PDF Oxu

Sosial

  • 5 381

Azərbaycanın multikulturalizm modeli dünyada tanınır

Azərbaycanın multikulturalizm modeli dünyada tanınır

Azərbaycan müstəqilliyinin bərpasından sonrakı 25 ildə nail olduğu uğurlar ölkəmizin dünyada söz sahibinə çevrilməsinə və nüfuzunun yüksəlməsinə səbəb olub. Ölkəmizin ağır günlərində Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin edərək, zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi. Heydər Əliyevin inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirdi. "Əsrin müqaviləsi"nin müəllifi olan Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev neftdən gələn kapitalı insan kapitalına çevirərək əhalin sosial rifahının yüksəlməsinə, sosial layihələrin reallaşmasına və ümumilikdə, ölkəmizin palitrasının yeni çalarlarla ifadəsinə nail oldu.

Müstəqil Azərbaycan dövləti 25 illik zaman məsafəsində göstərdiyi təşəbbüslərə milli maraqlar mövqeyi ilə yanaşaraq, bəşəriyyət və insanlıq üçün əhəmiyyətli proqramlar reallaşdırıb. Azərbaycanın təşəbbüsləri sosial-mədəni, humanitar, siyasi, təhlükəsizlik, iqtisadi və ekoloji sferaların hər birini əhatə edir.

HUMANİZM, ƏMƏKDAŞLIQ, MULTİKULTURALİZM AZƏRBAYCAN CƏMİYYƏTİ VƏ DÖVLƏTİNİN MAHİYYƏTİNDƏDİR...

Bu gün inkişaf edən Azərbaycan multikultural məkandır. Mmultikulturalizmin dövlət siyasəti olduğu Azərbaycan yüksək tolerantlıq və multikultural dəyərləri yaşadır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizi Mərkəzinin fəaliyyət göstərməsi, 2016-cı ilin ölkədə "Multikulturalizm ili" elan olunması, 2017-ci ildə almanların Azərbaycan ərazisinə köçürülmələrinin 200 illiyi münasibətilə müxtəlif silsilə tədbirlərin qeyd olunacağı ölkədə, həqiqətən də multikulturalizm həyat tərzinə çevrilib.

Təəsadüfü deyil ki, müasir dövrümüzdə "Azərbaycan multikulturalizmi" doktorluq dissertasiyalarının, müxtəlif elmi araşdırmaların, ədəbi və fəlsəfi esselerin mövzusuna çevrilib. Maraqlı araşdırmalar Azərbaycan multikultural dəyərləri qeyri- dövlətlərlə müqayisəli şəkildə aparılır. Dünyaya demokratiyadan "mühazirələr" oxuyan ölkələrdə Azərbaycanda mövcud olan ab-havaya rast olunmur. İngiltərənin Mançester Universitetinin tələbəsi, Sinqapur vətəndaşı Anginn Mayın yazdığı essedə vurğulandığı kimi, Azərbaycanın çətin dövrlərdən keçmiş tarixi fonunda multikulturalizmin təhlili, xüsusilə, əhəmiyyətlidir: "Tarixən ən güclü imperialist qüvvələrin diqqət mərkəzində olan və əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan etnik münaqişələrin mövcud olduğu bir ölkəyə çevrilə bilərdi. Lakin Azərbaycanda multikulturalizmin inkişafı sayəsində, bu cür münaqişələrin baş verməsi mümkün olmadı. Məhz bu səbəbdən, multikulturalizmin Azərbaycan modeli olduqca uğurludur və digər ölkələrin əksəriyyətinə mükəmməl nümunə kimi təqdim oluna bilər".Elmi işlərdə və esselərdə ifadə olunan rəylər və fikirlər Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin dünyada tanıdılması, təbliği və təşviqi istiqamətində müəyyənləşdirdiyi hədəflərin gerçəkləşdiyinin göstəricisidir.

