PDF Oxu

Sosial

  • 36

"Məktəblinin dostu" pilot layihəsi üzrə müsahibə mərhələsi başlayıb

"Məktəblinin dostu" pilot layihəsi üzrə müsahibə mərhələsi başlayıb

Dünən 3 saylı "ASAN xidmət" mərkəzində "Məktəblinin dostu" pilot layihəsi üzrə imtahanların müsahibə mərhələsinin başlanılması ilə bağlı görüş keçirilib.

Görüşdə millət vəkilləri, təhsil ekspertləri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov layihənin əhəmiyyətindən, təhsilin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb: "Təhsil Nazirliyinin "ASAN xidmət"lə birgə start verdiyi "Məktəblilərin dostu" layihəsinin həyata keçirilməsi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması məqsədi daşıyır".

Layihənin rəhbəri Rüstəm Ağayev vurğulayıb ki, imtahanlarda iştirak etmək üçün 800 gənc qeydiyyatdan keçib və onlardan 300-dən çoxu test mərhələsində uğur qazanıb. Oktyabrın 2-də keçirilmiş imtahanların test mərhələsində namizədlərə 50 sual təqdim edilib. Onların, əsasən, Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılıb. Ancaq seçilmiş namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıblar.

Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq, bunun təhsilin idarə edilməsinin təkmilləşdirilməsində, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakında mühüm rol oynayacağına ümidvar olduqlarını bildiriblər.

ZÜMRÜD

Digər xəbərlər