PDF Oxu

Sosial

  • 160

Bilik Fondu rusiyalı alim Oleq Kuznetsovun İsmayıllıda mühazirəsini təşkil edib

Bilik Fondu rusiyalı alim Oleq Kuznetsovun İsmayıllıda mühazirəsini təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə V Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı rusiyalı tarixçi və siyasi analitik, hüquqşünas Oleq Yureviç Kuznetsovun İsmayıllıda yerli əhali ilə görüşü keçirilib.

İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülər Baxışova, Bilik Fondunun yerli nümayəndəsi 5 nömrəli orta məktəbin direktoru Elçin Məmmədov, 1 nömrəli orta məktəbin direktoru Gündüz Qədirov, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, məktəblilər və yerli ziyalıların nümayəndələri iştirak ediblər.

İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşən qonaq sonra rusların kompakt halında yaşadıqları İvanovka kəndinə yola düşüb. Hər iki tədbirdə tarixçi-alim iştirakçılara beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı apardığı araşdırmalar barədə danışıb. Professor bildirib ki, o, uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlama səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq edib, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edərək, hadisələrin real təsvirini yaratmağa nail olub.

İvanovka kənd məktəbinin direktoru Mixail Uryupin professorun "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" adlı əsərinin tarix elminə töhfə verdiyini və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu olduğunu vurğulayıb.

Daha sonra O.Y. Kuznetsov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. 160-dan çox elmi işin, o cümlədən, 8 monoqrafiyanın, ali məktəb üçün 3 dərs vəsaitinin müəllifi olan O.Kuznetsovun bir çox əsərləri ingilis, alman, fransız, türk və Azərbaycan dillərinə tərcümə olunub. O.Kuznetsov həm də Rusiyanın, Qafqazın, Şərqi Avropanın orta əsrlər dövrünün tarixi, coğrafiyası üzrə mütəxəssisdir, hüquq müdafiəsi sahəsində də geniş fəaliyyət dairəsinə malikdir. Hazırda Moskva və Tulanın ali təhsil ocaqlarında elmi-araşdırıcılıq fəaliyyətilə məşğuldur.

NƏZAKƏT

Digər xəbərlər