PDF Oxu

Sosial

  • 1 866

18 Oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür

18 Oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür

Bu gün - 18 oktyabr Azərbaycan dövlət müstəqilliyinin bərpa olunduğu tarixi gündür. İyirmi beş il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi.

Tarixi reallıqlar, bir daha göstərdi ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilmədi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub-saxlaya bilmişdi. XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq arzusu özünü açıq-aydın büruzə verdi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi, faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev qısa zaman kəsiyində müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu. 1995-ci il 12 noyabrda baş müəllifi Ulu Öndər Heydər Əliyev olan yeni Azərbaycan Konstitusiyası referendum yolu ilə qəbul edildi, bundan sonra sistemli şəkildə aparılan demokratik islahatlar sayəsində ölkədə bazar iqtisadiyyatı münasibətləri bərqərar edildi.

"Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır", - deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Bununla da, Azərbaycan ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. Bu, Ümummilli Lider Heydər Əliyevin beynəlxalq nüfuzuna hörmətdən, tezliklə Azərbaycanda sabit vəziyyətin və əlverişli investisiya mühitinin yaranacağına olan inamdan, ən əsası isə, Azərbaycanın artıq öz sərvətlərinə tam sahiblik etdiyinə etibar və əminlikdən yaranmışdı.

1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və bağlıdır.

Ulu Öndərin müstəqilliyimizin qorunub-saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.

Beləliklə, vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub- saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar, bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Bu müasir Azərbaycan insanının xoşbəxtliyidir. Dövlət başçısı Cənab İlham Əliyevin dediyi kimi: "Bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq".

Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa edən Azərbaycanın müstəqillik tarixindən 25 il keçir. Bu günlərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin təbliğini, gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasını və dünya azərbaycanlılarının öz tarixi vətənlərinə bağlılığının gücləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir.

Ötən 25 il ərzində Azərbaycanın uğurlu daxili və xarici siyasəti sayəsində dövlətçilik ənənələri möhkəmlənib və iqtisadiyyat dinamik inkişaf edib. Dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı, bu illər ərzində ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, maliyyə-bank sisteminin qurulması istiqamətlərində mühüm layihələr gerçəkləşdirilib. Ölkəmizdə neft və qeyri-neft sektorunun yüksəlişi ümumi daxili məhsulun artmasına, güclü sahibkarlar zümrəsinin və orta təbəqənin yaranmasına təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Ulu Öndər Heydər Əliyevin strateji xəttini siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirib.

Azərbaycanda baş verən sürətli demokratik dəyişikliklər, vətəndaşların siyasi şüur səviyyəsinin yüksəlməsi, işgüzarlığının artması, insan hüquq və azadlıqlarının ali dəyər sayılması, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bütün bunlar demokratiyanın, iqtisadi-sosial yüksəlişin nəticəsidir.

Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb, təhsildə özəl sektor formalaşıb. "ASAN xidmət" şəbəkəsi, ünvanlı sosial yardım, aztəminatlı ailələrin əlverişli şərtlərlə mənzillə təmin olunması və digər layihələr dövlətin sosial yönümlü siyasətinin göstəricisidir.

Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Elə Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun və inamın göstəricisidir. Ölkəmizdə biri-birinin ardınca təşkil olunan beynəlxalq tədbirlər "Euravision" mahnı yarışması, ilk Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Humanitar Forumu və onlarla belə möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanda müxtəlif millətlərin sülh və qardaşlıq şəraitində yaşadığı məkanda keçirilir.

Bütün bunlar 25 illik müstəqil Azərbaycanın tarixi gerçəklikləridir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər