PDF Oxu

Sosial

  • 48

"Vətənin müdafiəsinə hazıram"

"Vətənin müdafiəsinə hazıram"

Bu mövzuda Suraxanı rayonunda tədbir keçirilib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə, mütəmadi olaraq, ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, 11 oktyabr 2016-cı il tarixdə Suraxanı rayon icra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Suraxanı rayon icra hssakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Silahlı Qüvvələrinin aprel döyüşlərində qazandığı qələbənin cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaratdığını qeyd etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov bildirmişdir ki, silahlı qüvvələrimizin işğal altında olan torpaqlarımızı hərb yolu ilə azad etməyə qadirdir və bunu aprel döyüşlərində sübut etmişdir. Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini qeyd etdi. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək bildirmişdir ki, görülmüş işlərin nəticəsində, artıq ölkədə fərarilik halları baş vermir, gənclərin hərbi xidmətə yola salınması mərasimləri böyük bayram tədbiri kimi həyata keçirilir. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılmışdır. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Suraxanı rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər.

RÖVŞƏN

Digər xəbərlər