"Bakı Gənclər Klubu" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə 1 iyul tarixindən "Qafqaz Albaniyası - əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz" adlı layihə həyata keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata istinadən, Layihə çərçivəsində respublikamızın şimal - qərb bölgəsi - Şəki şəhərində yay düşərgəsi təşkil olunmuşdur. Düşərgə zamanı Şəki, Qax, Oğuz, Qəbələ rayon mərkəzləri və kəndlərinə səfərlər təşkil olunaraq, gənclərə Qafqaz Albaniyası tarixinə aid olan mədəni və tarixi abidələr haqqında məlumatlar verilmişdir. Verilən məlumatlarda həmin abidələrin tarixçəsi, tarixi əhəmiyyəti, müasir dövrlə bağlantısı və hal-hazırkı vəziyyəti öz əksini tapmışdır.
Layihə çərçivəsində təşkil olunan sərginin açılış mərasimində "Bakı Gənclər Klubu" İctimai Birliyinin sədri Azər Cavadov layihənin məqsəd və vəzifələrindən, görülmüş işlərdən bəhs edib. Natiq təşkilatın daim tariximizi diqqət mərkəzində saxladığını və bu istiqamətdə layihələri davam etdirmək niyyətində olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev tarixi zənginlik və mədəni irsimizdən söz açmış və bu yönlü layihələrin keçirilməsində müasir gəncliyin vətənpərvərlik tərbiyəsi baxımından önəmliliyini söyləyib.
Mədəniyyət və Turizm nazirliyinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev çıxışında gənclərin mədəni irsimizə olan marağından və layihəni uğurla başa vurulmasından danışıb.
ZÜMRÜD