AMEA-nın Naxçıvan Bölməsində 18 oktyabr-Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan "Azərbaycan Respublikasının dövlət müstəqilliyi dönməz və əbədidir" mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi, tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından, Azərbaycanı böyük bəlalardan xilas etməsindən, bütün həyatını Azərbaycana həsr etmiş Dahi Şəxsiyyətin yorulmaz siyasi fəaliyyətindən və ötən müddət ərzində ölkəmizin əldə etdiyi naliyyətlərindən danışıb.
Müstəqilliyimizin bərpasından sonra Naxçıvan Muxtar Respublikasının bütün sahələrdəki uğurlu inkişafı barədə də konfrans iştirakçılarına məlumat verən natiq qeyd edib ki, Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası ölkəmizdə, o cümlədən də, regionumuzda bu gün inamla davam etdirilir.
Konfransda AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin "Ümummilli Lider Heydər Əliyev və dövlət müstəqilliyinin möhkəmləndirilməsi", Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin "Müstəqilliyə aparan yol", həmin institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun "Dövlət müstəqilliyinin əldə olunması tarixi naliyyətdir" və şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun "Naxçıvan Muxtar Respublikası müstəqillik illərində" mövzusunda məruzələri dinlənilib.
ZÜMRÜD