SİYASİ ARAŞDIRMA
Yaxud Brtitaniya dairələri korrupsionerləri belə müdafiə edir
Son zamanlar Qərb ölkələrinin Azərbaycana qarşı müxtəlif səpkili antitəbliğat xarakterli hücumlarının arxasında dayanan faktorlardan biri də ölkəmizdə mövcud olan demokratik mühit, xalq-hakimiyyət birliyinin mövcudluğu, o cümlədən, iqtisadi inkişaf və s. bu kimi amillərdir. Bu kimi məsələlərdən ciddi narahatlıq keçirən "demokartiya carçısı - Qərb" dairələri zaman-zaman Azərbaycanda "aparcı müxalifət" adı altında fəaliyyət göstərən radikal siyasi qurumlarla iş birliyinə gedir, onları özlərinə lazım olan tərzdə təlimatlar verir, sifarişlərini reallaşdırmağa cəhdlər göstərir. Belə olan vəziyyətdə, AXCP-"Milli Şura", Müsavat və bu kimi digər partiyaların rəhbərlikləri bu cəhdlərdə aparıcı tərəflərə çevrilirlər. Ancaq sentyabrın 26-da baş tutan referendum sonra istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə ölkəmizə qarşı yönələn əks-fikirlər artsa da, nəticədə, öz təsdiqini tapmadı. Təkcə referendumu və onun nəticələrini müşahidə etmiş çoxsaylı xarici təşkilatların rəyləri belə qənaətə gəlməyə kifayət qədər zəmin yaratmış olur.
İngilis nəşri daha çox Azərbaycanın üzərində gedişlər etməklə daxili çirkablıqlarını ortaya qoyub
Mövcud reallıqlara rəğmən, təəssüflər olsun ki, Qərb mətbuatı yenə də öz çirkin, ürəkbulandırıcı əməllərindən əl çəkməyərək, hər imkanında qarayaxma kampaniyalarını icra etməklə, əslində, demokratiya və plüralizm ideyalarından nə qədər uzaq olduğunu nümayiş etdirir. Bənzər qərəzkarlığı ilə Britaniyanın "The Financial Times" nəşri də Qərbin qərəzkarlar toplumu sırasında olduğunu təsdiqləyib. Azərbaycanla yanaşı, region dövlətlərini də hədəfə alan ingilis nəşri, nədənsə daha çox Azərbaycanın üzərində gedişlər etməklə, daxili çirkablıqlarını oratya qoyub. Referendum Aktı layihəsi ətrafında özündə heç bir həqiqəti əks etdirməyən məqalə ilə çıxış edən, eyni zamanda, siyasi korrupsiyaya bulaşan "The Financial Times" qəzeti, erməni lobbisinin təlimatlarını həyata keçirməklə, əslində, Brtitaniyanın beynəlxalq korrupsiyaya nə qədər dəstək verdiyini sübuta yetirib. Bu iddiaları irəli sürmək üçün isə çoxsaylı dəlillərə və faktlara söykənmək olar.
Ümumiyyətlə, Azərbaycanı zaman-zaman qərəzçilik nöqteyi-nəzərindən və neqativ baxış bucağından işıqlandıran bu qəzet, nədənsə Britaniyada cərəyan edən çoxsaylı insan haqlarının pozulması, demokratiyanın əngəllənməsi prosedurları barədə bir cümlə də olsun yazmır, bu ölkədəki ksenofobiya, islamofobiya, irqçilik, bütövlükdə isə, dözümsüzlük haqqında məqalələrlə çıxış etmir. Biz "SƏS" qəzeti olaraq, apardığımız araşdırmalar nəticəsində, bu ölkənin nə qədər korrupsiya burulğanında boğulmasını təsdiq edən bir sıra faktlara toxunmaq istərdik.
Dünyaya "demokratiya", "humanizm prinsipləri" dərsi keçməyə çalışan Böyük Britaniya beynəlxalq aləmdə korrupsionerlərin, nəhəng dələduzların himayəçisi kimi tanınmaqdadır. Bu barədə faktlar çoxdur və onlar haqqında qeydlərimizi aparana qədər, bilavasitə, Azərbaycanla bağlı olan faktı dəyərli oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq.
Cahangir Hacıyevin vəkili Aqil Lahıcov hansı sensassiyalı bəyanatı verib?
Məsələn, "Azərbaycan Beynəlxalq Bankı"nın sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşının hazırda Brtitaniyada olması sirr deyil. Hətta bununla bağlı C.Hacıyevin məhkəməsində vəkili qismində çıxış edən Aqil Lahıcov sensasiyalı bəyanat verərək, bildirib ki, Zamirə Hacıyevanın məhkəməyə cəlb olunması üçün Bakıdan Londona xüsusi operativ qrup da yola salınıb. Z.Hacıyeva artıq uzun illərdir ki, Böyük Brtitaniyada yaşayır və Azərbaycanda məhkəmə işində adının keçməsinə baxmayaraq, britaniyalıların onu öz ölkəsinə təhvil verilməsi məsələsində tərəddüd etdikləri aşkar şəkildə görünməkdədir. Bəllidir ki, C.Hacıyev Z.Hacıyevanın adına 10 VİP kredit kartı açdırıb, o cümlədən, tabeliyində olan işçilərinə həmin kartlara pul köçürmələri etməyə məcbur edib. C.Hacıyev bununla banklar və normativlər haqqında qanunu pozaraq, 13,556 milyon ABŞ dolları, 2, 793 milyon avro, 4,6 milyon manatı mənimsəyib.
