PDF Oxu

Sosial

  • 44

Oğuzda "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda regional konfrans keçirilib

Oğuzda "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda regional konfrans keçirilib

Azərbaycanda multikulturalizm dövlət siyasətinin önəmli istiqamətlərindən birinə çevrilib. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Oğuz rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə dünən Oğuz şəhərində keçirilən "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda regional konfransda səsləndirilib.

Regional konfransı Oğuz rayon icra hakimiyyətinin məsul nümayəndəsi Ayaz Ağayev açaraq, bir çox xalqların nümayəndələrinin yaşadığı Oğuz rayonunun həmişə multikultural və tolerant dəyərləri ilə tanındığını bildirib, konfransın işinə uğurlar arzulayıb.

DQİDK sədrinin müavini Gündüz İsmayılov konfransın əsas məqsədinin Azərbaycandakı dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub-saxlanması və təşviqinə nail olmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Vurğulanıb ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Müxtəlif dini inanclara malik insanların əsrlər boyu sülh şəraitində yaşadığı Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilib.

G.İsmayılov ölkəmizin zəngin multikultural mühitinə əsas təhlükə törədən potensial və real təhdidlərə diqqət çəkərək, dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən danışıb.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında zərərli dini cərəyanların əsas fəaliyyət metodlarına toxunub.

Konfransın ikinci hissəsi diskussiya şəraitində keçib, milli-mənəvi dəyərlərimizin qorunması, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri, qloballaşma şəraitində müasirləşmənin milli özünəməxsusluğun itməsi hesabına baş verməməsi üçün görülən işlər müzakirə edilib. "Dini, yoxsa milli kimlik?!", "Dindar olub müasir olmaq mümkündürmü?", "Dindar gənclik dünyəvi gənclikdən nə ilə fərqlənməlidir?" sualları ətrafında gənclərin fikirləri dinlənilib.

Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.

Rövşən RƏSULOV

Digər xəbərlər