Cenevrədə səfərdə olan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb. Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının dəvəti əsasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 67-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin fəal iştirakı yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində, Azərbaycanla BMT QAK arasında yüksək səviyyəli əməkdaşlığın daha da inkişaf etdiyi bildirilib. F.Nəbiyev Azərbaycan Prezidenti tərəfindən məcburi köçkünlər üçün yaradılmış şəraitin, yeni salınmış yaşayış komplekslərinin, eyni zamanda, həyata keçirilən digər sosial layihələrin əhəmiyyətini vurğulayaraq, öz doğma yerlərini tərk etmiş insanların bütün problemlərini Azərbaycan hökumətinin öz üzərinə götürdüyünü diqqətə çatdırıb.
F.Nəbiyev bildirib ki, Azərbaycan hökuməti həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə xarici tərəfdaşları ilə əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövcud çətinliklərinin aradan qaldırılması istiqamətində səylərini artırmaqdadır: "Son illər dünyada münaqişə zonalarının coğrafi məkanının genişlənməsi, baş verən hadisələr nəticəsində öz həyatlarını itirən, doğma yurdlarından didərgin düşənlərin sayının sürətlə artması, münaqişələrin qarşısının alınmasında beynəlxalq təşkilatların gücsüzlük nümayiş etdirməsinin hamını çox narahat edir. Hadisələrin bu cür cərəyan etməsi və getdikcə beynəlxalq birliyin təsir dairəsindən kənara çıxması dünyada qarşısıalınmaz xaotik, katastrofik vəziyyətə, böyük faciələrə səbəb ola bilər. Hesab edirik ki, beynəlxalq birlik, ilk növbədə, dünyada yeni münaqişə zonalarının yaradılmasına imkan verməməli, həmçinin, ədalətli mövqe tutaraq, mövcud münaqişələrin həll yollarının tapılmasında, beynəlxalq hüquqa zidd əməllərin qarşısının alınmasında, beynəlxalq məsuliyyətə qeyri-ciddi yanaşan ölkələrə təzyiqlərin artırılmasında qətiyyətlilik göstərməlidir".
F.Nəbiyev diqqətə çatdırıb ki, istər ölkəmizin iqtisadi inkişafı, istər aparılan demokratik islahatlar, istərsə də digər məsələlər onu göstərir ki, Azərbaycan nüfuzlu dövlətdir. O, bu gün respublikamızda insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik prinsiplərinin əsas meyar olduğunu bildirib.
Görüşdə perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.
NƏZAKƏT