Dünən Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tərtib etdiyi "Səməd Vurğun. Biblioqrafiya" kitabının və "Azərbaycanın xalq şairi Səməd Vurğun" elektron məlumat bazasının təqdimat mərasimi keçirildi.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq, xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyət Səməd Vurğunun yaradıcılığından, zəngin irsindən, əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə olunmasından, tərcümə etdiyi əsərlərdən, onun bütün yaradıcılığını özündə əks etdirən fundamental biblioqrafiyadan, vəsaitin geniş oxucu kütləsi üçün tərtib edildiyindən danışdı.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov şairin yaradıcılığı haqqında ətraflı danışaraq, şairin qələm yoldaşlarının xatirələrindən söz açdı.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru Şirindil Alışanlı, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru Adilxan Bayramov, professor Ənvər Əhməd, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov, publisist, nasir Şəmistan Nəzirli, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy biblioqrafiyanın uzun axtarışların və gərgin əməyin bəhrəsi olduğunu, S.Vurğunun irsini, onun ədəbi-bədii fəaliyyətini öyrənməkdə elmi işçilərə, mütəxəssislərə böyük köməklik göstərəcəyini əminliklə qeyd etdilər.
Kitabxananın elektron resursların yaradılması şöbəsinin müdiri Rübabə Səfərova "Azərbaycanın xalq şairi Səməd Vurğun" elektron məlumat bazasını tədbir iştirakçılarına təqdim edərək, baza haqqında ətraflı məlumat verdi, bazada şairin həyat və yaradıcılığı, görkəmli şəxslərin Səməd Vurğun haqqında söylədikləri, əsərləri, və s. haqqında zəngin məlumatların toplandığını bildirdi.
Sonda tədbir iştirakçıları görkəmli şairin həyat və yaradıcılığını özündə əks etdirən "Səməd Vurğun-110" adlı sərgi ilə tanış oldular.
ZÜMRÜD