Dünən Təhsil Nazirliyində ilk peşə-ixtisas təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı mətbuat üçün brifinq keçirilib.
Brifinqdə çıxış edən təhsil naziri yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev məlumat verib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq Nazirlər Kabineti tərəfindən Bakı və Gəncə şəhərləri üzrə ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərar qəbul edilib.
Famil Mustafayev onu da bildirib ki, rasionallaşdırma nəticəsində bir sıra strateji istiqamətdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. Bu prosesin həyata keçirilməsi ilk peşə-ixtisas təhsili sisteminin mövcud idarəolunma strukturunun bazar iqtisadiyyatı prinsipləri ilə uzlaşmasını təmin etmək, maddi-texniki və tədris bazasını yeniləmək məqsədi daşıyır.
Peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı, Avropa Təlim Fondu, "British Council",Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Koreya İqtisadi Əməkdaşlıq Fondu, Asiya İnkişaf Bankı və s.) birgə mövcud olan qabaqcıl təcrübə öyrənilərək peşə təhsil mərkəzlərinin idarə edilməsi və ixtisaslı kadr hazırlığı prosesinin təşkilində istifadə olunacaq.
Direktor bildirib ki, peşə təhsil mərkəzlərində təhsil almaq istəyənlərin asan qəbulu ("ASAN peşə" layihəsi) təmin olunacaq və uğurlu nəticələr əldə etmiş məzunların təhsilin varisliyi prinsipinə uyğun olaraq digər təhsil pillələrinə asan keçidi mexanizmi işlənəcək. Peşə təhsil mərkəzlərində əmək bazarının və cəmiyyətin tələblərinə uyğun ömür boyu təhsilin təmin edilməsi üçün yaşlıların təhsili, ixtisasartırma, yenidən hazırlanma kimi təhsil xidmətləri göstərilməklə təhsilin hamı üçün əlçatanlığı təmin ediləcək.
Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
NƏZAKƏT