PDF Oxu

Sosial

  • 37

AMEA ilə "Thomson Reuters" agentliyi arasında əməkdaşlığa dair müqavilə imzalanıb

AMEA ilə "Thomson Reuters" agentliyi arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Dünən Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən ali elmi təşkilatı olan Azərbaycan Milli Elmlər Akademiyası ilə dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan "Thomson Reuters" təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çoxsaylı alim və mütəxəssis heyəti "Thomson Reuters" platformasının bibliometrik şəbəkəsindən ("Web of Science") istifadə imkanı əldə edəcək.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Thomson Reuters" ilə əməkdaşlığı yüksək dəyərləndirib və bu müqavilənin Azərbaycanda elmin inkişafına, onun dünyada nüfuzunun artmasına səbəb olacağını və ayrı-ayrı tədqiqatçılar üçün yeni imkanlar açacağını bildirib. Akademik A.Əlizadə son illər AMEA-nın elmi müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, akademiyada multidissiplinar tədqiqatların inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atıldığını diqqətə çatdırıb.

Sonra tədbirdə "Thomson Reuters" təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan Bazarlar üzrə baş direktoru Viji Krişnan qeyd edib ki, "Thomson Reuters" təşkilatının nümayəndələri AMEA ilə əməkdaşlığını növbəti mərhələyə keçirməkdən məmnundur. İmzalanan müqaviləyə əsasən, yüzlərlə azərbaycanlı tədqiqatçı beynəlxalq bilik mərkəzləri ilə uğurlu əməkdaşlıq qurmaq və yerli imkanları maksimum inkişaf etdirmək üçün 20 milyon istifadəçisi olan nüfuzlu "Web of Science" bazasına qoşulmaq imkanı əldə edəcək.

Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA və "Thomson Reuters" arasında əməkdaşlığın Azərbaycan elmi üçün geniş perspektivlər açdığını vurğulayıb. Akademik gələcəkdə AMEA-nın magistrant və doktorantlarının səmərəli elmi axtarışlar aparması, innovativ elmi nəticələr əldə etməsi baxımından bu elmi bazadan faydalanmağın əhəmiyyətini diqqətə çatdırıb.

ZÜMRÜD

Digər xəbərlər