Prezident İlham Əliyev: "Bu gün Azərbaycan sözün tam mənasında müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünyəvi, çoxmillətli, çoxkonfessiyalı, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, qonşuları ilə yaxşı, mehriban münasibətlərə malik, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir"
Azərbaycanın 25 illik müstəqillik tarixinə diqqət yetirdikdə iqtisadi və siyasi islahatların vəhdətliyi, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi nəticəsində iqtisadi imkanlarını genişləndirməklə yanaşı, iqtisadi müstəqilliyini də yüksək səviyyədə təmin etdiyini aydın şəkildə görürük. Son 13 ildə bir milyon 500 mindən artıq yeni iş yeri açılıb ki, bunun bir milyonu daimi iş yeridir. Yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara güzəştli kreditlər verilib və bu kreditlər hesabına minlərlə yeni iş yerinin açılması üçün şərait yaradılıb. Həmin kreditlərin böyük həcmi regionların payına düşür.
Azərbaycanın hər addımında yeniliyə, modernləşməyə, dünya ölkələrinin təcrübəsini öyrənməyə və tətbiq etməyə göstərdiyi maraq, verdiyi önəm uğurların davamlılığına əsas yaradır. Ölkənin sənayeləşməsi istiqamətində aparılan islahatların sürətləndirilməsi də başlıca hədəf kimi müəyyənləşdirilib. Texnoparkların, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması, ixrac yönümlü sənaye məhsullarının istehsalının artırılması ilə ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunur. Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin, iqtisadi zonaların yaradılması ilə bağlı görülən işlərin davam etdirilməsi, sahibkarlığın inkişafına diqqətin artırılması, iqtisadiyyatın şaxələndirilməsi kimi çağırışlar sənayeləşmənin həllinə yönəlmiş islahatlardandır. Bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlərin davamlılığı diqqətdən kənarda qalmır.
Davamlı islahatları diqqət çəkən Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öncüllüyünü qorumaqdadır. Ölkələrin biznes mühitini qiymətləndirən "Doing Business 2016" hesabatında Azərbaycanın 189 ölkə arasında 63-cü pilləyə yüksəlməsi uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. "Qlobal Rəqabət Qabiliyyəti 2015-2016" hesabatında Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşıb.
Göründüyü kimi, Azərbaycan müstəqilliyinin 25 illiyi dövründə böyük inkişaf yolu keçib. Bu günün nəticələrini əldə rəhbər tutaraq, əminliklə deyə bilərik ki, ölkəmiz inkişafının "qızıl dövrünü" yaşayır. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova "Sputnik Azerbaydjan" üçün müsahibəsində dediti kimi, 25 il böyük müddətdir: "Bu müddət uğurlar, uğursuzluqlar, itirilmiş imkanlar barədə danışmağa əsas verir. Lakin bütövlükdə, bu illər ərzində Azərbaycan çox böyük inkişaf, təşəkkül yolu keçib. Bu gün Azərbaycan, sözün tam mənasında, müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünyəvi, çoxmillətli, çoxkonfessiyalı, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, qonşuları ilə yaxşı, mehriban münasibətlərə malik, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir. Yəni dövlətçiliyin inkişafı, təşəkkülü, möhkəmləndirilməsi üzrə başlıca vəzifələr, əsasən, yerinə yetirilib və qarşımızda gələcək inkişaf üçün çox yaxşı perspektivlər açılıb. Ona görə ki, həm iqtisadi sahədə, həm də sosial məsələlərin həlli istiqamətində artıq həyata keçirilmiş və hələ həyata keçiriləcək proqramlar çoxdur. İqtisadi sahədə uğurlar barədə çox danışmaq olar. Bir faktı diqqətə çatdıraq: Davos Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada otuz yeddinci yerdədir. Bu, MDB-də birinci yer və beynəlxalq arenada yetərincə ciddi yerdir. Buna görə də bizim qarşımızda üfüqlər açılıb, biz inamla irəliləyirik və əminəm ki, növbəti iyirmi beş il də sürətli inkişaf illəri olacaq".
"Səs" Analitik Qrupu