Həqiqətən də, Azərbaycanda tolerantlıq və multikulural dəyərlər tamamilə fərqlidir. Məsələn, Azərbaycan ərazisində olan Nic qəsəbəsində qədim Qafqaz Albaniyasının tayfalarından olan uti tayfalarının nəsilləri yaşayır, həm də burada Azərbaycanda böyük çoxluğun etiqad elədiyi islamdan fərqli bir dinə-xristianlığa inanırlar. Fərqli etnik və dini mənsubiyyətin bir arada mövcudluğu multikultural Azərbaycanın izaha ehtiyacı olmayan həqiqətlərindəndir. İvanovka isə 1847-ci ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş rusların xələflərinin yaşadığı və Azərbaycanda yeganə kolxoz olan kənddir. İvanovka özünəməxsus rus mentallığı, rus ruhunun hakim olduğu məkandır. 150 ildən artıq bir zaman ərzində Azərbaycan ərazisində rusların öz milli adət-ənənələrinin, mahnılarını, həyat tərzinin, məişətini qoruyub-saxlaması təəssüf doğursa da, Azərbaycan həqiqətləri bunu göstərir. Bu, ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasətidir və Azərbaycan torpağında yaşanan, qorunub gələcəyə ötürülən rus mənəvi irsinə olan hörmət və etiramın bir nümunəsidir.

AZƏRBAYCANDA MULTİKULURALİZM, QƏRBDƏ İSƏ İSLAMOFOBİYA HƏYAT TƏRZİNƏ ÇEVRİLİB

Bu gün dünyada baş verən neqativ hadisələr fonunda Azərbaycan digər ölkələrin nümunə götürəcəyi müsbət bir modeldir. Azərbaycanda müxtəlif dinlərə mənsub və fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrlərdir ki, mehriban və sülh şəraitində birgə yaşayırlar və yaşayacaqlar. Bəli, bu Azərbaycan gerçəklikləridir. Müasir dünyada yüksək texnologiyalara sahib inkişaf etmiş bəzi ölkələr bəşər insanına yardım göstərməkdə tərəddüd etdiyi halda, Azərbaycan öz qucağını dinindən və irqindən asılı olmayaraq bəşər İNSANINA açır. Azərbaycan rəhbərliyi humanitar fəlakətlərin qarşısının alınması, öz yurdlarından didərgin düşmüş insanlara dünyanın istənilən yerində hərtərəfli dəstək verilməsi istiqamətində təsirli addımlar atıb. Uzun illərdir ki, Ermənistan Azərbaycan ərazisini işğal edib, milyonlarla dinc insanı öz yurdundan didərgin salıb, mədəniyyət abidələrimizi dağıdıb. Buna baxmayaraq, Azərbaycan sülhsevər siyasətini və humanitar sahədə əməkdaşlığını davam etdirir. Humanizmə, mədəniyyətə, tolerantlığa və dialoq vasitəsilə üstünlük verir.

ABŞ-da və Avropa məkanında irqçilik, dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cərəyanların baş qaldırdığı halda, Azərbaycan reallıqları başqa bir mənzərə yaradır. Bəzi Avropa ölkələrində irqçiliyin, dözümsüzlüyün, nifrət yayan və bu kimi digər ekstremist və ksenofob cərəyanların baş qaldırması müşahidə olunur. Belə bir tendensiya Avropada sülh və demokratik təhlükəsizlik üçün təhdid yaradır. Özbaşınalıqlar, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, irqi ayrı-seçkilik, digər dövlətlərin daxili işlərinə qarışma və bu kimi demokratiyaya zidd hərəkətlər, artıq onların əməli fəaliyyətinin məntiqi olaraq ortaya çıxıb. Bu dövlətlərin demokratik dəyərlərə sadiqliyi şübhə doğurur. Amma nədənsə, beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin, özlərini demokratiyanın beşiyi sayan Qərb dövlətləri bütün bunlara göz yummaqda davam edirlər. Son illər baş verən hadisələr təsdiqləyir ki, harada Qərbin maraqları qorunursa, orada insan haqlarının pozulmasına, işğalçılıq faktlarına, terror aktlarına və irqi ayrı-seçkiliyə göz yumurlar. Hadisələrin bu məcrada davamı, beynəlxalq aləmdə baş verən hadisələr, bir daha təsdiqləyir ki, islamofobiya Qərbdə sanki həyat tərzinə çevrilib. Azərbaycanda isə multikuluralizm həyat tərzidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər