TEZİS ƏSASINDA
Dövlət katibinin fəaliyyəti nəticəsində Vaşinqtonun həyata keçirdiyi siyasət ikili standartların bariz nümunəsinə çevrilib
Sirr deyil ki, Amerika Birləşmiş Ştatları müasir dünya nizamında öz siyasi və iqtisadi çəkisinə, hərbi qüdrətinə görə aparıcı rola malikdir. Belə ki, bu dövlətin oynadığı rol həm də ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı yeri, NATO-nun aparıcı qüvvəsi olması, eləcə də ATƏT-dəki çəkisi, digər beynəlxalq təşkilatlara təsir imkanları ilə təsbit olunur. Nəticə etibarilə, ABŞ-ın mövcud statusu beynəlxalq hüququn təmin olunması məsələsində onun üzərinə xüsusi məsuliyyət və dünya ictimaiyyəti qarşısında çoxsaylı öhdəliklər qoyur.
Dünyanın nizamda saxlanılması missiyasını üzərinə götürmüş bir aparıcı dövlətin ikili standartlardan çıxış etməsi özü-özlüyündə bir sıra məntiqsizlikləri üzə çıxarmış olur
Hələ Sovet İttifaqının süqutundan sonra fövqəldövlət missiyasını üzərinə götürən ABŞ-ın sonrakı illərdə beynəlxalq ictimaiyyət qarşısındakı məsuliyyəti artsa da, son illərin təcrübəsi açıq şəkildə göstərir ki, rəsmi Vaşinqtonun həyata keçirdiyi siyasət ikili standartların bariz nümunəsinə çevrilib. Bu baxımdan, dünyanın nizamda saxlanılması missiyasını üzərinə götürmüş bir aparıcı dövlətin ikili standartlardan çıxış etməsi özü-özlüyündə bir sıra məntiqsizlikləri üzə çıxarmış olur.
Xüsusilə, ABŞ-ın dövlət strukturlarında, aparıcı siyasi dairələrində fəaliyyət göstərən bir sıra diplomatlarının zaman-zaman Azərbaycana qarşı sərgilədikləri qərəzli və ikili standartlara yönələn mövqeləri ölkə ictimai rəyində təəssüf hissləri doğurur. Bu səbəbdən, növbəti belə addımın atılması da eyni halı təkrarlayıb. Daha dəqiq desək, ABŞ-ın dövlət katibi Con Kerrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlaması qeyd edilən ikili standartların növbəti aşkar təzahürüdür və bu, əlbəttə, ABŞ-ın münaqişənin həllində üzərinə götürdüyü missiyaya uyğun deyil.
Əgər Azərbaycan və Ermənistan liderləri özləri razılaşacaqdılarsa, onda ATƏT-in Minsk Qrupuna nə ehtiyac vardı?
Diqqət edək, supergüc, BMT TŞ-nın daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətin ikinci şəxsi az qala 25 illik tarixçəsi olan Dağlıq Qarabağ münaqişəsinin həllini 1948-ci ildən bu günə kimi davam edən İsrail-Fələstin münaqişəsindən də mürəkkəb hesab edirsə, ancaq eyni zamanda, Serbiya, İraq, Liviya, Ukrayna, Gürcüstanla bağlı tam fərqli mövqe ortaya qoyursa, ABŞ-ın hazırkı mövqeyini başqa yöndə izah etmək, ümumiyyətlə, mümkün deyil!
Digər tərəfdən, C.Kerrinin iddiası ATƏT-in Minsk Qrupu həmsədrlərinin ən yüksək səviyyədə verilmiş mövcud status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına da ziddir. Status-kvo qəbulolunmazdırsa, o zaman münaqişənin həll yolu tapılmalıdır. Çünki bu həll BMT TŞ-nın 4 qətnaməsinə, dünyanın aparıcı təşkilatlarının qəbul etdiyi çoxsaylı sənədlərə əsaslanmalıdır. Belə ki, sual yaranır: Əgər Azərbaycan və Ermənistan liderləri özləri razılaşacaqdılarsa, onda ATƏT-in Minsk Qrupuna nə ehtiyac vardı?
Hətta Qarabağ cəbhəsindəki 2016-cı ilin məlum aprel hadisələrindən sonra ATƏT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlı fəallığını artırdığı halda, ABŞ dövlət katibi hansı səbəbdən belə absurd bəyanatla çıxış etdi?
