxalq strukturlar və ölkədə təmsil olunan bir sıra qeyri-hökumət beynəlxalq humanitar təşkilatlarla fəal əməkdaşlığı üzərində qurdu. Xarici əlaqələr şöbəsinin qarşısında, ilk öncə, ÜST-ün Avropa Bürosu ilə sıx əməkdaşlıq çərçivəsində proqramlar silsiləsini həyata keçirmək vəzifəsi dururdu. Gənc müstəqil dövlət ölkənin başlıca iqtisadi, sosial və digər xarakterli problemləri sırasında milli səhiyyənin də öncül məsələlərini həll etməli idi. Bu məsələlər Azərbaycan Respublikası hökuməti və ÜST Avropa Bürosu kooperasiyasının fəaliyyətini qaydaya salan sənədlərdə əksini tapdı.

Səhiyyə sahəsində bir sıra proqramların icrasına başlanıldı. Bildiyimiz kimi, vərəm DOT proqramının həyata keçirilməsinə 1995-ci ildən başlanmışdır. Bununla əlaqədar olaraq vərəmin profilaktikası, diaqnostikası və müalicəsi üzrə Ümumdünya Səhiyyə Təşkilatının proqramı Azərbaycanın üç bölməsində - Bakıda, Lənkəranda və Xaçmazda uğurla həyata keçirildi.

1996-cı ilin göstəriciləri ilə müqayisədə malyariya ilə bağlı vəziyyətin xeyli yaxşılaşması yalnız Ümumdünya Səhiyyə Təşkilatı proqramının təchizinə başlamış Səhiyyə Nazirliyinin böyük səyləri nəticəsində mümkün olmuşdur. Xarici əlaqələr şöbəsi beynəlxalq və donar təşkilatlar, hər şeydən öncə UNİSEF, Sərhədsiz həkimlər, Qızıl Xaç Federasiyası və İtaliyanın AGIP neft şirkəti ilə əlaqədar çərçivəsində bütün imkan və ehtiyatları malyariya ilə mübarizəyə səfərbər etmişdir. Səhiyyə Nazirliyinin, onun beynəlxalq əlaqələr şöbəsinin ÜST ilə sıx əməkdaşlığı poliomielit ilə xəstələnməni nəzarət altına almağa imkan vermişdi.

1993-2000-ci illərdə səhiyyə sahəsində bir sıra fundamental qanunlar ("Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) qarşısının alınması haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" və s.) qəbul edildi.

Ümummilli Liderin başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq, iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin dinamik iqtisadi inkişafı demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Səhiyyədə yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqamətlərindəndir.

Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, hətta mübaliğəsiz desək, onları üstələyir. Respublika Klinik Uşaq Xəstəxanasında, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Uşaq Nevroloji Xəstəxanasında, Respublika Diaqnostika Mərkəzində, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 4 korpusunda, 3 nömrəli Klinik Uşaq Xəstəxanasında, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında, Şirvan şəhər Mərkəzi Xəstəxanasında, Bərdə rayon Doğum Evində təmir və yenidənqurma işləri aparılmış, Ağdaş, Şəki, Tovuz, Daşkəsən, Şabran rayonlarında yeni mərkəzi xəstəxanalar, Ucarda Uşaq Xəstəxanası və s. tikilib istifadəyə verilmişdir. Hər bir tibb müəssisəsi müasir tibbi avadanlıq və inventarla təchiz olunub. Bu, onun göstəricisidir ki, Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsinə uyğunlaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev "biz artıq Azərbaycan standartlarından da danışa bilərik" deməklə, Azərbaycan səhiyyəsindəki gerçəkliklərə əsaslanır: "İndi dünya səviyyəsində müxtəlif elmi mərkəzlər var və bizim mərkəzlər - son illər ərzində təmir edilmiş, yaxud da ki, yeni tikilmiş mərkəzlər bütün cəhətlərdən ən yüksək səviyyədədir: həm keyfiyyət, həm rahatlıq, palataların ölçüləri, xəstələrə, həkimlərə yaradılmış şərait və əlbəttə ki, avadanlıq."

Uğurlarla yanaşı, ölkəmizdə səhiyyə sahəsində hələ görüləsi işlər çoxdur. Elə buna görə də, Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılmışdır. Konsepsiyanın müvafiq bölümündə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulur. Səhiyyə sisteminin islahatları nəticəsində, əsasən, stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır.

Eləcə də, yoluxucu xəstəliklərin profilaktikası məqsədilə müvafiq tədbirləri nəzərdə tutan 2015-2020-ci illər üçün sanitariya-epidemioloji xidmətin İnkişaf Proqramı hazırlanıb. Bununla yanaşı, qeyri-infeksion xəstəliklərə (tütünçəkmə, piylənmə, fiziki fəallığın olmaması, spirtli içkilərdən sui-istifadə və s.) qarşı mübarizəyə dair 2013-2020-ci illəri əhatə edən xüsusi strategiya qəbul edilib.

Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir.

Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşaması ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyin təzahürüdür.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər