İsmayıllı rayonunda "Azərbaycanın şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda regional müşavirə keçirilib.
Müşavirədə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq struktur rəhbərləri, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, turizmlə bağlı ayrı-ayrı nazirlik və digər dövlət qurumlarının, rayonların icra hakimiyyətlərinin nümayəndələri, habelə, bölgədəki turizm obyektlərinin sahibləri, ilk öncə şəhərin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni giriş sözü ilə açan nazir Əbülfəs Qarayev diqqəti Prezident İlham Əliyevin cari il sentyabrın 1-də imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamından irəli gələn vəzifələrə yönəldib.
Nazir diqqəti bu ilin doqquz ayında ötən ilin müvafiq dövrünə nisbətən turistlərin sayının 11 faiz artdığına cəlb edərək, viza verilməsinin sadələşdirilməsinin bu sahədə əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, şimal-qərb regionu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının, eləcə də Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisini əhatə edir. Ərazi müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir.
Müşavirədə mədəniyyət və turizm nazirliyinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş məlumat verib, habelə, keçirilən monitorinqin nəticələrini açıqlayıb. Vurğulanıb ki, bölgə tarixi ipək yolu marşrutunun üzərində yerləşir. Habelə, buradan region üzrə Gürcüstan və Rusiya ilə inteqrasiya olunan "Şərab yolu" və "Düma Qafqazda" beynəlxalq turizm marşrutları da keçir.
Müşavirədə çıxış edənlər ölkə başçısının turizmin inkişafı ilə əlaqədar son qərarından irəli gələn vəzifələrin icrası ilə əlaqədar görüləcək işlər geniş müzakirə olunub, qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib.
Müşavirədə, habelə, bölgədə turizmin inkişaf istiqamətləri barədə ətraflı danışılıb, mövcud problemlərə dair geniş müzakirələr aparılıb.
ZÜMRÜD