Ümumilikdə isə Hacıyevlərdə, eləcə də, onlara yaxın olan insanlarda 42 ədəd plastik kart üzə çıxıb. Kartlar vasitəsilə onlar Beynəlxalq Bankdan həmin vaxtın kursuna görə 200 milyon dollar (164,5 milyon manata yaxın) pulu qeyri-qanuni şəkildə mənimsəyiblər.
Britaniyalılar Zamirə Hacıyevanın Azərbaycana qaytarılmamasına çalışırlar
Məhz bu baxımdan, Azərbaycan Məhkəməsində Z.Hacıyevaya və onun yaxınlarına veriləcək bəzi suallar var. Ancaq göründüyü kimi, nə Z.Hacıyeva, nə də onunla bu əməldə müştərək iştirak edənlərin ölkəyə könüllü şəkildə qayıtmaq maraqları yoxdur. Bu zaman onların məhkəməyə qanun çərçivəsində məcburi şəkildə gətirilmələri məsələsi gündəmə gəlir. Məhz bu baxımdan, operativ qrup Londona getməyə məcbur olub. Lakin mediadan da göründüyü kimi, Z.Hacıyevanın Azərbaycana gətirilməsində süni baryerlər qurulub və bu baryerləri Böyük Britaniyanın müəyyən dairələri yaradab. Halbuki Brtitaniya və sair Qərb dövlətləri korrupsiya, dövlət əmlaklarını mənimsəmə kimi faktlarla bağlı mübarizədə post-sovet ölkələrinə, xüsusilə, Azərbaycana "ağıl" verməyə çalışırlar. Digər tərəfdən, sual yaranır - məgər Azərbaycan da, məhz bu hallarla mübarizə aparmırmı? Ümumiyyətlə, Beynəlxalq Bank işi çərçivəsində operativ qrup nəyə görə Londona göndərilib? Axı göründüyü kimi, banka rəhbərliyi dövründə törətdiyi korrupsiya əməllərinə görə C.Hacıyev həbs olunub və onun məhkəməsi gedir, məhkəmənin gedişində Z.Hacıyevanın və ətrafının da ifadə verməsi zərurəti yaranıb.
Niyə Brtitaniya hökuməti bu məsələdə ciddilik nümayiş etdirmir və Azərbaycan vətəndaş(lar)ının öz ölkələrinə qaytarılaraq, ədalət mühakiməsi qarşısına çıxmalarını əngəlləyir?
Bu gün Londonda yalnız C.Hacıyevin həyat yoldaşı Z.Hacıyeva, eləcə də, yaxınları yaşamır. Bu gün Britaniya fəaliyyətinə xitam verilmiş Milli Təhlükəsizlik Nazriliyinin sabiq əməkdaşlarının və onların yaxın qohumlarının, övladlarının da himayəçisinə çevrilib.
Maraqlı faktıdr deyilmi? Bir tərəfdən Böyük Brtitaniyanın "The Financial Times" nəşri Azərbaycana qarşı "ağıl dərsi" keçməyə çalışır, o biri tərəfdən, cinayətkar dəstələrin himayədarı rolunu oynayır. Özü də yalnız Azərbaycandan olanları deyil, həmçinin, digər ölkələrin vətəndaşları da London baryerinin o biri tərəfində qanunsuz yollarla əldə etdikləri pullarını çox rahatlıqla sağa-sola xərcləyirlər!
Oliqarx korrupsionerlər Berezovski və Abramoviç, mafioz Patarkasişvili, dələduz Onişenko...
Araşdırmamızın nəticəsi olaraq, onların bir çoxunun adlarını çəkək. Gəlin artıq həyatda olmayan rusiyalı oliqarx Berezovskini xatırlayaq. Ya da digər oliqarx Abramoviçi. Onlar da öz dövlətlərində talançılıqla məşğul olublar, dövlətə məxsus pulları nəhəng miqdarda, hətta milyardlarla dollarları oğurlayıb, məhz Britaniyanın himayəsinə sığınıblar. Hətta oğurluq pullarını leqallaşdırıblar. Gürcü mafioz Patarkasişvili də dövlətdən mənimsədiyi milyonları rəsmi Londonda leqallaşdırmışdı.
Daha yeni nümunə gətirək - Ukraynanın xalq deputatı Aleksandr Onişenko hazırda korrupsiya sxeminin təşkilində və "Ukrqazdobıç" dövlət müəssisəsi ilə birgə Ukrayna qazının eyni anda bir neçə alıcıya satılmasında ittiham olunurdu. Artıq, Onişenko Böyük Brtitaniyadan siyasi sığınacaq da istəyib.
Bu addımı heç bir demokratik prinsiplərlə əlaqələndirmək mümkün deyil
Nəticə etibarilə, əgər yuxarıda adları çəkilənlər kimi bizim qanun qaçaqlarına da London tərəfindən siyasi sığınacaq verilərsə, bu zaman təəccüblənməyə dəyməz. Bir halda ki, dünyanın dörd bir yanından korrupsionerlər, mafiozlar Britaniyada rahatca məskunlaşırlarsa, onda hər şey tam çılpaqlığı ilə üzə çıxmağa başlayır. Yəni bank maxinasiyaları, dövlətə külli miqdarda maddi zərərvurma, korrupsiya əməlləri cinayətləri törədənlərə də "siyasi sığınacaq" verilərsə, bu addımı heç bir demokratik prinsiplərlə əlaqələndirmək mümkün deyil.
Görəsən, "The Financial Times" nəşri bu barədə də düşünübmü..?
Rövşən NURƏDDİNOĞLU