Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Müstəqilliyninin bərpasının 25-ci ildönümünə həsr edilmiş "Müstəqilliyimizin banisi: əbədidir Bayrağımız" adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı roluna nəzər salaraq, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərini diqqətə çatdırdı. Azərbaycanın müasir tarixinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan rayon icra başçısı bildirdi ki, ölkəmizin çoxəsrlik tarixində Onun hakimiyyət illərinin xüsusi yeri və rolu vardır.
O, bu gün Dahi Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurlu davam etdirildiyini bildirdi. 2003-cü ildən bu günümüzə qədər ölkənin dinamik inkişafına nəzər salaraq, həyata keçirilən dövlət proqramlarının, aparılan islahatların ölkənin inkişafında mühüm faktorlar olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinə nəzər salaraq, dövlət müstəqilliyimizin təməlinin möhkəmlənməsində Onun əvəzsiz rolunu qeyd etdi. Millət vəkili 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Azərbaycan Respublikasının "Müstəqillik Aktı"nın qəbul edildiyini, lakin dövrün ictimai-siyasi vəziyyətinin acınacaqlı hal almasının qazanmış olduğumuz dövlət müstəqilliyimizi süquta uğramaq təhlükəsi ilə üz-üzə qoyduğunu vurğuladı:"Məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu Öndərin sarsılmaz iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyuldu".
M.İbrahimqızı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan və Onun siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin yüksək idarəçilik təcrübəsinin nəticəsində ölkənin əldə etdiyi uğurların Azərbaycanın dünyada tanınmasına səbəb olduğunu qeyd etdi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Ulu Öndər Heydər Əliyevin gördüyü işlərin bir elm, məktəb olduğunu bildirərək, Onun siyasəti nəticəsində Azərbaycanın dirçəliş yoluna qədəm qoyduğunu, uğurlu nailiyyətlərə imza atdığını bildirdi: "Ümummilli Liderin siyasəti Azərbaycan xalqının dövlətçilik şüurunu, milli mənlik qürurunu formalaşdırdı. Belə bir Şəxsiyyətin məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq Azərbaycan inkişaf mərhələsini yaşayaraq, dünya birliyi dövlətlərinə inteqrasiya olunur". O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf edən müasir Azərbaycan gəncliyinin Azərbaycan Bayrağını hər zaman zirvələrə ucaldacağını əminliklə vurğuladı.
Sonra müstəqilliyimizə həsr edilmiş "Müstəqilliyimizin banisi: əbədidir Bayrağımız" adlı filmin təqdimat olundu.
Tədbir konsert proqramı ilə davam etdirildi.
Nəzakət ƏLƏDDİNQIZI