Beləliklə, burada bir neçə məqam özünü büruzə verir:
- Artıq dövlət katibi postunu tərk etməyə hazırlaşan C.Kerri münasibətlərini gizli saxlamağa çalşdığı erməni lobbisinə açıq şəkildə yaxınlaşmaq xəttini tutub və lobbi qarşısındakı pərdəarxası öhdəliklərini sona kimi yerinə yetirmək əzmindədir;
- Kerri bu bəyanatla münaqişənin həllində Rusiyanın fəallığını zəiflətmək və gündəlikdə olan təşəbbüslərin reallaşmasını sabotaj etmək istəyir.
-C.Kerri Qarabağ münaqişəsinin uzanması, yaxud da onun qızışdırılması üçün əlindən gələni əsirgəmir.
Kerri haqqında əlahəzrət faktlar..!
Bəllidir ki, C.Kerri 30 ilə yaxın müddətdə ABŞ-ın xarici siyasətində Amerika ermənilərinin maraqlarını prioritet kimi müdafiə edir. Əlahəzrət faktlar da bunu təsdiq edir. Məsələn, hələ 1983-cü ildə, o, Masseçusets ştatının qubernatoru, anti-türk baxışları ilə ad çıxarmış Maykl Dukakisin köməkçisi vəzifəsini icra edib. Ümumiyyətlə, Kerrinin ermənipərəst mövqeyini təsdiq edən faktlar kifayət qədərdir. Həmin faktları təqdim edirik:
Senator olduğu dövrdə isə C.Kerri "erməni soyqırımı" iddiasının tanınmasına ciddi dəstək verib, bununla bağlı Konqresdə qətnamənin hazırlanmasında iştirak edib.
1992-ci ildə erməni lobbi təşkilatlarının dəstəyi ilə C.Kerri və konqresmen Ueyn Ouens Azadlığı Müdafiə Aktına bədnam "907-ci düzəlişi" irəli sürüblər və onun qəbul edilməsinə nail olublar.
C.Kerri 2004-cü ildə Demokratlar Partiyasının prezidentliyə namizədi olanda, "erməni soyqırımı"nı tanıyacağını vəd edib.
C.Kerri 2005-ci il aprel ayının 23-də ABŞ-ın 32 senatoru və 175 konqresmeni ilə birgə ABŞ-ın sabiq prezidenti Corc Buşdan aprelin 24-də "erməni soyqırımı"nın tanımasını tələb edib.
2008-ci il sentyabrın 26-da ABŞ senatorları Robert Menendez və C.Kerri ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Ceffridən qondarma "erməni soyqırımı"nı tanımağı tələb ediblər.
2012-ci il sentyabrın 5-də C. Kerri Ramil Səfərovun azad olunmasını pisləmiş və bundan "şoka düşdüyünü" demişdi.
C.Kerri də daxil olmaqla, bir qrup senator 1990-cı il 20 Yanvar hadisələri ərəfəsində M.Qorbaçova müraciət məktubu ünvanlayaraq, "160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini" önə çəkmişdi.
Bu məsələnin pik və "triumflu" məqamı isə onun ermənilərə olan sevgisini etirafı faktıdır! "Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra məsələlər üzərində işləmişik". Bunu isə Kerri 2013-cü il mayın 5-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyanala görüşü zamanı bildirmişdi.
Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial və barışmaz mövqeyi sayəsində Ermənistan, erməni lobbisi və onun C.Kerri kimi təəssübkeşləri istəklərinə nail ola bilməyiblər
Beləliklə, bütün bunları nəzərə alaraq, Kerrinin Azərbaycan hakimiyyəti ilə mübarizə üçün xüsusi qərargah yaratması barədə deyilənlər heç də əsassız görünmür. Kerri və onun yaxın ətrafı erməni lobbisinin imkanlarından və inzibati resurslardan istifadə etməklə, ABŞ-ın nəzarətində olan media və QHT-lərin, müxtəlif siyasətçi və ekspertlərin, habelə, Azərbaycandakı radikal müxalifətin və onun da daxil olduğu bütün "5-ci kolon"un Azərbaycan hakimiyyətinə qarşı yönəldilməsi işini həyata keçirib. Başlıca məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı güzəştə məcbur etmək olub. İndi görünür ki, ABŞ-ın "demokratiya" oyunlarının arxasında "5-ci kolon" vasitəsilə Azərbaycan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi güzəştlərə məcbur etmək məqsədi dururdu.
Bütün cəhdlərə baxmayaraq, Azərbaycan öz düzgün yolundan geri çəkilməyib, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial və barışmaz mövqeyi sayəsində Ermənistan, erməni lobbisi və onun C.Kerri kimi təəssübkeşləri istəklərinə nail ola bilməyiblər. Bu gün istər Kerri, istərsə də onun ermənipərəst havadarları bu faktı dərk etməyə məhkumdurlar!
Rövşən NURƏDDİNOĞLU