Dünən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə psixi sağlamlıq sahəsinin aparıcı mütəxəssisləri, Ümümdünya Səhiyyə Təşkilatının ölkədaxili ofisinin, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Konfrans Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsinin Psixi Sağlamlıq Gününə dair müraciəti ilə başlanıb.
Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev Psixi Sağlamlıq Gününün 1992-ci ildən etibarən müntəzəm olaraq hər il 10 oktyabr tarixində qeyd olunduğunu bildirib. Qeyd edib ki, bu ilin mövzusu "İlkin psixoloji yardım"a həsr edilib.
Direktor müavini qeyd edib ki, müraciətlərin arasında adi məişət problemlərindən tutmuş boşanmaya qədər hər cür problemlər yer alır. Depressiyalarla bağlı da müraciətlərin çoxluq təşkil etdiyini deyən R.Salayevin sözlərinə görə, ruhi xəstəliklərlə bağlı da mərkəzə müraciət edənlər olur: "Bu il bir çox intihar halı vaxtında aşkarlandığından qarşısı alınıb. Depressiyada olanların hardasa 20 faizi intihar etmək barəsində fikirləşir. Təbii ki, bu da çox böyük rəqəmdir".
Konfransda A.Sultanova Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş psixoloji müayinəyə dair metodik tövsiyələrə dair təqdimatla, F.İsmayılov isə ilkin psixoloji yardımın RAPİD modeli haqqında məlumatlarla çıxış ediblər.
Sonda konfrans iştirakçıları psixi sağlamlıq sahəsində ilkin psixoloji yardımın perspektivləri məsələlərini müzakirə ediblər.
NƏZAKƏT