İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Amir Rom Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edərək, yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dostluq və mehribanlıq şəraitində yaşadığını bildirib. Ölkələrimiz arasında 1992-ci ildən qurulmuş diplomatik əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan O.Səmədov siyasi, iqtisadi və mədəni sahədə əməkdaşlığın uğurlu nəticələr verdiyini də bildirib.
Dəvətə və səmimi qəbula görə fondun rəhbərliyinə təşəkkürünü bildirən İsrail səfirinin müavini Amir Rom qeyd edib ki, İsrail və Azərbaycan arasında olan möhkəm əlaqələr iki ölkənin ictimaiyyəti arasında da dostluq münasibətlərinin güclənməsinə təkan verməlidir. Məqsədimiz qarşılıqlı münasibətlərin təkcə dövlət səviyyəsində deyil, həm də cəmiyyət arasında inkişafına dəstək olmaqdır. Bu baxımdan, Bilik Fondunun gördüyü işlərin cəlbedici və diqqətəlayiq olduğunu bildirən Amir Rom maarifləndirici layihələrə qatılmağın hər iki ölkənin gənclərinin marağında olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə İsrailin Azərbaycandakı səfirliyi arasında əməkdaşlığın detallarının geniş müzakirə olunması və 2017-ci il üçün birgə tədbirlər planının hazırlanması təklif olunub.
NƏZAKƏT