Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin tutduğu ikili standartlardan yanaşma problemin uzanmasına gətirib çıxarır. Bu arada Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovun "Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda həll olunacağını düşünmür" deyə bildirməsi Rusiyanın pərdəaraxası niyyətini açıq müstəvidə də nümayiş etdirməkdən çəkinmədiyini göstərir. Amma söhbət etdiyimiz müsahiblərimiz Y.Uşakovun fikirlərinin Rusiyanın rəsmi mövqeyi olmadığını bildirdilər.
Politoloq Qabil Hüseynli:
- Yuri Uşakovun fikirlərini iki prizmadan şərh etmək olar. Birincisi, Rusiyanın rəsmi mövqeyi kimi, çünki bunu deyən Y.Uşakov Rusiyanın rəsmi adamıdır. İkinci bir tərəfdən isə, Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Şurasının toplantısı keçirilir. Orada Vladimir Putin, Sergey Lavrov və Patruşev iştirak edir. Yəni ola bilsin ki, M.Çavuşoğlunun AŞPA-da çıxışı zamanı 5 rayonun geri qaytarılması haqqındakı bəyanatı erməniləri çox ciddi şəkildə təşvişə salıb. Görünür, ermənilərin təzyiqi altında Rusiya prezidenti V.Putinin köməkçisi Y.Uşakov belə bir bəyanatı verməyə məcbur edilib. Hər halda, ən dəqiq fikirləri Yerevan görüşləri başa çatandan sonra biləcəyik. Ümumiyyətlə, Ermənistan gec-tez işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmağa məcbur olacaq. Çünki həmin torpaqlar Azərbaycan dövlətinə aiddir.
Politoloq Cümşüd Nuriyev:
- Rusiya prezidentinin köməkçisi Y.Uşakovun "Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda həll olunacağını düşünmür" fikirlərinin ortaya gəlməsi Rusiyanın mövqeyi kimi qiymətləndirmək olmaz. Çünki hazırda Ermənistanla bağlı Rusiyanın tutduğu mövqedə kifayət qədər sərtlik var. Xüsusilə də, S.Lavrovun son səfərindən sonra, Azərbaycanın 5 rayonun qaytarılmaq məsələsi gündəmə gəlib. Bu erməni provokasiyasından başqa bir şey deyil. Çünki Ermənistanın daxilində həddindən artıq ciddi gərginlik var. Yəni nazirlərdən sonra artıq qubernaturlar da istefaya gedir. Bir sözlə, Sarkisyan hakimiyyəti laxlayıb. Ona görə də, çalışırlar ki, bu yolla erməni camatını sakitləşdirsinlər. Yəni bu, daxilə hesablanmış bir gedişdir. Y.Uşakovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikiri ciddiyə almaq lazım deyil. Demək olar ki, Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Biz bu tip bəyanatlara o qədər də ciddi reaksiya verməməliyik.
GÜLYANƏ